Putin “Azərbaycan faktiki rusdilli dövlətdir” deməklə yenidən imperiya təfəkkürünü ortaya qoyub

Rusiya Prezidenti Vladimir Putin “Azərbaycan faktiki rusdilli dövlətdir” deməklə yenidən imperiya təfəkkürünü ortaya qoyub. Bu, Kreml sahibinin dəyişməz yanaşmasıdır. Sozcu.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. “Putin niyə eyni sözləri heç vaxt Ermənistan və Gürcüstan haqda deməyib? Bu haqda ciddi düşünməli və gərəkli nəticələr çıxarmalıyıq”, - politoloq vurğulayıb.

Ukrayna Pokrovskda qaz kəmərlərini minaladı

Ukrayna ordusu Pokrovskda rus hərbçilərinin yeraltı yollardan keçməsinin qarşısını almaq üçün kanalizasiya borularını tullantı suları ilə doldurmağa başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiyanın “Maş” Teleqram kanalı məlumat yayıb. Bildirilib ki, 2024-cü ilin dekabr ayından Pokrovskun qaz təchizatı kəsilib, kanalizasiya sisteminə xidmət göstərilmir. Buna görə də Ukrayna hərbçiləri keçidləri tullantılarla doldurmağa, qaz kəmərini minalamağa başlayıb. Qeyd edək ki, artıq Rusiya hərbçiləri borulardan istifadə edərək bir neçə yaşayış məntəqəsinə sıza biliblər.

Mingəçevirdə zirzəmidə körpə tapıldı

Mingəçevir şəhərində zirzəmidə köməksiz vəziyyətdə tapılan körpə ilə əlaqədar ərazi üzrə polis orqanında təhqiqat araşdırmaları aparılır. Sozcu.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib. Qeyd olunub ki, azyaşlının həmin yerdən götürülərək polis əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilməsi təmin olunub və hazırda müayinəsi aparılır. Həmçinin körpənin yaxınlarının müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.

Sabahın hava proqnozu açıqlandı

Oktyabrın 13-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə az çiskinli olacağı, axşam isə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-18, gündüz 20-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 60-65 % təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Axşam yağıntılar əksər rayonlarda tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 20-25, dağlarda gecə 1-5, gündüz 5-10 dərəcə isti olacaq.

ABŞ-ın müdhiş yardımı: Ukrayna NEZ-ləri belə vururmuş

ABŞ artıq bir neçə aydır Ukraynaya Rusiyanın enerji infrastrukturlarına uzaqmənzilli zərbələr endirməsində köməklik göstərir. Sozcu.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” rəsmi mənbələrə istinadla yazıb. Məlumata görə, bu addımlar Rusiya iqtisadiyyatını zəiflətmək və Prezident Vladimir Putini danışıqlara məcbur etmək məqsədi daşıyan koordinasiya olunmuş səylər çərçivəsində atılır. Ukraynalı və amerikalı rəsmilərin sözlərinə görə, ABŞ kəşfiyyatının Kiyevlə paylaşdığı məlumatlar Ukraynaya cəbhə xəttindən xeyli uzaqda yerləşən strateji enerji obyektlərinə, o cümlədən neft emalı zavodlarına zərbələr endirməyə imkan verib: “ABŞ kəşfiyyatı Ukraynaya PUA-ların Rusiyanın hava hücumundan müdafiə sistemlərindən yayınması üçün zərbə marşrutu, hündürlüyü və vaxtı kimi detallarda dəstək verir. Vaşinqton planlaşdırmanın bütün mərhələlərində birbaşa iştirak edir. Uzaqmənzilli zərbələrin hədəflərini Ukrayna seçir, ABŞ isə bu obyektlərin zəif tərəfləri ilə bağlı kəşfiyyat məlumatı təqdim edir. Bundan əlavə, Vaşinqton Rusiyanın daxilində prioritet hədəfləri də müəyyən edir”.

"Axios": Tramp və Zelenski "Tomaqavk" raketlərinin tədarükünü müzakirə ediblər

ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski telefon danışığında "Tomaqavk" qanadlı raketlərinin Kiyevə ötürülməsi imkanını müzakirə ediblər. "Report" xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb. Mənbələrinin bildirdiyinə görə, Tramp və Zelenski şənbə günü əvvəllər Ukraynanın uzaqmənzilli "Tomaqavk" raketləri alması ehtimalını müzakirə ediblər. Nəşr Amerika tərəfinin bununla bağlı hər hansı yekun qərar verib-vermədiyi barədə yazmayıb. Mənbə qeyd edib ki, söhbət təxminən 30 dəqiqə davam edib.

