Şuşa səfəri: Bu, yuxu deyil – Reportaj

Torpaqlarımız ermənilər tərəfindən işğal edildikdən 10 il sonra dünyaya gəlmişəm.

Böyüdükcə evimizdə ən çox eşitdiyim Qarabağ, Şuşa sözləri olub. Bəlkə də bunun əsas səbəbi valideynlərimin, doğmalarımın əslən Qarabağdan olması idi. Zaman keçdikcə müqəddəs torpaqlarımız haqqında kitablardan, dərsliklərdən oxudum, internetdən şəkillərinə baxdım. Ona görə də ən böyük arzularımdan biri, illərlə doğmalarımın da həsrətində olduğu müqəddəs torpaqlarımıza, ata-baba yurdumuza ziyarət etmək olub.

Qarabağımızın tacı, mədəniyyəti paytaxtımız olan Şuşaya ilk səfərim reallaşdı.

Açığı, hələ səfərimizə bir gün qalmışdan çox həyəcanlı idim. Bu həyəcanı sözlə belə ifadə etmək çox çətindi.

Səhər saat 07:00 da atamla Bakı Beynəlxalq Avtovağzalından qeydiyyatdan keçib Bakı-Şuşa avtobusuna əyləşdik. Yol boyu hələ də bunun bir yuxu, xəyal olduğunu düşünürdüm. Bir neçə saatdan sonra “Zəfər yolu”na çatdıq. “Zəfər yolu” əsgərlərimizin cığır açdığı, bizi Böyük Zəfərə, Şuşaya aparan yoldur.

“Şuşa-70 km” tablosunu görəndə artıq bunun bir yuxu, xəyal yox real olduğunu dərk etdim, həyəcanım daha da artmağa başladı.

Qarabağ torpağına ilk dəfə idi ayağım dəyirdi. Füzulidən “Zəfər yolu” ilə Şuşaya gedirik. Yol kənarında erməni vandalları tərəfindən dağıdılmış, viran qalmış kəndlərimizi, evlərimizi , xarabalıqları gördükcə adam dəhşətə gəlir, bir daha erməni vəhşiliyinin şahidi oluruq.

Amma avtobus yoluna davam etdikcə, Qarabağımızın füsunkar, unikal gözəlliyi, təbiəti, dağların qoynunda yam-yaşıl meşəlikləri, sıldırım qayaları göz oxşayır, baxdıqca doymaq olmur. Yol boyu ötüb keçdikcə bu yerlərlə, kəndlərimizlə bağlı atam mənə ətraflı məlumat verir.

Sərt enişli-yoxuşlu yollarla artıq Şuşaya yaxınlaşırıq. Qəhrəman əsgər və zabitlərimizin fəth etdiyi, Zəfərimizin rəmzi Şuşaya. Bəli, Şuşa! Allah mənə belə bir şans verdiyi üçün çox xoşbəxtəm. Bir daha canı və qanı ilə torpaqlarımızı işğaldan azad edən qəhrəman şəhidlərimizi qürur hissi ilə xatırladım. Allah Qazilərimizi, Əsgər və Zabitlərimizi qorusun! Şuşa elə deyildiyi kimi bir şəhərdi. 30 il erməni işğalı altında qalsa da, dağıdılıb viran qoyulsada, bir vaxtlar “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan, bir sıra görkəmli xadimlərin vətəni, eləcə də Azərbaycanın tarixi mədəniyyət mərkəzi yenə də öz əzəmətini, qürurunu qoruyub saxlayıb.

Şuşa şəhərinə girər-girməz vaxtı ilə bu şəhərdə təhsil almış nənəmə, uşaqlıq-gənclik illərini Şuşada keçirmiş, işğala qədər hər yay Şuşaya istirahətə gələn babama zəng elədim.

Çox təsirləndilər, məndən küçələri keçdikcə şəkillər, video çəkməyi, bir də Şuşadan su gətirməyimi istədilər. Babam dedi ki, elə bilərəm ki, özüm şəxsən Şuşaya getmişəm.

Şuşanın səssiz küçələrini keçərək Şuşanın ən məşhur, tarixi məkanı olan və qeyri-adi, əsrarəngizliyi ilə seçilən Cıdır düzünü ziyarət etdik. Şuşaya kim gəlsə, birinci ora gedir.

Bu məkanda həm də Şuşanın azadlığı uğrunda döyüşən şəhidlərimizin qanı, izi qaldığı üçün müqəddəs məkandı.

Sonra isə yenidən qurulmuş dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Üzeyir Hacıbəylinin, Bülbül və Natavanın güllələnmiş büstlərini ziyarət etdik. Mən bir daha əmin oldum ki, ermənilər nə qədər tarixi, dini abidələrimizi məhv etsə də, yenə tariximizi və dəyərlərimizi məhv edə bilməyiblər.

Şuşanın ən tarixi yerlərindən biri də memarlığımızın incilərindən olan, Şuşa qalasıdı. Şuşa qalasını ziyarət edib, Şuşanın unikal bulaqlarından olan Nətavan bulağından su içib təyin olunmuş vaxtda Bakıya dönmək üçün avtobusa gəldik.

Azad Şuşamızı tərk etmək nə qədər çətin olsa da yenidən görüşmək ümidi ilə Şuşa ilə sağollaşırıq.

Salamat qal, Şuşa!

Biz yenə görüşəcəyik…  (yenisabah)

Həcər ƏMİRASLANLI

Bakı-Şuşa-Bakı

Facebook Comments