“Bu, çıxış yolu deyil” – Məktəblərdəki neqativlərin səbəbləri

2020-2021-ci ildə tədris pandemiya üzündən ənənəvi qaydada keçirilmədi. Buna görə də 1-ci sinif şagirdlərinin adaptasiya problemləri yarandı. Məktəbdə cəmi bir psixoloqun olması isə şagirdlərlə fərdi qaydada işləməyə icazə vermir. Valideynlərin əksəriyyəti maliyyə durumlarından asılı olaraq fərdi qaydada psxioloqa müraciət edə bilmir.

Birincilərin məktəbə adaptasiyası üçün hansı addımlar atılmalıdır? Bu problemin həlli üçün məktəbdə psixoloq sayının artırılması vacibdirmi?

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi təəssüf edir ki ki, məktəblərdə psixoloqlar demək olar öz fəaliyyətlərini doğru yerinə yetirmirlər:

“Məsələn deyək ki, 1 vakant yeri psixoloq tutmalı idisə, o vakant yer boşluqda qalır. Ora hər hansısa psixoloq təyin olunmur, olunsa belə ixtisasca psixoloq olmayan, qeyri ixtisas bir şəxs təyin edirlər. Yekun nəticədə isə, şagirdlərlə işləməkdə çətinliklər yaranır. Düşünürəm ki, məktəbdə təkcə psixoloqun olması ümumi vəziyyətdən çıxış yolu deyil. Yaxşı olar ki, ən azı həftəlik 1 saat psixologiya dərsləri tədris olunsun. Bu, məncə bütün məktəblərdə təyin olunmalı və tədris proqramına psixologiya fənni salınmalıdır”.

O qeyd edib ki, distant təhsildən əyani təhsilə qayıdışda müəyyən çətinliklərin olması qaçınılmaz idi:

“Hazırda hələ də, adaptasiya problemi yaşayan uşaqlar var. Buna təkcə məktəblərdəki ibtidai sinifi yox, həmçinin yuxarı yaş kateqoriyası və ali məktəblər də daxildir.

Məktəbdə 1 və ya 2 psixoloqun olması vəziyyətdən çıxış yolu olmayacaq, ən optimal yol ən azından 1 saat psixologiya dərsləri keçirilməsi olar. Uşaq psixologiyası, şagird-müəllim, uşaq-valideyn münasibətləri, ümumiyyətlə insanların cəmiyyətə adaptasiya olması məsələləri tədrisdə öz yerini almalıdır.

Belə olan halda, hətta biz gələcəkdə cəmiyyətdə baş verən neqativ halların qarşısını ala bilərik. Hazırki dövrdə uşaqların psixologiyasının nə yerdə olduğu məncə hamıya aydındır”.

Facebook Comments