Bakıda binada yanğın

Bakı şəhərinin Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 76 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə yanıb. Sozcu.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ordumuz bu ölkələrlə birgə təlimlərə qoşulacaq

Özbəkistanın Səmərqənd vilayətində keçiriləcək "Birlik - 2025" birgə regional təlimində iştirak edəcək Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu bu ölkəyə yola düşüb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirib. Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan respublikalarından komando və PUA heyətlərinin iştirak edəcəyi birgə regional təlimin məqsədi iştirakçı ölkələrin hərbi qulluqçularının antiterror əməliyyatlarında peşəkarlıqlarının daha da artırılması, regionda dayanıqlı sülhün qorunması və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır. "Birlik - 2025" birgə regional təlimi oktyabrın 21-dək davam edəcək.

Trampa bu hücumlar barədə məlumat verdim - Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski və amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı baş tutub. Sozcu.az xəbər verir ki, bu barədə V.Zelenski sosial media hesabında paylaşım edib. O, Tramp ilə telefon danışığını müsbət və məhsuldar adlandırıb: "ABŞ liderini əldə etdiyi uğurlara, həmçinin Yaxın Şərqdə nail olduğu razılaşmaya görə təbrik etdim. Bu, mühüm nailiyyətdir. Əgər bir regionda müharibəni dayandırmaq mümkündürsə, deməli, digər münaqişələrin - o cümlədən Rusiyanın başladığı müharibənin də dayandırılması mümkündür. Mən Trampa Rusiyanın Ukraynanın enerji sisteminə hücumları barədə məlumat verdim və onun bizə dəstək göstərmək istəyi üçün təşəkkür etdim. Biz hava hücumundan müdafiə sistemimizi gücləndirmək imkanlarını və bu istiqamətdə konkret razılaşmaları müzakirə etdik. Ukraynanı daha da gücləndirmək üçün yaxşı variantlar və real ideyalar var. Rusiyanın sülh danışıqlarına həqiqətən hazır olması üçün güclü təzyiq lazım olacaq. Təşəkkür edirəm, cənab Prezident".

Türkiyə XİN-dən Suriya açıqlaması: Kritik görüş...

Oktyabrın 12-də Ankarada Türkiyə və Suriya nümayəndə heyətləri arasında görüş keçiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüşdə təhlükəsizlik sahəsində əməkdaşlıq və aktual regional məsələlər müzakirə olunacaq. İclasda Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, Milli İstehbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, eləcə də Suriyanın müvafiq qurumlarının nümayəndələri iştirak edəcəklər.

ABŞ ordusu Fələstin anklavında yer almayacaq?

ABŞ qoşunları sülh sazişlərinin icrasına nəzarət etmək üçün birbaşa Fələstin anklavına yerləşdirilməyəcək. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının rəhbəri, admiral Bred Kuper X hesabında məlumat yayıb. “Komandanlığın nəzdində Mülki-Hərbi Əməkdaşlıq Mərkəzinin yaradılması istiqamətində görülən işlər barədə hesabat vermək üçün Qəzzadan yeni qayıtdım. Mərkəz münaqişədən sonrakı sabitliyin dəstəklənməsinə yönəlmiş fəaliyyətləri koordinasiya edəcək. Bu xüsusi səylər Qəzzada ABŞ qoşunlarının iştirakı olmadan həyata keçiriləcək", - deyə Kuper qeyd edib.

Azərbaycanda general qəfil vəfat etdi

Təqaüddə olan general-mayor Rasim Əliyev vəfat edib. Sozcu.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, general bu gün səhər qəfil dünyasını dəyişib. Qeyd edək ki, Rasim Əliyev son olaraq Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi-Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini olub. İkinci Qarabağ Müharibəsindən sonra yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Qaradağda vulkan püskürüb - İki nazirlikdən AÇIQLAMA - VİDEO

Fövqəladə Hallar Nazirliyinə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi istiqamətində palçıq vulkanının püskürməsi barədə daxil olmuş məlumat əsasında Nazirliyin Aviasiya dəstəsinin helikopteri vasitəsilə əraziyə baxış keçirilib. Sozcu.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb. "Baxış zamanı ərazidə alov müşahidə edilməyib, həmçinin ətraf yaşayış məntəqələri üçün hər hansı təhlükənin olmadığı müəyyən edilib. Məsələ ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən müvafiq işlər görülür", - məlumatda deyilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, oktyabrın 11-də saat 08:27-də Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin yüksək dağlıq ərazisində yerləşən palçıq vulkanında püskürmə hadisəsi qeydə alınıb. Hazırda nazirliyin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, ərazidə müvafiq müşahidələr aparılır.

