“İran ölkəmizdə “zombiləşmiş” insanlar yetişdirir”

İran və Azərbaycan arasında mövcud olan gərginlik gündəmdən düşmək bilmir. Tarix boyu Azərbaycana qarşı vaxtaşırı iddialarla çıxış edən cənub qonşumuzun bu cür düşmənçilik münasibəti Azərbaycan cəmiyyətində xoş qarşılanmır. Bəs maraqlıdır, İran Azərbaycandan nə istəyir?

Rəsmi Tehranın Azərbaycana qarşı gözügötürməz mövqeyinin səbəblərini Modern.az-a izah edən deputat Fazil Mustafa tarixi proseslərin münasibətlərə təsir etdiyini düşünür.

Fazil Mustafanın fikrincə, İranın Azərbaycandan istəyi onun tərkibində olmasıdır:

“Dövlətimizin müstəqilliyinə qarşı 1918-ci ildə də İranın yanaşması məntiqsiz idi, sonrakı dövrlərdə də. Amma sonradan İran reallıqla barışmalı, Azərbaycanla münasibətləri bərpa etməyə məcbur oldu. Lakin İran yenə də Azərbaycanın daxildən zəifləməsi üçün addımlar atır, siyasət fikirləşir, özləri kimi “zombiləşmiş” bəzi insanları yetişdirir. Bunlar hamısı düşündürücü məsələlərdir. İranın istəyindən biri də Azərbaycanda farsların ideologiyasına uyğun dövlət qurulmasıdır. Dövlətimizin rəsmi Tehranın iradəsi ilə hərəkət edən ölkəyə çevrilməsini arzulayır. Bu işə alt qatlarda cəlb etdikləri savadsız kütlənin bir hissəsini istiqamətləndirməyə çalışırlar. Lakin bunlar hamısı xəyallar, yuxulardır. Azərbaycanla indiki vəziyyətdə bu cür davranmaq olmaz. Ona görə İran Azərbaycanı zəiflətmək üçün Ermənistana ciddi dəstək verir, bu siyasət davam etməkdədir. Azərbaycan da təbii ki, bu siyasətə qarşı öz dirənişini ortaya qoyur, qətiyyətli mövqeyini sərgiləyir. Hesab edirəm ki, İranın bu cür fəaliyyətləri reallığa uyğun deyil, heç bir əhəmiyyəti də olmayacaq. Özü öz ziyanına işləyir. Çünki bu bölgədə ancaq Azərbaycanla dost olanlar qazana bilərlər, bizimlə düşmənçilik edənlər heç nə əldə etməyəcəklər”.

Facebook Comments