Rusiyanın ürək bulandıran qarın ağrısı nədir?

Rusiyanın 1-ci kanalından sonra “Komsomolskaya Pravda” qəzetində, dünən də Rossiya-24 kanalında eyni tezislərlə çıxış ediblər. Rus jurnalistlər danışır, erməni ekspertləri danışdırır, Ermənistandakı revanşistləri qızışdırmağa çalışırlar. Aydındır ki, Kremldən tapşırıq gəlməsə, bu KİV-lər xor şəklində eyni ifanı oxumazlar.

Tezis təxminən belədir ki, Paşinyan Qarabağın Azərbaycan ərazisi olmasını tanıyacaq, Qarabağın statusu unudulacaq, Vaşinqton və Brüssel vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalanacaq, Zəngəzur dəhlizi açılacaq, buna qətiyyən imkan vermək olmaz, Rusiyasız Ermənistan Qarabağı birdəfəlik itirəcək.

Öz qarın ağrılarını da belə əsaslandırırlar ki, belə olsa, Qarabağdan “sülhməramlı” rus qoşunları çıxarıla bilər, Ermənistandan Gümridəki rus hərbi hissəsi və Ermənistan da KTMT-dən çıxa bilər.

Bu plana qarşı çıxmaqlarını da belə əsaslandırırlar ki, Rusiya olmadan bu bölgədə sülh ola bilməz, burada sülhü yaradan Rusiya imiş. (bişmiş toyuğun gülməyi gəlir)

Belə yerdə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin bir müsahibəsi yada düşür. H.Hacıyev rayonlardan birindəki süni mayalandırma mərkəzində iş görülməməsi barədə danışanda “oranın direktoru heç yanında bir kadın var, onu mayalandırıf bir uşaq əmələ gətirəmmiyif” demişdi.

İndi Rusiya heç öz qonşusu Ukrayna ilə sülh yarada bilmir, bütün dünyada işğalçı, cinayətkar, başqalarının ərazilərini zorla ilhaq edən, mülki insanlara qarşı atəş açan kimi tanınır, amma ABŞ və Avropa İttifaqı tərəfindən irəli sürülən, Ermənistan və Azərbaycanın qəbul etməyə hazırlaşdıqları sülh planına burun soxur.

Adama deyərlər, bütün dünya Qarabağı Azərbaycan ərazisi kimi qəbul edir, Paşinyan hakimiyyəti də bunu qəbul edərək sülh müqaviləsi imzalayırsa, sən buna etiraz etməklə nə demək istəyirsən? Qarabağı Azərbaycan ərazisi kimi tanımırsan? Belədirsə, necə “sülhməramlı” ola bilərsən regionda?

Rus qoşunlarının Azərbaycan ərazisinə yerləşdirilməsi böyük səhv idi. 5 illik müddətdən əvvəl çıxarıla bilsə, nə əla. Çıxmasa, 5 illik müddət tamam olanda çıxması üçün Azərbaycan və Ermənistan bir nöqtəyə vurmalıdır.

Bəxtiyar Hacıyev, İctimai fəal

Facebook Comments