Bakıda məşhur klinikada qadın əməliyyatdan sonra öldü

Bakıda özəl klinikada ölüm hadisəsi baş verib. Sozcu.az "Teleqraf"a istinadla xəbər verir ki, hadisə ötən gün axşam saatlarında "Premium Clinic"də qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Çimnaz Sahib qızı Bəşirova oktyabrın 7-də sözügedən klinikada əməliyyat olunub. Ötən gün isə klinikadan evə buraxılmalı olan qadının halı qəfil pisləşib və orada dünyasını dəyişib. Qadının ailəli olduğu bildirilir.

25 yaşlı oğlan faciəvi şəkildə həlak oldu - FOTO

Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az Unikal.az-a istinadən xəbər verir ki, hadisə ötən gün rayonun Qızılağac kəndində qeydə alınıb. Qızılağac kənd sakini, 2000-ci il təvəllüdlü Şamil Kərimovu avtomobil vuraraq öldürüb.  Faktla bağlı araşdırma aparılır.

Özünü müalicə aldığı xəstəxanadan yerə atdı, öldü...

Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Terapiya Şöbəsində xəstənin özünü ikinci mərtəbədən atdığı bildirilir. Məlumata görə, Köçvəli kənd sakini 1979-ci il təvəllüdlü N.Hacıyev terapiya şöbəsində xəstə kimi müalicə alırmış. Həmin şəxsə xəstəxanada dərman verilmədiyi üçün özünü ikinci mərtəbədən atdığı iddiia edilir. Sozcu.az xəbər verir ki, TƏBİB-dən Modern.az-a 07.10.2025-ci il tarixində 1979-cu il təvəllüdlü (kişi) şəxsin xəsarət almış vəziyyətdə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunduğu bildirilib. "İlkin müayinə zamanı xəstəyə “Sol dirsəyin əzilmiş, cızılmış yarası (S51.0)” diaqnozu təyin olunub. Pasiyentin müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam etdirilib. 06.10.2025-ci il tarixində aparılmış USM müayinəsi zamanı əlavə narahatlıqlar müşahidə edilib və xəstəyə müvafiq medikamentoz müalicə təyin olunub. Kompüter tomoqrafiyası (KT) müayinəsi nəticəsinə əsasən isə xəstəyə “Sol dirsək nahiyyəsinin sıyrılmış yarası, sol qasıq sümüyünün sirkə kasası səviyyəsində oynaq səthindən kənari yerdəyişməmiş sınığı” diaqnozu təyin olunub. Bu diaqnoza əsasən xəstə Cərrahiyyə şöbəsinə köçürülüb, xəstəlik tarixi açılaraq müalicəsi həkim nəzarəti altında davam etdirilib. 10.10.2025-ci il tarixində saat 00:15 radələrində stasionar müalicə aldığı Cərrahiyyə şöbəsinin 2-ci mərtəbəsinin pəncərəsindən qəfil özünü yerə atıb. Pasiyentə dərhal tibbi yardım göstərilib və “Qapalı kəllə-beyin travması, döş qəfəsi və qarın boşluğunun qapalı travması, aqonal vəziyyət” diaqnozu təyin olunub. Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 01:15 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb. Hadisə barədə dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib, polis və prokurorluq əməkdaşları hadisə yerinə gələrək zəruri prosessual tədbirləri həyata keçirilib", - rəsmi açıqlamada qeyd olunub.

Xırdalanda FACİƏ: kişi binadan yıxılıb öldü

Abşeronda kişi binadan yıxılıb. Sozcu.az-ın məlumatına görə, hadisə Xırdalan şəhərinin Ənnağı Bünyadov küçəsində qeydə alınıb. 48 yaşlı Şahmarov Seymur Hafiz oğlu səhər saat 9 radələrində qeyd edilən ünvandakı 6 mərtəbəli yaşayış binasının pəncərəsindən yerə yıxılıb. O, aldığı xəsarətlərdən yerindəcə keçinib. Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

Şıxlinski bu tarixədək həbsdə qalacaq

Yekaterinburqda yerləşən Sverdlovsk vilayət məhkəməsi Ural bölgəsindəki Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinskinin həbsdə qalması barədə qərarı qüvvədə saxlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Ura.ru saytı məlumat yayıb. Bildirilib ki, məhkəmə qapalı iclasda iş materiallarını araşdıraraq apellyasiya şikayətini təmin etmək üçün əsas görməyib. Nəticədə, Şıxlinski dekabrın 30-dək həbsdə qalacaq.axar.az)

Bakıda bu yol iki gün bağlı olacaq

Paytaxtın Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun yan yolunda (Məhəmməd Xiyabani küçəsindən Moskva prospektinədək olan hissə) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, 11 oktyabr saat 08:00-dan 12 oktyabr saat 24:00-dək Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun yan yolunda (Məhəmməd Xiyabani küçəsindən Moskva prospektinədək olan hissə) aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti avtomobil yolunun sözügedən hissəsində məhdudlaşdırılacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

