Sosial şəbəkədən usta axtarışının acı sonu – mühərrik dağıldı, problem qaldı

Son zamanlar sürücüləri ən çox narahat edən məsələlərdən biri – işini düzgün bilməyən, məsuliyyətsiz və əsasən TikTok sosial şəbəkəsində çəkdikləri reklam rolikləri hesabına tanınan avtomobil “ustaları” və bəzi servizlərdir. Avtoservis sahəsindəki nəzarətsizlik elə vəziyyətə çatıb ki, bir neçə gün hansısa ustanın yanında dayanan hər kəs əlində açar tutaraq “usta” olmağa cəhd göstərir. Bu cür qeyri-peşəkar yanaşma nəticəsində sürücülər həm ciddi maliyyə itkisinə, həm də vaxt itkilərinə məruz qalır. “TikTok ustalarının” növbəti qurbanı isə Zahid Seyidzadə olub. Sozcu.az saytına müraciət edən Zahid Seyidzadə bildirib ki, Toyota markalı avtomobilinin mühərrikində yaranan problemə görə sosial mediada reklam olunan Vüqar Kərimov adlı ustaya müraciət edib. (Maraqlı məqam ondadır ki, sosial mediada özünü Vüqar kimi təqdim edən şəxs, polis idarəsində verdiyi izahatda özünü Kərimov Əmirxan kimi təqdim edib.) Zahid Seyidzadənin sözlərinə görə, Bakı şəhəri Nizami rayonu H, Əliyev prospektində yerləşən servisdə işləyən Vüqar Kərimov avtomobili təmir etməyi öz üzərinə götürüb və alınacaq detalların siyahısını tutaraq, “özünə etibarlı” hesab etdiyi ehtiyat hissələri dükanından alınmasını tövsiyə edib. Nəticədə Zahid Seyidzadə avtomobilin təmiri üçün ümumilikdə 5000 manat vəsait xərcləyib. Lakin avtomobil təhvil alındıqdan qısa müddət sonra mühərrikdə yenidən problem yaranıb. Zahid Seyidzadə ustaya müraciət etsə də, Vüqar Kərimov problemi aradan qaldırmaqdan imtina edərək, mühərrikin sıradan çıxmasına səbəb kimi “keyfiyyətsiz yanacaq” bəhanəsini göstərib. Onun məntiqinə görə, eyni yanacaqdoldurma məntəqəsindən istifadə edən yüzlərlə avtomobildə problem yaranmayıb, amma dünyanın ən etibarlı avtomobil markalarından biri olan Toyota Land Cruiser-də mühərrik dağılıb. Zahid Seyidzadə bildirib ki, Vüqar Kərimov problemi aradan qaldırmaqdan imtina etdikdən sonra məsələ ilə bağlı polisə və məhkəməyə müraciət edəcəyini bildirib və ustadan onun iştirakı olmadan avtomobilə müdaxilə etməməsini tələb edib. Lakin xəbərdarlığa baxmayaraq, Vüqar Kərimov Zahid Seyidzadənin iştirakı olmadan mühərrikə müdaxilə edib. Hadisə ilə bağlı Sozcu.az saytının əməkdaşı Vüqar Kərimovla əlaqə saxlayaraq onun münasibətini öyrənib. Usta bildirib ki, “problemi ortaq şəkildə həll etməyə” hazırdır. Onun sözlərinə görə, Zahid Seyidzadə ehtiyat hissələrini yenidən alsa, o, usta pulu istəmədən avtomobili təmir edəcək. Bu təklifdən sonra Zahid Seyidzadə məhkəməyə müraciətini dayandıraraq problemin razılaşma yolu ilə həllinə razılaşıb. Lakin növbəti gün Vüqar Kərimov verdiyi sözü təkzib edərək, təmiri davam etdirmək üçün 400 manat əlavə pul tələb edib. Zahid Seyidzadə bildirib ki, avtomobili onun gündəlik işləri üçün vacib olduğundan, artıq başqa bir ustaya müraciət etməyi düşünür. O, həmçinin bu cür halların qarşısını almaq üçün dövlətin serviz sektoruna ciddi nəzarət etməsinin vacibliyini vurğulayıb. Zahid Seyidzadə məsələnin araşdırılması üçün İqtisadiyyat Nazirliyinin “İstehlak bazarına nəzarət” şöbəsinə müraciət etdiyini də qeyd edib. Qeyd edək ki, bu sahədə həqiqətən də ciddi nəzarətsizlik hökm sürür. Bir çox sürücü oxşar problemlərlə üzləşsə də, bəzi avtoservizlərin sahiblərinin “yüksək imtiyazlı şəxslər” olması səbəbindən şikayətlər cavabsız qalır. Çox güman ki, şəhərin ən görkəmli yerlərindən birində yerləşən bu servizin də sahibi təsadüfi şəxs deyil. Hər halda, məsələ ilə bağlı araşdırmamız davam edir. Hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq, hər kəs gördüyü işin keyfiyyətinə görə məsuliyyət daşımalıdır. Sahibkarlar isə öz obyektlərində çalışan ustaların peşəkarlığına və məsuliyyətinə ciddi nəzarət etməlidirlər.

