“O, kişinin heykəlinə toxunan əclaflara ən ağır cəza istəyirəm…”

“Hacı Zeynalabdin Tağıyevin heykəli çoxdan qoyulmalı idi. Buna görə mən Canab Prezidentə öz təşəkkürümü bildirirəm. Amma heykəlin əlində olan təsbehi qırıb atan şəxslər çox əclaflıq ediblər”

Sozcu.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov deyib. R.Mahmudov Hacı Zeynalabdin Tağıyevin ömrü boyu ancaq xeyriyyəçiliklə məşğul olduğunu bildirib:

“O, xalqına çox köməklik edib, Bakıd Qızlar məktəbi açdırıb. Evsizlərə ev tikdirib. Pakistanda yayılan vəba xəstəliyinə görə ora dərman göndərib. Həmin vaxt Pakistanda vəziyyət pis olub. Kütləvi şəkildə insanlar qırılıblar. Amma Hacı Zeynalabdin Tağıyevin dərman göndərib, onlara kömək etməsindən sonra onun adını dərsliklərə salıblar. Bu gün də qardaş Pakistan dövləti bizim yanımızdadır. Prezident öz çıxışında dedi ki, Hacı Zeynalabdin Tağıyevin xaricə təhsil almaq üçün göndərdiyi şəxslərin içində əmim də olub.

Amma bu gün o kişinin heykəlinə toxunub, təsbehini qırıb atan əclaflara ən ağır cəza istəyirəm. Bu vicdansızlıqdır, onu edənlər xalqımızın düşmənləridir. Törədikləri əməlini səbəbini deməlidirlər”.

Qeyd edək ki, dünən Hacı Zeynalabdin Tağıyevin heykəlinin əlindəki təsbehi bir neçə şəxs qıraraq kənara atıb. Hüquq-mühafizə orqanları dərhal həmin şəxsləri saxlayıb. Qırılan təsbeh isə heykəltəraşın iştirakı ilə yerinə bərpa edilib.

Facebook Comments