Rafael Cəbrayılovun qardaşı ilə bağlı qərar verildi

Həbsdə vəfat edən sabiq deputat Rafael Cəbrayılovun barəsində olan cinayət işi ilə bağlı qardaşı Elşən Cəbrayılov məsuliyyətə cəlb oluna bilər.

Rafael Cəbrayılovun hüquqi varisi kimi tanınmış həyat yoldaşı Aida Cəbrayılova və zərərçəkmiş şəxslər Elşən Cəbrayılovun cinayət məsuliyyətinə cəlb olunması tələbi ilə məhkəməyə müraciət ediblər.

Rafael Cəbrayılovun hüquqi varisinin vəkili Vüqar Kazımov APA-ya bildirib ki, mərhum sabiq deputat cinayət əməlini tək törətməyib. Maliyyə vəsaitlərinin mənimsənilməsində Elşən Cəbrayılıovun rolu olması kifayət qədər yoxlanılmayıb. Elşən Cəbrayılovun cinayət məsuliyyətinə cəlb olunmaması ilə bağlı həm müdafiə etdiyi şəxs, həm də zərərçəkmiş şəxslər Binəqədi Rayon Məhkəməsinə şikayət etsələr də, şikayətləri təmin olunmayıb.

Bir gün əvvəl isə Bakı Apellyasiya Məhkəməsi vəkillərin şikayətini əsaslı hesab edərək Binəqədi Rayon Məhkəməsinin qərarını ləğv edib. Şikayət yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılıb.

Qeyd edək ki, Elşən Cəbrayılov hazırda başqa bir cinayət işi ilə bağlı şübhəli şəxs kimi həbsdədir.

Xatırladaq ki, Milli Məclisin III, IV və V çağırışları üzrə deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlu bir neçə nəfərə qarşı külli miqdarda dələduzluqda ittiham olunub.

İş üzrə toplanmış sübutlar əsasında Rafael Cəbrayılova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə- ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham verilib.

R. Cəbrayılov məhkəmə istintaqı gedişində koronavirusdan vəfat edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rafael Cəbrayılovun cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.APA

Facebook Comments