Üç yaşlı uşaq yeddinci mərtəbədən yıxılıb öldü

Hövsanda yerləşən çoxmərtəbəli binaların birində bədbəxt hadisə baş verib. Sozcu.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, azyaşlı uşaq binanın yeddinci mərtəbəsindən yıxılaraq ölüb. Ölən şəxsin 2022-ci il təvəllüdlü Əlifzadə Rəsul olduğu bildirilir. 

Qəzzada silahlar yenidən işə düşdü - SON DURUM

Qəzzə a zolağında elan olunmuş atəşkəs yenidən pozulub. Sozcu.az-ın məlumatına görə, İsrail Müdafiə Ordusu bu gün HƏMAS-a məxsus bir neçə hədəfi bombalayıb. Hərbi hava qüvvələrinin zərbələri əsasən zolağın mərkəzi hissəsində, Əz-Zəvaydə və Əl-Bureyc qaçqın düşərgəsində yerləşən obyektlərə yönəlib. Məlumata görə, Xan-Yunis şəhərinin Mavazi bölgəsində ağır artilleriya atəşi də açılıb. Yaralıların olduğu bildirilir. İsrail ordusu Qəzza sakinlərinə növbəti dəfə xəbərdarlıq edib ki, HƏMAS-ın hərbi infrastrukturu hədəfə alınmağa davam edəcək. İsrail ordusunun ərəb dilindəki rəsmi nümayəndəsi Avihay Edrai bildirib ki, HƏMAS-ın bu səhər törətdiyi terror hücumu və atəşkəs rejimini dəfələrlə pozması nəticəsində İsrail Müdafiə Ordusu HƏMAS döyüşçülərinə və onların infrastrukturuna qarşı güclü zərbələr endirəcək. Ordu sakinlərdən “sarı xəttin qərbindəki” təhlükəsiz zonanı tərk etməmələrini xahiş edib. Bildirilib ki, “qırmızı rənglə işarələnmiş ərazilər döyüş zonasına daxildir və orada qalmaq həyati təhlükə yaradır”. "Axios" portalının məlumatına görə, İsrail hakimiyyəti Qəzzanın cənubuna planlaşdırılan əməliyyat barədə ABŞ administrasiyasını əvvəlcədən məlumatlandırıb. Bu məlumat ABŞ-ın atəşkəsin icrasına nəzarət edən komanda mərkəzi vasitəsilə ötürülüb. Mənbə bildirib ki, İsrail “HƏMAS-a qarşı cavab zərbələri üçün icazə istəməyib.” Bundan əvvəl xəbər yayılıb ki, İsrailin baş naziri Binyamin Netanyahu ordunun ali rəhbərliyinə “terror hədəflərinə qarşı qəti tədbirlər” görmək göstərişi verib. Baş nazirin ofisindən yayılan açıqlamada bildirilib ki, bu addımlar HƏMAS-ın atəşkəsi pozmasına cavab olaraq atılır. Qeyd olunur ki, oktyabrın 19-da HƏMAS qüvvələri Rafah bölgəsində İsrail hərbçilərinə qarşı tank əleyhinə raket atıb və artilleriya atəşi açıb. İsrail ordusu cavab olaraq bölgədəki tunelləri və HƏMAS tərəfindən istifadə edilən hərbi tikililəri hədəfə alıb. Fələstin hərəkatı Rafahdakı insidentlə əlaqəsinin olmadığını və atəşkəsi pozmadığını bildirib. Xatırladaq ki, atəşkəs razılaşması bir neçə gün əvvəl ABŞ vasitəçiliyi ilə əldə edilmişdi.

