Natik, 1 nara görə ayaq itirib əlil olmağa dəyərdimi?

Ailəmizə və dövlətə yük olmayaq

Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilən Qarabağda son 1 ildə ən aktual məsələlərdən biri minalı ərazilərin minalardan və partlamayan hərbi sursatlardan təmizlənməsindən ibarətdir. Azərbaycan mediasında və teleməkanında mina təhlükəsindən çox heç bir mövzuda maarifləndirmə və təbliğat işləri aparılmayıb. Bu mövzuda həm Silahlı Qüvvələrin mühəndis xidmətinin yüksək rütbəli zabitləri, ANAMA-nın rəhbər heyəti, həm aidiyyəti üzrə ictimai təşkilatların sədrləri, deputatlar və hərbi ekspertlər dəfələrlə efirlərdə çıxışlar ediblər, məqalələr yazıb dərc etdiriblər. Amma görünən odur ki, hələ də bəzi hərbçi və mülki şəxslərimiz başqalarının səhvindən nəticə çıxarmaq niyyətində deyil. Noyabrın 28-də Azərbaycanın 27 il nəzarətində olan Füzulinin Şükürbəyli kəndində Daxili Qoşunlarda xidmət edən 2001-ci il təvəllüdlü Sarib Məmmədzadə və 2002-ci il təvəllüdlü Murad Məmmədzadə piyada əleyhinə minaya düşdülər. Bir gün sonra isə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Mehdili kəndi ərazisində 1980-ci il təvəllüdlü Natiq Mammədov inşaat şirkətində təmir-tikinti işləri apararkən minaya düşərək xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Qeyri rəsmi məlumatlara görə N.Məmmədov Kəlbəcər rayon yuxarı Qılınclı kənd sakinidir, inşaat şirkətində “Kamaz” sürücüsüdür, maşını yolun kənarında saxlayıb, qadağan olunmuş əraziyə girib və nar dərmək istəyəndə minaya düşdüyü ehtimal olunur. Natiq Mammədovun qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sağ ayağı travmatik amputasiya olunub. Sual verirən: Natik 1 nara görə ayaq itirib əlil olmağa dəyərdimi? Axı nar 2 ay əvvəl yetişib və onlarla o yoldan istifadə edən vətəndaşımız həmin narı görürdü, amma ora girməyə tək Siz cürət etdiniz. Son bir ildə bütün KİV-lərdə mina təhlükəsi barədə gedən təbliğatı niyə qulaqardına vurursunuz? Bu məsuliyyətsizliyə səbəb nədir? Yaşamaq istəmirdinizsə, niyə evinizdən çox uzaqda çalışırdınız? Cəbrayıla getmişdiniz ki, qurub yaradasınız, ailənizə çörək qazanasınız, dövlətə və ya şirkətə isə xeyir verəsiniz. İndi Siz həm ailənizə, həm də dövlətə yük oldunuz. Bəlkə də bir az sərt səslənir, amma razılaşın ki, bu belədir. Nə qdər peşman olduğunuzun da fərqindəyəm.

Hər bir belə bədbəxt hadisə onlarla insanı işindən -gücündən ayırır. ANAMA, FHN, xəstəxana, cərrahlar və tibb personalı ilk andan standart iş rejimindən çıxıb 1 adamın həyatda qalması üçün çalışmalara başlayırlar. Bəli bu onların vəzifələridir, amma bu nə döyüşdə baş verib, nə də düşmən Natiki həmin minalı əraziyə girməyə məcbur edib. Natik o əraziyə kiloqramı 1 manata satılan nar yemək üçün girib. İndi dövlət baba Natiki müalicə etməlidir, reabilitasiyadan keçirməlidir, ona protez qoymalıdır, ömürlük əlillik təyin etməlidir və Natikə qulluq edən şəxsə, ailə üzvü olsa belə müavinət ödəməlidir. Hüquq mühafizə isə daha vacib işləri qoyub aylarla bu işi araşdırmalıdır.

Məni maraqlandıran başqa bir məsələ də mövcuddur: Hər gün onlarla dost tanış giıey güzar edir ki, bizi niyə azad olunan ərazilərə buraxmırlar? Niyə filankəs getdi, mən qaldım? Əslində azad edilən əraziləri görmək haqqıdır, ilk növbədə orda canından keçən şəhid ailələrinin, müharibə əlillərinin, müharibə veteranlarının, o cümlədən paralimpiyaçılarımızın, Hikmət baba kimi qəlbi Əsgərimizlə döyünən ağsaqqallarımızın, sonra isə qalan vətəndaşlarımızın. Tutaq ki, dövlət yaxın zamanda qərar verdi ki, hər rayon ərazisinə müəyyən sayda əhalinin buraxılması üçün prosedur sadələşdirilsin və insanlarımız Əsgərimizin qəhramanlığı nəticəsində düşməndən təmizlənən ərazilərə rahat gedib qayıda bilsin. Sual yaranır: İnsanlarımızı qırmızı lent və xəbərdarlıq lövhələri ilə minalı sahəyə girməkdən çəkindirmək mümkün olacaqmı? Azad edilən ərazilərə kütləvi şəkildə gedən vətəndaşlarımızın hər birinə mühafizəçi təyin etməyə imkanımız çatacaqmı? Bütün bu sualların cavabını kiminsə birmənalı olaraq cavablandırması mümkün deyil. Bəs çıxış yolu nədədir? Mənim ağlıma gələn tək bir təklif var: Bəzi insanlarımız televiziyada baxdıqları və kütləvi informasiya vasitələrində oxuduqları maarifləndimə məqsədli materiallara etibar etməlidir. Bu verilişlərdə insan həyatının qorunmasından söhbət getdiyinin fərqinə varmalıyıq.

Minalı ərazinin sərhədləri gözlə görünürsə, ərazinin təhlükəli olduğunu ana dilimizdə xüsusi nişan üzərində yazılırsa, bu əraziyə daxil olmaq barədə qadağaya tam ciddiyəti ilə riayət olunmalıdır. Nişan və qadağa olmayan yerlərə belə daxil olmaq qadağandır. Əks halda həm yaxınlarımızı, həm də dövlətimizi məyus etməyiniz qaçılmazdır. Arzu edək ki, heç olmasa bundan sonra hərbçilərimiz və ya vətəndaşlarımızın minaya düşməsi barədə xəbərlər eşitməyəcəyik.

Ədalət Verdiyev, hərbi ekspert

Facebook Comments