"Sputnik"in icraçı direktoru azadlığa buraxıldı

Bakıda həbs edilən “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx sərbəst buraxılıb. Sozcu.az xəbər verir ki, bu barədə “Kommersant”a Putinin köməkçisi Yuri Uşakov deyib. O əlavə edib ki, Rusiya tərəfi də Rusiya ərazisində saxlanılan Azərbaycan vətəndaşlarından birini azad edib. Danışıqlar ilk növbədə prezidentlərin köməkçiləri səviyyəsində aparılıb. “Kommersant” yazır ki, Yuri Uşakov bilavasitə azərbaycanlı həmkarı Hikmət Hacıyevlə işləyib və bu barədə qərar Vladimir Putinlə İlham Əliyevin Düşənbədə keçirilən görüşü ərəfəsində verilib. *** “Sputnik Azərbaycan”ın baş redaktoru İqor Kartavıxın barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığına dəyişdirilib. O, hazırda Bakıdadır. Bu barədə “Rossiya Seqodnya” beynəlxalq media qrupunun baş direktoru Dmitri Kiselyov məlumat verib.

Rusiya Ağayevi azad etdi

Rusiyada həbs edilən Satira Teatrının sabiq direktoru Məmmədəli Ağayev azad edilib. Sozcu.az xəbər verir ki, bu barədə “Qafqaz bürosu” məlumat yayıb. “Dələduzluqda ittiham olunan Ağayev bir neçə gün əvvəl azad edilib, lakin bu barədə hələlik rəsmi məlumat yoxdur”, - məlumatda deyilib. Qeyd edək ki, bundan öncə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Rusiyada həbsdə olan bir azərbaycanlının da azad edildiyini bildirmişdi. Onun Ağayevi nəzərdə tutub-tutmadığı bəlli deyil.

ABŞ əsgərləri Qəzzada atəşkəsə nəzarət edəcək

Amerika qoşunları keçid dövründə İsrail və HƏMAS arasında atəşkəsə nəzarət etməyi planlaşdırır. Sozcu.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb. “Yaxın Şərqə cavabdeh olan Amerika hərbi komandanlığı sülh razılaşmasından sonra Qəzzada keçid dövründə rol oynayacaq, baxmayaraq ki, Amerika qoşunları Qəzza daxilində yerləşdirilməyəcək. ABŞ Mərkəzi Komandanlığının komandiri, admiral Bred Kuper Qəzzada beynəlxalq sabitlik qüvvələrinin yaradılması zamanı sülh sazişinə nəzarət etmək üçün bölgədəki 200 şəxsi heyətə rəhbərlik edəcək. Kuperin rolu vəziyyətə nəzarət etmək və istənilən müdaxilənin və ya razılaşmanın pozulmasının olmamasını təmin etmək olacaq. 200 nəfərlik komandaya Misir, Qətər, Türkiyə, həmçinin BƏƏ-nin silahlı qüvvələrinin nümayəndələri də daxildir”, - məlumatda deyilib.

Lənkəranda qəza: 2 məktəbli və 2 tələbə xəsarət aldı

Lənkəranda baş verən yol qəzasında 2-si məktəbli, 2-si tələbə olmaqla ümumilikdə 5 nəfər xəsarət alıb. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Lənkəran-Lerik magistral yolunun Şovu kəndi ərazisindən keçən hissəsində baş verib. 2003-cü il təvəllüdlü Murad Vasif oğlu Mirzəzadənin idarə etdiyi VAZ-2106 markalı avtomobil Eldəniz Fayaz oğlu Əmrəyevin idarə etdiyi “Renault” markalı avtomobillə toqquşub. Qəza nəticəsində VAZ-2106 markalı avtomobilin sürücüsü, eləcə də digər nəqliyyat vasitəsində olan sərnişinlər — 7 yaşlı X.Məmmədli, 12 yaşlı F.Əmrəzadə, 17 yaşlı E.Əmrəzadə və 17 yaşlı Ş.Sultanova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdiriliblər. Hazırda onların müalicəsi müvafiq şöbələrdə davam etdirilir. Məlumata görə, xəsarət alanlardan ikisi məktəbli, ikisi isə tələbədir. Faktla bağlı araşdırma aparılır.

Almaniya 40 Azərbaycan vətəndaşını deportasiya etdi

Azərbaycan vətəndaşı olan 40 nəfər oktyabrın 9-da Almaniyadan geri qəbul edilib. Bu barədə Sozcu.az-a Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib. Bildirilib ki, proses "Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" saziş çərçivəsində baş tutub.