Tramp-Putin görüşünə qoşulmağa hazıram - Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ və Rusiya prezidentləri - Donald Tramp və Vladimir Putin arasında Budapeştdə keçiriləcək görüşə qoşulmağa hazır olduğunu bildirib. Sozcu.az xəbər verir ki, o, bu barədə "NBC Nyus"a müsahibəsində deyib. Ukrayna liderinin fikrincə, Qəzzada atəşkəsə nail olmaq üçün Tramp Putinə HƏMAS-a etdiyindən daha çox təzyiq göstərməlidir: "Ukraynadakı müharibə Yaxın Şərqdəkindən daha böyükdür və Rusiya ordusu dünyada ikinci ən böyük ordudur, ona görə də daha çox təzyiq lazımdır".

Rusiyaya heç nə verməyəcəyik - Zelenski

Biz Rusiyaya heç nə verməyəcəyik. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Rusiyaya qarşı uzaqmənzilli zərbələrimizin həm əhatə dairəsində, həm də dəqiqliyində artım var. Əslində, hər gün və ya iki gündən bir Rusiyada neft emalı zavodu vurulur. Bu da Rusiyanı reallığa qaytarmaq üçündür”, - Zelenski bildirib.

Tramp bu prezidenti “narkotik lideri” adlandırdı

Kolumbiya Prezidenti Qustavo Petro narkotik lideridir və ABŞ bu ölkəyə böyük həcmdə ödəniş və subsidiyaları dayandıracaq. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” səhifəsində bildirib. “Bu narkotik istehsalının məqsədi ABŞ-a böyük həcmdə məhsul satmaqdır ki, bu da ölümə, dağıntıya və xaosa səbəb olur”, - Tramp bildirib.

Pakistan və Əfqanıstan Türkiyədə görüşəcək

Pakistan və Əfqanıstan nümayəndə heyətləri gələn həftə sonu Türkiyədə danışıqları davam etdirəcək. Sozcu.az xəbər verir ki, bunu Pakistanın müdafiə naziri Xavaca Asif deyib. “Oktyabrın 25-də İstanbulda nümayəndə heyətləri yenidən görüşəcək və biz bütün detalları müzakirə edəcəyik”, - Asif bildirib.

Leysan yağacaq, dolu düşəcək - SABAHIN HAVASI

Azərbaycanda oktyabrın 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-17° isti, gündüz 20-24° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam şimal və qərb rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz 8-13° isti olacaq.

Qərb müharibə rejiminə keçməlidir - İsveç

Çoxdan militarizasiya kursuna qədəm qoyan Qərb sülh naminə həm mənəvi, həm də hərbi baxımdan müharibə rejiminə keçməlidir. Sozcu.az xəbər verir ki, bunu İsveçin müdafiə naziri Pol Conson deyib. “Bu sülhü qorumaq üçün biz həm mənəvi, həm də hərbi cəhətdən müharibə ehtimalına hazır olmalıyıq. Həlledici çəkindirmə, müdafiə və sülhməramlılıq üçün müharibə rejiminə keçməliyik”, - nazir bildirib.

