BDU-nun rektor müşavirini və komendantı bıçaqlayan şəxs hakim qarşısına çıxarılır

Bakı Dövlət Universitetinin (BDU) rektor müşavirini və komendantını bıçaqlayan şəxsin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Sozcu.az-ın xəbərinə görə, bu ilin iyul ayında universitet binasında rektorun müşaviri Mirzə Mirzəyevə və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirən universitetin təsərrüfat şöbəsinin işçisi İsmixan Mirzəyevin cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qəsdən adam öldürməyə cəhddə təqsirli bilinən İ.Mirzəyevin cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib.

Mirzə Mirzəyev və Şahlar Bəgalıyev cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, bu ilin iyul ayının 27-də Bakı Dövlət Universitetinin əsas korpusunda BDU rektorunun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirilib.

Xəsarət alan hər 2 şəxs təcili olaraq xəstəxanaya yerləşdirilib. Hadisəni törətməkdə təqsirli bilinən Universitetin təsərrüfat şöbəsinin işçisi İsmixan Mirzəyev təqsirkar qismində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə İ.Mirzəyev Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinərək barəsində həbs-qətimkan tədbiri seçilib.

Facebook Comments