“Lirənin ucuzlaşması Azərbaycanda qeyri-neft sektorunu, istehsalı tam bitirəcək”

“Hazırda Yeni ili bir günlük Şahdağda keçirmək istəyən standart, 4 nəfərlik azərbaycanlı ailəsi həmin pulla Türkiyədə 7 gün dincələ bilər. Yəni, Türkiyədə lirənin ucuzlaşması bizə ciddi təsir edir, edəcək də. Manatın alıcılıq qabiliyyəti ölür, hökumət buna göz yumur. Lakin məzənnə indiki kimi qalsa, ölkədə nəsə istehsal etmək, turizmə bel bağlamaq mənasız işə çevriləcək”.

Sozcu.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, Türkiyədə baş verənlərlə bağlı onu ən çox düşündürən Azərbaycana təsiri ilə bağlıdır: “Lirənin ucuzlaşması Azərbaycanda qeyri-neft sektorunu, istehsalı tam bitirəcək. Onsuz da çox zəif idi, indi isə mənasız olacaq. Məsələn, belə məzənnə ilə Azərbaycanda tekstil sahəsini yaratmaq mümkün deyil. Azərbaycanda istehsal Türkiyədən idxaldan 2-3 dəfə baha başa gələcək. Azərbaycanın ikinci prioritet sahəsi olan turizm də inkişaf etməyəcək, çünki bizim bölgədə əsas turizm rəqibimiz Türkiyədir. Azərbaycan və Türkiyə arasında bazar hədəfləri eynidir (post-sovet və ərəblər). Pandemiya başa çatdıqda sərhədlər açılanda Türkiyənin gözəl turizm infrastrukturuna, tarixinə və ən əsası, qiymətlərinə görə çox cəlbedici olacaq”.

Facebook Comments