Müharibə yenidən başlayır: İsrail Qəzzanı vurdu

İsrail ordusu Qəzzanın cənubundakı Rəfah istiqamətinə aviazərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə “Kan” radiosu məlumat yayıb. Məlumata görə, zərbələr HƏMAS-ın bu gün etdiyi hücumlara cavab olaraq endirilib. Qeyd edək ki, ABŞ Dövlər Departamenti HƏMAS-ın Qəzzada atəşkəsi pozacağı ilə bağlı xəbərdarlıq etmişdi.

Tramp ABŞ-ın elit bölmələrini Venesuelaya göndərir

ABŞ Prezidenti Donald Tramp Maduro administrasiyasına təzyiqi artırmaq məqsədilə Venesuela yaxınlığında Amerika qoşunlarının elit bölmələrini yerləşdirib. Sozcu.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb. “Söhbət 160-cı xüsusi təyinatlı aviasiya alayından gedir. “Gecə stalkerləri” kimi tanınan bu bölmə ABŞ xüsusi təyinatlı qüvvələrini münaqişə zonalarına yerləşdirməklə məşhurdur. Bunlara “Yaşıl beretlər”, “Dəniz pişikləri” və “Delta Force” xüsusi təyinatlıları daxildir. “Gecə stalkerləri” əməliyyatları zamanı “Little Birds” və “MH-60 Black Hawk” helikopterlərindən istifadə edirlər. Bu helikopterlər bu yaxınlarda Venesuela paytaxtından 800 km aralıda yerləşən Trinidad adasındakı təlim meydançasının yaxınlığında müşahidə edilib”, - məlumatda qeyd olunub.

Prezident Ramiz Mehdiyevlə bağlı Fərman imzaladı

Ramiz Mehdiyev Azərbaycan Respublikası Təhlükəzlik Şurasının üzvlüyündən azad edilib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb. Qeyd edək ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi oktyabrın 14-də R.Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.  Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur. Xatırladaq ki, Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə isə AMEA-nın prezidenti olub.

"Ramiz Mehdiyev bir partiya sədrini çağırıb deyibi ki, İsa Qəmbəri söy, təhqir elə, deputat ol" - Sərdar Cəlaloğludan ŞOK AÇIQLAMALAR

Bu gün Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu "Sitat.info"nun suallarını cavablayıb.  S.Cəlaloğlu cinayət məsuliyyətinə cəlb olunan Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyev haqda sensasion açıqlamalar verib. Bununla yanaşı ölkədə və dünyada baş verən siyasi proseslərlə bağlı gündəmi dəyərləndirib. Sozcu.az videoreportajı təqdim edir:

