Türkiyə nə qazandı?

“Tayyib Ərdoğan Türkiyə Cümhuriyyətinin başında olduğu zaman terrora dəstək verən ölkələrin NATO-ya daxil olmasına qətiliklə “hə” deməyəcəyik” açıqlamasından 29 gün sonra Ankara mövqeyini dəyişərək Finlandiya və İsveçin Alyansa daxil olmasına razılıq razılıq verdi. Mövqe dəyişikliyi isə Türkiyə, Finlandiya və İsveç arasında üçtərəfli birgə memorandumun imzalanmasından sonra baş verdi.
İmzalanan sənədin mətninə keçməzdən öncə qeyd edim ki, memorandum bir qayda olaraq birbaşa hüquqi öhdəliklər doğurmayan çoxtərəfli əməkdaşlığı həyata keçirmək üçün istifadə olunan siyasi aktdır. Bunu memorandumun mətnindən aydın görmək olur. Məslən, İsveç və Finlandiya Türkiyənin terrorçuluqda şübhəli hesab etdiyi şəxslərin ekstradisiyası ilə bağlı müraciətlərinə sübut və kəşfiyyat məlumatlarını nəzərə alaraq baxmağı öhdəsinə götürüblər. Türkiyə terrorçuluqda ittiham etdiyi şəxslərin əməllərini sübut etməlidir. Əks halda memorandumun faydası olmayacaq. Necə ki, Almaniya 2007-2016-cı illərdə Türkiyənin terror təşkilatı kimi tanıdğı PKK, DHKP-C (DevSol) və TKP/ML təşkilatlarının üzvlərinin daxil olduğu 143 nəfərin ekstradisiyanı tələb etsə də, Almaniya məhkəmələri cəmi 28 nəfərlə bağlı tələbi haqlı sayıb. 115 nəfərlə bağlı Türkiyənin ekstradisiya tələbini rədd edib. İsveç və Finlandiya qanunun aliliyinin təmin olunduğu, məhkəmələrin müstəqil olduğu ölkələrdir. Məhkəmələr razılıq verməsə, hökumət heç kimi təhvil verə bilməz. Hər iki ölkə terror cinayətləri ilə bağlı qanunu sərtləşdirmək, NATO müttəfiqləri qarşısında öhdəliklərinə və Alyans üzvü statusuna uyğunlaşdırmaq, PKK-nın hər hansı maliyyələşdirilməsi və adam toplanması fəaliyyətini araşdırmağa və dayandırmağa söz verilib. Türkiyə, Finlandiya və İsveç təsdiq ediblər ki, hazırda onlar arasında heç bir milli silah embarqosu yoxdur. Yəni, yerli səviyyədə qadağalar olmayacaq. Beynəlxalq və regional təşkilatların tətbiq etdiyi və ya edəcəyi embarqolarlarla bağlı məsələ memorandumda yoxdur.

Finlandiya və İsveç məsələsindən istifadə edib ABŞ-dan F-16-lar almasına gəlincə isə, hələ aprel ayının 6-da Dövlət Departamenti F-16-ların Türkiyəyə satılmasına icazə vermək üçün Konqresə məktub göndərmişdi. May ayının 11-də isə prezident Co Bayden Konqressin hər iki palatasının rəhbərlərinə və hər iki partiyanın liderlərinə məktub göndərərək F-16-ların Türkiyəyə satılmasına yardım etməyi xahiş etmişdi. Bütün bunlar Türkiyə Finlandiya və İsveçin NATO-ya qoşulmasına veto qoymazdan öncə baş verib. İndi Türkiyənin mövqeyini dəyişməsi müqabilində ABŞ- dan F-16 -ların alınması ilə bağlı razılıq da alması haqqında iddia həqiqətə uyğun deyil. Əksinə, Konqressin Türkiyəyə F-16-ların satılmasına izin verəcəyi şübhə altına düşdü.

Türkiyənin mayın 16-dan iyunun 28-dək tutduğu mövqe Ankaranın Qərbdə imicinə çox zədələdi. CNN və Fox News başda olmaqla Qərbin nəhəng media orqanlarında Türkiyə sərt tənqid edərək Türkiyəni Rusiyanın NATO daxilində gizli silahı, NATO-nun xəstə üzvü, Ərdoğanı Putinin faydalı dostu (bunun xüsusi anlamı var) adlandırdılar. Türkiyənin bu addımı Azərbycan üçün nümunə olmamalıdır. Çünki, zorən müttəfiqlik olmur.

Xəqani Cəfərli, politoloq

Facebook Comments