Bakıda “MAN”la 2 nəfəri ödürən sürücü: “Axşamdan içmişdim, sükan arxasında yatdım”

Bakıda ağır yol qəzası qəza törədərək 2 nəfərin ölümündə təqsiləndirilən Səbuhi Şəfiyevin məhkəmə ifadəsi məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

Səbuhi Şəfiyev ifadəsində göstərib ki, 21 mart 2022-ci il tarixdə saat 10:20 radələrində sürücü işlədiyi “MAN” markalı, 99-JA-796 dövlət qeydiyyat nişanlı yanacaq daşıyan yük avtomobili ilə Qaradağ rayonundan şəhər istiqamətinə gələrkən, Bakı-Kənar Dairəvi yolunun 12-ci km-də sol zolaqda maşını avtopilota qoyub, 67 km/saat sürətlə hərəkətdə olub:

“Bu zaman bir anda sükan arxasında yuxuladım. Bir də onu gördüm ki, məni dərədən çıxarırlar. Orada bildim ki, idarə etdiyim avtomobil əks yola çıxıb qarşıdan əks istiqamətdə öz yolu ilə hərəkət edən maşınla toqquşub, sonra nəqliyyat vasitəm çökəkliyə aşıb.

Mən hadisə baş verən gün saat 10 radələrinldə Sanqaçaldan 1700 ton premium benzin doldurub Bakı səhərinə gətirirdim. 20 mart 2022-ci il tarixdə gecə saat 23 radələrində evdə 500 qram araq içmişdim. Hadisə vaxtı yorğun idim, ani anda özümdən asılı olmayaraq yuxuladım. Avtomobilim texniki cəhətdən saz vəziyyətdə idi”.

Proses iştirakçılarının suallarına cavab olaraq təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, hadisənin anidən yuxulamağı nəticəsində baş verdiyini, axşam evdə olarkən içki içdiyini və səhər də işə çıxdığını söyləyib.

O, hazırda zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışdığını, ailəsinin və yaxın qohumlarının onlara maddi köməklik göstərdiklərini, əməlindən peşman olduğunu məhkəməyə söyləyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səbuhi Şəfiyevə hökm oxunub və o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Hadisə bu ilin martin 21-də Qaradağ rayonunda baş verib.

Belə ki, Səbuhi Şəfiyevin idarə etdiyi “MAN” markalı, 99-JA-796 dövlət qeydiyyat nişanlı yanacaq daşıyan yük avtomobili hərəkətdə olan zaman yoldan çıxaraq qarşı tərəfdəki zolağa çıxıb. Bu zaman yük avtomobili “Mercedes” markalı, 50-EK-610 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşub. Nəticədə “Mercedes”in sürücüsü, 1987-ci il təvvəllüdlü Almazov Musa Həsənxan oğlu və sərnişini, 1996-cı il təvəllüdlü Əsgərli Mehdi Şükür oğlu hadisə yerində ölüb.

Səbuhi Şəfiyevin dediyinə görə, hadisə zamanı sərxoş olub. O, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Səbuhi Şəfiyevə qarşı Cinayət Məcəlləsinin 263-1.4-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma) maddəsi ilə ittiham irəli sürülüb.

Facebook Comments