"TƏBİB rəhbəri vəziyyəti analiz etsə, ərizə yazıb işdən gedər" - VİDEO

"TƏBİB-in rəhbəri Vüqar Qurbanov eşitsin: Bu, bizi hörmətdən salır. O adam yerində deyil. Düşüncəsi səhvdir. Xalqına olan münasibətdə qüsur var". Sozcu.az xəbər verir ki, bu sözləri Tibb elmləri doktoru, professor, sabiq millət vəkili Südeyf İmamverdiyev "BakuPost"un efirində deyib. "TƏBİB -in rəhbəri, düzgün, məntiqli şəkildə, milli şüurla vəziyyəti analiz etsə ərizəsini yazıb işdən ayrılar ki, mən bu işi bacarmıram, öz xalqımın qarşısında biabir ola bilmərəm. Onu deyə bilərəm ki, indi elə əcaib, qeyri-hüquqi, qeyri-rasional idarəetmə var ki, artıq səhiyyə müəssisələrinə gələnlərə xəstə kimi yox, bankomat kimi, yəni maliyyə mənbəyi kimi baxılır. Əgər hər kəsin dünyada olduğu kimi tibbi sığorta kartı (yaşıl kart) olsa və tibb işçilərinin maaşı vahid tarif cədvəlinə görə verilsə, sığortadan asılı olmasa, belə acınacaqlı vəziyyət yaranmaz. Belə güman edilir ki, İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB tərəfindən adıçəkilən kartlar məqsədli şəkildə pasiyentlərə verilmir ki, Tibbi Sığortaya ayrılmış və hər ay işçilərin maaşından tutulan vəsait bax beləcə, kimlərəsə sərf edilən şəkildə "silinsin". Kimi dindirirsən, hamı tibbi xidmətdə olan yarıtmaz vəziyyətdən danışır. Bütün problemlərin kökü məhz bu vəsaitin necə xərclənməsi, xəstənin əlindən məqsədli şəkildə alınmasıdır. Otto Bismark bilsəydi ki, TƏBİB tibbi sığorta nı belə yarıtmaz vəziyyətə salacaq, o zaman başına bir yekə daş vurardı. Tibb işçilərinin maaşına Sığortadan əlavələr Təcili tibbi yardımda tətbiq edilən şəkildə digər səhiyyə müəssisələrinədə aid edilsəydi, fikrimcə vəziyyət qismən də olsa müsbətə doğru dəyişərdi. Deyirlər ki, həkim çatışmır. Qanunvericiliyə görə, ali tibbi təhsili olub diplomu olan şəxs tibbi fəaliyyətlə məşğul ola bilər. Bəs, işə qəbul niyə imtahanla aparılır? Onu da deyim ki, gigiyena, epidemiologiya, kommunal gigiyena (bura kanalizasiya sistemi də aiddir) ixtisasları üzrə rezidentura nəzərdə tutulur, ancaq bir çağırışda kardioloq, birində ginekoloq, birində pediatr, birində travmotoloq və s. olmağa çalışan təcili tibbi həkimi üçün isə nəzərdə tutulmur. Əmək Məcəlləsinin "70e" maddəsi artıq çoxdandır ki, bəzi səhiyyə rəhbərləri tərəfindən rüşvət və korrupsiya çarxı kimi fırladılır. Söhbət 65 yaşdan yuxarı çalışmanın uzadılmasından gedir", - deyə sabiq deputat əlavə edib.

Bazar günü hava necə olacaq?

Sabah, oktyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-16, gündüz 19-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16, gündüz 20-24, dağlarda gecə 0-4, gündüz 5-10 dərəcə isti olacaq.

Şirvan kanalında 1 nəfər batıb

Şirvan kanalının Sabirabad rayonundan keçən hissəsində 1 nəfər batıb. Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə Yuxarı Şirvan kanalının Sabirabad rayonunun Surra kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. Əlavə məlumat veriləcək.

Təəssüf ki, o vaxtdan bəri vəziyyət daha da pisləşib...

Bu gün Xəzər dənizi, təəssüf ki, bir sıra ciddi ekoloji problemlərlə üz-üzədir. Ən aktual məsələlərdən biri həm ekoloji, həm də iqtisadi təhlükələr yaradan suyun səviyyəsinin sürətlə azalması, dayazlaşmadır. 2022-ci ildə keçirilən VI Xəzər Zirvə toplantısında mən Xəzər dənizində ekoloji tarazlığın pozulması məsələsini qaldırdım. Təəssüf ki, o vaxtdan bəri vəziyyət daha da pisləşib. Xəzər dənizində suyun səviyyəsi sürətlə azalır və səbəblər təkcə iqlim dəyişikliyi ilə məhdudlaşmır. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana dövlət səfəri ərəfəsində Kazinform Agentliyinə müsahibəsində deyib. “Hazırkı şəraitdə bütün Xəzəryanı ölkələr arasında sıx əməkdaşlıq qurmaq, fəal elmi məlumat mübadiləsi aparmaq və nəticələrin aradan qaldırılması üçün əlaqələndirilmiş tədbirlər hazırlamaq çox vacibdir. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi və bununla bağlı ekoloji dəyişikliklər biomüxtəlifliyi və ekosistemin dayanıqlığını təhdid edir, təbiətin qorunması və ekoloji tarazlığın bərpası üçün əlaqələndirilmiş tədbirlər tələb edir”, - dövlət başçısı bildirib. Prezident qeyd edib ki, Azərbaycan, Qazaxıstan və digər Xəzəryanı ölkələr regional və beynəlxalq forumlarda Xəzər dənizinin mühafizəsi təşəbbüslərini fəal şəkildə təbliğ edə bilərlər və etməlidirlər: “Artan transmilli ekoloji risklər fonunda Xəzər artıq sadəcə su hövzəsi deyil və bizim ortaq məsuliyyətimizin və birgə fəaliyyətin zəruriliyinin simvoluna çevrilir”.

