Vüqar Quliyev: “Ölkədə turizm bərbad vəziyyətdədir, Agentlik heç bir iş görmür”

“Quru sərhədlərin bağlı olması problem deyil. Xarici turist Azərbaycana təyyarə bileti də alıb gələ bilir. Dollarla, avro ilə hesablayanda biletlər o qədər də baha deyil. “Buta”dan ən azından 1 ay sonraya 200 AZN-ə bilet almaq olur. Bu da 100-110 avro edir. Bu, xarici vətəndaş üçün ciddi bir məbləğ deyil. Məsələ burasındadır ki, Azərbaycan Turizm Agentliyi düzgün işləmir. Ölkədə turizmlə bağlı çox problem var. Təəssüf ki, Gürcüstanda olan turizm keyfiyyəti Azərbaycanda yoxdur. Orada turist əlindən addım atmaq olmur, Kutaisi kimi kənar rayonlarda restoranda yer tapmaq mümkün deyil. Azərbaycanda isə turizm sektoru çox bərbad vəziyyətdədir”.

Sozcu.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında turizm üzrə mütəxəssis Vüqar Quliyev deyib.

O bildirib ki, quru sərhədlərin bağlı olmasını bəhanə etmək lazım deyil: “Sərhəd açılanda insanların çoxu Türkiyə və Gürcüstana üz tutur. Xaricilər isə Azərbaycana gələndə çox keyfiyyətsiz xidmətlə qarşılaşırlar. Birincisi, nəzarət yoxdur, qiymətlər çox fərqlidir, bəzi turistlər bu sarıdan problem yaşayır. İkincisi, otelləri yoxlamadan pul alıb, ulduz verirlər. Dünya ölkələrindən fərqli olaraq, bizdə könüllü şəkildə bələdçilik etmək istəyənlərə şərait yaradılmır. Turizm Assosiasiyası bələdçidən sertifikat üçün ayda 100 manat alır. Bir növ rüşvət kimi… İstedadlı, savadlı, ölkə tarixini bilən bələdçilər var, amma şərait yaradılmır. Çalışmalıyıq ki, bələdçi seçimində daha çox tarixçilərə üstünlük verilsin, çünki bu cür bələdçilər tursitlərə tarixi yerlər barədə məlumat verə bilirlər. Turizm Agentliyi tərəfindən bələdçilərin yetişdirilməsi, öyrədilməsi üçün heç bir kurs təşkil edilmir. Ölkədaxili turlar təşkil edən şirkətlərin dil qabiliyyətlərinə də nəzarət etməlidir, normal iş görmək istəyən şirkətlərə güzəştlər olunmalıdır”.

V.Quliyev deyib ki, ölkəmizdə turizmin hər sahəsində problem mövcuddur: “Otellərdə, restoranlarda, turistik məkanlarda… Məsələn, Cənub zonasında Sivəkəran şəlaləsi var. Ora normal yol belə çəkilməyib. Hər an insan ölümü baş verə bilər. Paslı, köhnə körpülər qalıb. Heç kim turistə nəzarət etmir. Astaranın Sım kəndi ölkənin ən gözəl turistik yerlərindən biridir. Sımın çox gözəl təbiəti var. O kənddə bir nəfər belə koronavirusa yoluxmayıb. Bu qədər gözəl turistik yerin normal yolu yoxdur. Sıldırım qayalıqdır. Lahıca gedirsən, orda da problemlə üzləşirsən. Bir sözlə, turistik yerlərdə nəzarət sıfır səviyyəsindədir. Qəbələdə restorana gələn xarici turistə şişirdilmiş qiymət deyirlər. Turist isə Bakı ilə müqayisədə görür ki, qiymət Qəbələdə bahadır, aldadıldığını başa düşür. Bu isə Azərbaycan haqqında yanlış məlumat yaradır. Bunun günahı birbaşa Turizm Agentliyindədir. Kiçik turizm şirkətlərini düzgün məlumatlandırmaq, onlara lisenziyaları düzgün şəkildə təyin etmək, sığortalamaq lazımdır. Gürcüstanda turizm şirkətlərinə çox böyük dəstək var. Azərbaycanda isə bunu görmürük. Turla bölgələrə gedən turist restorandan narazı qalırsa, ya da turizm şirkəti ilə problem yaşayırsa, şikayətini deməyə yer tapmır. Şikayət etsə belə, ortada heç bir nəticə olmur. Turisti görüb avtomatik qiyməti qaldırırlar, ancaq çox məkanda kondisioner işləmir. Turist də narazı qalır. Yadınızdadırsa, hindistanlı turist Hava Limanından Bakının mərkəzinə taksi ilə 800 manata gəlmişdi. Belə şeylərə də Agentlik nəzarət etməlidir. Məsələn, xarici turistlərin ən çox getdiyi Qaxda Yeddi kilsə monastr kompleksi, Şamaxıda Kələxana türbələri uçub dağılır, baxan yoxdur. Zaqatalanın düz mərkəzində rus kilsəsi var. Kilsənin içini tualetə çeviriblər. Xarici qonaqlardan utanırıq. Biz onlara başa salırıq ki, Azərbaycanda hər dinə hörmətimiz var, anacaq bunu kənar şəxslər ediblər. Belə hallar yaşanmaması üçün turistik yerlərdə nəzarət olmalıdır. Cənab Prezident deyir ki, qeyri-neft sektorunu inkişaf etdirməliyik. Turizm sahəsində işləyə bilmirlərsə, çıxsınlar, işi bilənlər gəlib turizmin inkişafına təkan versinlər. Türkiyə, İspaniya, Yunanıstan, İtaliya, İspaniya kimi ölkələrin əksəriyyətinin gəlirinin çox hissəsi turizmin hesabınadır”.

Vüqar Quliyev vurğulayıb ki, Turzim Agentliyi çox iş görməlidir: “Türkiyə turistləri cəlb etmək üçün xaricdə reklamalara başlayıb. Bizdə bu varmı? Turizm Agentliyi ölkəyə turist axınını gücləndirmək üçün layihələr irəli sürməlidir. Belə halda dövlət tərəfindən də maliyyə ayrılacaq. “Maliyyəmiz yoxdur” deməyə haqları yoxdur. Çünki ölkədə turistik yerlər yetərincədir. İnsanların getmək istədiyi, dünyada olmayan maraqlı yerlər var. Məsələn, “Ulduz” bədii filmindəki Astaranın Ərçivan kəndində yerləşən ləm xarici tursitləri də cəlb edir. Lakin ləm uçuq vəziyyətdədir. Ordakı kirəmitlər hər an hansısa turistin üstünə düşüb təhlükə yarada bilər. Bura etmək üçün mütləq kimsə ölməlidir? Bizdə turist üçün normal elektron bələdçi də yoxdur. Ortada nə iş var, nə də nəticə. Xarici turistlərin ən çox narazılıq etdikləri məsələlərdən biri “Google”dan avtobuslar haqqında məlumatların yığışdırılmasıdır. Bu da bir tərəfdən problem yaradır. Ölkəyə gəlməyə can atan turisti belə şeylərlə soyudurlar. Sərhədlərin bağlı olmasını şişirtməkdənsə, Agentlik iş səviyyəsini qaldırmalıdır”.

Facebook Comments