Aslan İsmayılov hakimiyyətə çağırış edib

“Əminəm ki, yaxın zamanda Ukraynadakı işğalçı müharibə Rusiyanın acı məğlubiyyəti ilə bitəcək və yeni dünya nizamına start veriləcək. İlk növbədə bu nizama keçmiş SSRİ ölkələrindən başlanacaq. Bunu əvvəlcədən görüb tədbir görən ölkələr baş verənləri ağrısız keçirəcək. Görməyənləri isə böyük sınaqlar və təlatümlər gözləyir”.

Sozcu.az xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov deyib.

O, Azərbaycan hakimiyyətini bu dəyişikliklərə hazır olmağa çağırıb: “Şəffaf seçkilər, azad mətbuat, müstəqil məhkəmə, insan haqları, rəqabətli iqtisadiyyat və sair prinsipial məsələlər yenidən gündəm olacaq. Bu prinsipləri reallaşdıranadək keçid dövründə hakimiyyətlər birinci növbədə çaxnaşmalardan qaçmaq üçün öz vətəndaşlarını razı salmalı, birinci növbədə təxirə salmadan onların ağır maddi vəziyyətlərinə diqqət yetirməlidirlər. Xüsusən şəhid ailələri, müharibə iştirakçıları, əllilləri diqqət mərkəzində olmalıdırlar. Hələki bir toplum kimi görünməyən, ancaq yaxın günlərdə sayı on minlərlə olacaq Ukrayna, Rusiya xarabalıqlarından ölkəmizə pənah gətirmiş soydaşlarımızın qarşılanması çox ağır problemlərdən biri olacaq. Burada artıq dekorativ xarakterli şüarlar, islahat imitasiyaları keçməyəcək. Bunun üçün ən azından Putin hakimiyyətinin bugünkü durumundan nəticə çıxartmaq, korrupsiyanın, saxta seçkilərin, cib müxalifətinin, yal mətbuatının qısa müddətdə hansı biabırçı səhnəni ortaya qoyduğunu görmək lazımdır. Bu sırada ilk növbədə Azərbaycanda uzun müddət diqqət çəkmək istədiyim mətbuata xüsusi diqqət yetirmək lazımdır. Bu gün Azərbaycanın özünün hakimiyyət tərəfindən uzun illər bəslənilmiş solovyovları, kiselyovları, skabeyevaları, simonyanları, keosayanları və sairləri var. Belələrinin hakimiyyəti hansı duruma salmalarını görmək üçün bir neçə saat onları və onlar haqqında olan fikirləri oxumaq kifayətdir. Eyni durum bizim mətbuatda uzun illərdir ki, yaşanır. Belə mətbuatın hakimiyyəti hansı duruma saldığı isə göz önündədir”.

Facebook Comments