Nazir əmr imzaladı: Üç tibb müəssisəsi ləğv olundu

Səhiyyə Nazirliyinin Gəncə şəhərində yerləşən 3 tibb müəssisəsi ləğv olunub. Sozcu.az "Yeni Sabah"a istinadla xəbər verir ki, bu barədə Səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, Gəncə Şəhər Təsərrüfathesablı Ailə və Nikah Məsləhətxanası, Gəncə Şəhər Təsərrüfathesablı Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzi, Gəncə Şəhər Körpələr Evi ləğv edilib. Bu məqsədlə ləğvetmə komissiyası yaradılıb və adıçəkilən müəssisələrin bütün maliyyə, hüquqi və təşkilati məsələlərinin tənzimlənməsi üçün fəaliyyətə başlanılıb. Müəssisələrin kreditorları mövcud borc tələblərini təqdim etməlidirlər. Debitorlar isə borclarını tam şəkildə ödəməlidirlər.

Zakir Fərəcov ölkəni tərk edib? — Ramiz Mehdiyevlə bağlı yeni iddialar

Sozcu.az saytına daxil olan məlumata görə, Ramiz Mehdiyevə qarşı aparılan istintaq hərəkətləri və onun ev dustaqlığı altına alınmasından sonra, onun ən yaxın adamlarından biri hesab edilən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ölkəni tərk edib. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, Zakir Fərəcov hazırda Çin Xalq Respublikasında müalicə olunur. Bildirilir ki, o, Ramiz Mehdiyevə böyük torpaq sahələri və yüksək dəyərə malik bir sıra mülklər bağışlayıb. Digər mənbə isə Fərəcovun ölkədən gedişinin siyasi qərar deyil, müalicə məqsədli olduğunu təsdiqləyib. Bununla yanaşı, həmin mənbə Zakir Fərəcovun Ramiz Mehdiyevlə son dövrlərə qədər yaxın münasibət saxladığını bildirib. P.S. Qarşı tərəfin mövqeini dərc etməyə hazırıq. Qeyd olunan iddialarla bağlı araşdırmamız davam edir. Yeni məlumatları sizə çatdıracağıq — bizi izləməyə davam edin!

