Azərbaycan qazını Bolqarıstana çatdıracaq kəmər gələn ilin ortası istismara veriləcək

Azərbaycan təbii qazını Bolqarıstana çatdıracaq Yunanıstan-Bolqarıstan interkonnektoru (Interconnector Greece – Bulgaria – IGB) 2022-ci ilin iyulun 1-dək istismara verilə bilər.

Sozcu.az xəbər verir ki, bunu Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov “Standard” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, interkonnektor üzrə aparılan tikinti işləri bu ilin sonunadək başa çatdırılmalıdır.

“İnterkonnektorun işə salınması ötən ilin sonuna planlaşdırılırdı. Lakin tikintidə gecikmələr olduğundan Azərbaycan qazının razılaşdırılmış həcmdə Bolqarıstan bazarına nəqli mümkün deyil”, – deyə səfir qeyd edib.

Xatırladaq ki, dövlətə məxsus “Bulgargaz” şirkəti “Şahdəniz-2” yatağından ildə 1 mlrd. kubmetr qazın alınması üzrə “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. “Tikinti gecikdiyinə görə, “Bulgargaz” Azərbaycan tərəfi ilə alternativ tədarük marşrutu üzrə danışıqlara başlayıb. Prinsipcə, qaz Yunanıstanın Komotini şəhərindən Stara Zaqoraya çatdırılmalıdır, lakin mövcud vəziyyətə görə, Siderokastrodan Kulataya gedən marşrutdan istifadə olunur. Bunlar texniki və kommersiya problemidir, bu səbəbdən hələ də gözlənilən həcmdə qaz tədarük edə bilmirik. Bu, bizdən asılı deyil – biz çatdırmağa hazırıq və gözləyirik. Mövcud qaz kəməri texniki səbəblərdən razılaşdırılmış qazın bütün həcmini Azərbaycandan ala bilmir”, – deyə H. Hüseynov əlavə edib.

Facebook Comments