Gülağa Aslanlı: “AXCP dialoqa getmədiyi üçün Müsavat da qoşulmur” fikri tamamilə yanlışdır

“Siyasi partiyaların toplaşdığı hansısa tədbir nə vaxtdan dialoq hesab edilib?! Ölkədə heç bir dialoq keçirilmir. Müsavat Partiyası bu oyunda iştirak etmək istəmir. Nəzərə almaq lazımdır ki, həmin tədbirlərə qoşulan siyasi partiyaların hər birinin ayrı nizamnaməsi və proqramları var. Ölkə rəhbərinin dediyini deyəcək, onun fikirlərinə imza atacaq partiyaların harası müxalifət oldu?! Əvvəlcə müxalifət anlayışının tərifinə baxıb nə demək olduğunu öyrənsinlər. Belə olan halda, Müsavat partiyasının belə “dialoq”larda digər 45 partiya ilə birlikdə olmamasının səbəbini başa düşəcəklər”.

Bunu Pravda.az-a açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib.

O bildirib ki, Müsavat partiyası ölkənin taleyi ilə bağlı olan bütün məsələlərdə dialoqa hazırdır: “Amma dialoqun mövzusu və tərəflər əvvəlcədən müəyyən edilməlidir. Ondan sonra istənilən mövzunu, xüsusilə də Azərbaycanın taleyüklü məsələlərini müzakirə etmək mümkündür. Lakin hansısa siyasi partiyanın qeydiyyata alınması kimi məsələlər dialoq mövzusu deyil. Müsavat partiyası bu cür məsələləri müzakirə mövzusu hesab etmir və ona görə də, diaqlora getmir”.

Müsavat Partiyasının dialoqa qoşulmamasının Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə heç bir əlaqəsinin olmadığını vurğulayan G.Aslanlı qeyd edib ki, bu iddialar əsassızdır: “Hər partiyanın özünün iddiası, fikri və baxışı var. “Dialoq”a getməməklə bağlı Müsavat və AXCP-nin fikirlərinin üst-üstə düşməsini onların mövqeyi ilə əlaqədardır. Yəni, “AXCP dialoqa getmədiyi üçün Müsavat da qoşulmur” fikri tamamilə yanlışdır”.

Facebook Comments