“Ramiz Mehdiyev Akademiyadan milyonlar çırpışdırıb” - Firuz Mustafa

“Bu adam işlədiyi müddətdə ölkəyə regionçuluq kimi xəcalətverici bir “xəstəlik” gətirdi. Yalan, riya, dələduzluq daha çox bu adamın dövründə çiçəklədi. “Boz kardinal” ayaması ilə tanınan bu adam Parlamenti öz “boz adamlar”ı ilə doldurdu. Rüşvəti və talançılığı “qanuniləşdirdi”. Sozcu.az xəbər verir ki, bu sözləri dramaturq, filosof Firuz Mustafa öz sosial media hesabında yazıb. O, Ramiz Mehdiyev haqqında münasibət bildirərək qeyd edib: “Ramiz Mehdiyev 80-lərin sonunda Mərkəzi Komitədə “vurulandan” sonra indiki AMEA-ya göndərilmişdi. Açığını deyim ki, elə o vaxtlar da elm adamları onun adını eşidəndə üz-gözlərini turşudar, ünvanına xoş olmayan sözlər deyərdi. Yaşlı alimlərin dediyinə görə, Ramiz MK-da olarkən həmişə elmin inkişafına mane olmuş, öz mövqeyi olan institut rəhbərlərini sıxışdırmaqla məşğul olmuşdu. Bundan başqa, işdən çıxandan sonra qəzetlərə verdiyi müsahibələrdə özünü müdafiə tərifi ilə başqalarının ünvanına iftiralar deyir, onu irəli çəkən işıqlı simaları qaralayır, vaxtilə birlikdə “vuruşduqları” yaxın dostlarını “baqaja” qoyurdu”. Firuz Mustafa bildirib ki, Mehdiyevlə şəxsi tanışlığı olmayıb, lakin onun elm aləminə münasibəti heç vaxt müsbət qarşılanmayıb: “Xatırlayıram, onun təzə gələn vaxtları idi. Akademiyanın bir qrup gənci, aspirant və elmi işçiləri, elə foyedəcə qarşısını kəsib antimilli yazı və zərərli fikirlərinə görə onun “dərsini” verərkən, biz Mehdiyevlə üz-üzə gəldik. Mən cavanlardan xahiş etdim ki, onun “yaxasından” əl çəksinlər. O vaxt aspirantlara dərs deyirdim, məni tanıyırdılar, sağ olsunlar, Mehdiyevi “sərbəst” buraxdılar. Amma bu həngamə başa çatanda kənarda dayanıb bayaqdan söhbətimizi dinləyən yaşlı tarixçi alim tanışım yaxınlaşıb məndən soruşdu: “Müəllim, sən Ənvəroviçi tanıyırsan?” Dedim, yox. Dedi: “Yaxşı ki, tanımırsan. Tanısan bilərsən ki, yerin altında iki bu boyda Ramiz var”. Dramaturq əlavə edib ki, Mehdiyev tez-tez Fəlsəfə İnstitutunda keçirilən toplantılarda iştirak edirdi: “Ən çox Əfrand Daşdəmirov və Ramiz Rzayevlə görmək olurdu. Nə rusca düz-əməlli danışa bilirdi, nə də azərbaycanca. Pırpız qaşlarının altından vurnuxan qəzəbli gözləri hamıya şübhə ilə baxardı. Şimalın girovu olduğu hər kəlməsindən bilinirdi. Əlində həmişə qara rəngli iri bir portfel olardı. O, yol gedəndə həmin portfelin arxası və qara paltosunun ətəyi az qala yerlə sürünürdü”. Firuz Mustafa qeyd edib ki, Mehdiyev sonradan yenidən vəzifəyə qayıdıb və bu dönəmdə də ölkəyə zərər vurub: “Az sonra Ənvəroviç Şimaldakı dayaqlarının köməyi ilə yenidən vəzifəyə qayıtdı. Nələr elədiyinin çoxunuz, qiyabi də olsa şahidisiniz. Taleyin gərdişinə baxın ki, Ənvəroviç ikinci dəfə vəzifədən uzaqlaşdırılandan sonra yenə “elmə” qayıtdı. İndi onu silahlı cangüdənlər qoruyurdu. Sən demə, Ənvəroviç əvvəllər yığdığı ilə qane olmayıbmış. Az sonra mətbuat yazdı ki, o, Akademiyadan milyonlar çırpışdırıb. Bu da onun “elmə xidmətinin” son akkordları idi. O, ürəkdən nifrət etdiyi görkəmli elm adamlarının, istedadlı insanların son qəpiyinə də tamah salırdı”. O, həmçinin bildirib ki, Mehdiyev vəzifədən getdikdən sonra da Akademiyada fəaliyyətini davam etdirib: “İndi məlum olur ki, Ənvəroviç, Akademiya rəhbərliyindən uzaqlaşdırılandan sonra da orada “fəaliyyətini” davam etdirib. O, Rusiyadan gələn emissarları elə Akademiyadakı “keçmiş” bərbəzəkli kabinetində qəbul edirmiş. Deyirlər, Ənvəroviç 23 il ərzində 32 kitab yazıb. Xub. elə isə Ramiz müəllim heç olmasa həmin kitablardan birinin əlyazmasını göstərsin. Deyə bilərlər ki, kitabları bilgisayarda yazıb. Axı bu adam latın hərflərini düz-əməlli tanımır və kompyuterdən istifadə etmir”. Sonda filosof əlavə edib: “Yada düşmüşkən, orasını da deyim ki, akademik Ənvəroviç də öz dostu və kumiri akademik Primakov kimi “dənizçidir”. Yəni onlar ayrı-ayrı vaxtlarda Bakı Dənizçilik məktəbini bitiriblər. P.S. Əgər günlərin bir günü Ənvəroviçin məhkəməsində onun üzünə duranların hamısının öz “seçmə kadrı” olduğunu görsəniz, təəccüblənməyin”.

