“Hökumət məni öldürmək istəyir”- Nərgiz Məhəmmədi xəbərdarlıq etdi

Qərçək zindanında saxlanılan əslən Zəngan şəhərindən olan tanınmış hüquq müdafiəçisi, İran İnsan Haqları Birliyinin sədr müavini, siyasi məhbus Nərgiz Məhəmmədi zindanın təhlükəsizlik və mühafizə xidmətinin ona məxsus dərmanları müsadirə etdiyini deyib.

O, vacib olan ürək və ağciyər dərmanlarının müsadirə edilməsini hökumətin ona qarşı sui-qəsdi kimi qiymətləndirib.

“Ürək döyüntüləri və tənəffüs problemlərinə görə müayinə olunduqdan sonra həkim ürək və ağciyər üçün vacib dərmanlar yazıb və vaxtında istifadəsini tapışırmasına baxmayaraq, zindanın təhlükəsizlik və mühafizə xidməti onları mənə verməkdən imtina edir”-deyə, N.Məhəmmədi bildirib.

Güneyli hüquq müdafiəçisi, İran hökumətinin onu da, onuda Hoda Sabir və Abtin Bəktaş kimi aradan götürməyə çalışdığı barədə xəbərdarlıq edib.

Qeyd edək ki, zənganlı jurnalist və hüquq müdafiəçisi Nərgiz Məhəmmədi yanvarın 15-də Tehranın İnqilab Məhkəməsinin 26-cı bölməsinin çıxardığı qərara görə 8 il həbs cəzası və 70 şallaq zərbəsinə məhkum edilib.

Əslən Güney Azərbaycanın Zəncan şəhərindən olan və iki uşaq anası olan Nərgiz Məhəmmədi bundan əvvəl insan hüquqlarının müdafiəsi ilə bağlı apardığı dinc fəaliyyətinə görə dəfələrlə həbsə salınıb.

Rejim məmurları tərəfindən mütəmadi olaraq, təhdid edilib, təzyiqlərə məruz qalıb.

Facebook Comments