Rusiya deputatı Xankəndində terrorçu Araiklə görüşdü… – Guya Putinin xəbəri yoxdur?..

“Bu, artıq hədsizlikdir. Müstəqil(!) Azərbaycan dövləti buna susmamalıdır…”

Rusiya Dövlət Dumasının deputatı, Azərbaycan XİN-in “qara” siyahısında olan Vitali Milonov növbəti dəfə, amma bu səfər torpağımızda faktiki ağalıq edən Rusiya “sülhməramlı”larının dəstəyi ilə Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq Qarabağa qanunsuz səfər edib.

Sozcu.az xəbər verir ki, separatçı erməni nəşrlərinin yaydığı məlumata görə, hazırda da Xankəndində olan Rusiya deputatı separatçı-terrorçu erməni rejiminin rəhbəri Arayik Arutyunyanla qeyri-rəsmi görüş keçirib və bununla bağlı “Facebook” səhifəsində paylaşım edib.

“Biz regiondakı mövcud vəziyyəti, xristian abidələrinin qorunması və bərpasını, habelə müharibədən sonrakı dövrdə respublikanın normal həyata qaytarılmasına yönəlmiş məsələləri müzakirə etdik” –deyə ermənipərəst Duma üzvü yazıb.

“Qeyd edək ki, Rusiya Dövlət Dumasının deputatı 2020-ci ilin 44 günlük müharibəsi zamanı da Artsaxa səfər edib və Artsax ermənilərinə qeyd-şərtsiz dəstəyini ifadə edib” – separatçı erməni nəşrlərinin məlumatında belə deyilir.

Xatırladaq ki, Dumada Sank-Peterburq şəhərindən iqtidarda olan, yəni faktiki olaraq prezident V.Putinin lideri olduğu(partiyanın rəsmən sədri keçmiş baş nazir D.Medvedevdir) “Vahid Rusiya” partiyasını təmsil edən V.Milonov, bəzi məlumatlara görə, hələ 44 günlük müharibədən əvvəlki illərdə də işğal altındakı torpaqlarımıza qanunsuz səfərlər edib. Savaşın ilk günlərində – 2020-ci il oktyabrın 15-16-da Xankəndinə gələn bu həyasız Duma üzvü Azərbaycan əleyhinə bəyanatlar səsləndirib. Bu səbəbdən Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya nota vermiş, məlum deputatın adı arzuolunmaz şəxslərin siyahısına əlavə olunmuşdu. Rəsmi Bakının qara siyahısında olan Milonov 44 günlük Qarabağ savaşında Azərbaycan ordusunun zəfərini həzm edə bilmədiyi üçün indi də təxribatlarını törətməkdə davam edir. Ermənistan mediasına müsahibəsində keçmiş Dağlıq Qarabağı vətəni adlandıran rusiyalı deputat Azərbaycanın qələbəsini özü üçün böyük ağrılı faciə hesab etdiyini bildirib. O, dəfələrlə Azərbaycan dövləti və xalqına qarşı qəbuledilməz fikirlər səsləndirib…

P.S. Guya ki, Rusiya prezidenti V.Putinin faktiki olaraq lideri olduğu hakim partiyanın üzvü olan Duma deputatının Qarabağa səfərindən xəbəri yoxdur? Onun tövsiyəsi olmasa, “sülhməramlılar” V.Milonovu Laçından Xankəndinə buraxarlarmı?..

P.P.S. Bu, artıq hədsizlikdir. Müstəqil(!) Azərbaycan dövləti buna susmamalıdır…moderator

Facebook Comments