Zelenski Putinlə hər yerdə görüşməyə hazırdır - Yermak

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə hər yerdə görüşməyə hazırdır, Rusiya və Belarus istisna olmaqla. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak “Axios”a müsahibəsində deyib. “Donald Trampla son söhbətlərinin birində Zelenski Rusiya və ya Belarusdan başqa dünyanın istənilən yerində, istənilən formatda Putinlə görüşməyə hazır olduğunu bildirib. Kreml lideri bu cür görüşləri rədd etməkdə davam edir”, - Yermak bildirib.

Berlindən Tramp-Putin görüşünə reaksiya: Alqışlayırıq

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Budapeştdə gözlənilən görüşünü alqışlayırıq. Sozcu.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful deyib. “Bütövlükdə, danışıqların davam edəcəyini yaxşı hal hesab edirəm”, - o bildirib. Almaniyalı nazir qeyd edib ki, Putinlə Trampın bu görüşünü Rusiya və Ukrayna arasında birbaşa danışıqlara gedən yolda ilkin mərhələ hesab edir: “Bu, aydın sülh danışıqlarının aparılması məqsədi ilə edilirsə, o zaman məqbuldur”.

Rusiyada azərbaycanlıların həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi bu ilin iyununda Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) reydi zamanı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddətini uzadıb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya KİV-i Sverdlovsk vilayəti məhkəməsinin mətbuat xidmətinə istinadən xəbər yayıb. “Məhkəmənin 16 və 17 oktyabr 2025-ci il tarixli hökmləri ilə Əhliman Gənciyev, Əziz Abasov, Şahin Lalayev, Akif, Ayaz, Bəkir, Kamal və Məzahir Səfərovların barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb. Onların hamısının həbsi dekabrın 29-dək davam edəcək”, – məhkəmədən bildirilib. İyunun 27-də Yekaterinburqda döyülmə və işgəncələrlə müşayiət olunan azərbaycanlıların kütləvi həbsləri baş verib. 50-dən çox adam polis bölməsinə aparılıb. Rusiya təhlükəsizlik qüvvələrinin basqını zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüb. Regional istintaq komitəsi iddia edib ki, “etnik cinayətkar qruplaşmaya daxil olan müttəhimlər Yekaterinburq şəhərində törədilmiş bir sıra qətllərdə və qəsdən adam öldürməyə cəhddə iştirak ediblər”.

Yağıntılı hava davam edir - FAKTİKİ HAVA

Oktyabrın 17-si saat 18:00-a olan faktiki hava açıqlanıb. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, oktyabrın 17-i saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir. Şuşa, Xankəndi, Xocalı, Xocavənd, Qəbələ, İsmayıllı, Altıağac, Quba, Xaçmaz, Şabran, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astarada arabir yağış, Şahdağda qar yağır. Bakıda və Abşeron yarımadasında isə çiskinli hava müşahidə olunur. Daşkəsən, Qax (Sarıbaş), Şəki, Şamaxı, Altıağac, Qusar, Qrız, Göyçayda duman müşahidə olunur. Dumanda görünüş 500 metrədək məhdudlaşır.