Şəmkir rayonu Çinarlı qəsəbəsində yerləşən şəhid Etibar Həsənov adına 1 saylı orta məktəb ikinci tədris ilidir ki, təmir-bərpa adı ilə şagirdlərin üzünə bağlıdır. Həmin məktəbin müəllimləri artıq ikinci ildir ki, qonşu Seyfəli kəndində yerləşən məktəbdə tədrisi həyata keçirirlər. Görünür ki, bu gedişlə onların öz doğma məktəblərinə qayıtması real görünmür. Qeyd edim ki, bu məktəbin ilk tədris ili 1987-ci ildən başlayır. Sovetlərin sonuna yaxın yaradılmış məktəb 10 minə yaxın əhalisi olan Çinarlı qəsəbə sakinlərinin istifadəsində olan ikinci məktəb kompleksidir. Bu gün həmin məktəb ilkin təəssüratda xarabalığı xatırladır. Pəncərələrin şüşələri yox, qapılar sınmış vəziyyətdə, sinif otaqları Amerikanın Yaponiya atdığı atom bombasından sonrakı vəziyyətinə bənzəyir. Buradan hörmətli Təhsil naziri Emin Əmurallayevə səslənirəm. Görünür ki, başınız o qədər lazımsız məsələlərə qarışıb ki, buradakı vəziyyət haqqında sizi məlumatlandırmırlar və yaxud da qəsdən rəva görürsünüz ki, mütərəqqi ölkələrdə təhsilə qiymət verdikləri məqamda, siz bizim ölkədə məktəblərin xaraba vəziyyətdə qalmasından zövq alırsınız. Bilmək istərdik bu rəzalət, məsuliyyətsizlik, hesabatsızlıq nə vaxta qədər davam edəcək?
Çinarlı qəsəbə sakinləri öz yaşadıqları məkanda məktəb ola-ola niyə iki ildir başqa kəndin ərazisindəki məktəbə getməlidir ?
Ceyhun Nəbi