Həbsdə olan türk dili fəalı Əlirza Fərşidən xəbər yoxdur

Tehran şəhərinin “Fəşafuyə” zindanında saxlanılan türk dili fəalı Əlirza Fərşinin durumundan xəbər yoxdur.

O, zindanda baş verən insidentdən sonra 9-cu bölmənin dini mərasimlərin keçirildiyi “Hüseyniyyə”sinə köçürülüb.

Ə.Fərşi ailəsi ilə telefonda danışarkən əlaqə kəsilib və ondan sonra barəsində məlumat almaq mümkün olmayıb.

Qeyd edək ki, o, ailəsinə cinayətlər törətmiş məhbuslar tərəfindən siyasi məhbuslara qarşı törədilən təhlükə barədə məlumat verirmiş.

53 saniyəlik telefon danışığı zamanı Əlirza Fərşi zindanda baş verənlər barədə məlumat verib və saxlanıldıqları “Hüseyniyyə”dən 5-ci bölməyə köçürülmələrini tələb etdiklərini deyib.

Məhbusların verdiyi məlumata görə, oktyabrın 11-i, axşam saatlarında zindana xüsusi qüvvələrin gətirilib, türk dili fəalı Əlirza Fərşi və başqa bir neçə məhbusun zindanın 1-ci bölməsinə köçürülüb.

Rəsmi qurumların birgə yaydığı məlumata görə, Həbsxanalar Təşkilatının başçısı, müfəttişləri və başqa əlaqədar qurumların rəhbərlərinin iştirakı və xüsusi qüvvələrin müşayiəti ilə Fərşi də daxil zindanın 9-cu bölməsində saxlanılan bir qrup məhbus həbsxananın 1-ci bölməsinə köçürülüb.

Məsullar bunu 9-cu bölmədə məhbusların saxlanılması üçün uyğun şəraitin olmaması ilə əlaqələndirib və məhbusların etirazlarına baxmayaraq onları yeni bölməyə köçürüblər.

Tehran əyalətinin Həbsxanalar, Təhlükəsizlik və Təlim Tədbirləri Təşkilatının müfəttişi bildirib ki, göstəriş yuxarıdan, təhlükəsizlik orqanından verilib və köçürülmə mütləq həyata keçiriləcək.
Qeyd edək ki, oktyabrın 8-də Tehranın “Fəşafuyə” zindanında ağır cinayətlərə görə cəza çəkən məhkumlar siyasi məhbuslara hücum edib.

İnsident zamanı siyasi məhbuslar döyülüb. Hücuma məruz qalan siyasi məhbuslardan bir neçəsi bədən xəsarəti alıb.

Onların zindanın tibb məntəqəsinə yerləşdirildiyi bildirilir.

İranda məhbusların ittihamlarına görə təsnifatlandırılması və yerləşdirilməsi qanunu icra edilmədiyi üçün ağır cinayət törətmiş müttəhimlərlə siyasi məhbuslar bir yerdə saxlanılır.

İran hökuməti və zindan rəhbərliyi bu vasitə ilə siyasi məhbuslara basqı göstərir, istənilən zaman onlara qarşı sui-qəsd törədir.

Əlirza Fərşi 2014-cü ilin iyul ayının 21-də Tehran şəhərində beynəlxalq ana dili günü mərasimində iştirak etdiyi üçün digər milli fəallar ilə birlikdə İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınıb, neçə gün saxlanıldıqdan sonra müvəqqəti olaraq məhkəmə iclasına qədər sərbəst buraxılmışdı.

Ə.Fərşi 2016-cı ildə, Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən “İranın milli təhlükəsizliyini pozmaq qəsdi ilə qruplaşmada iştirak etmək” ittihamı ilə 15 il məhbəs və İranın güneyində yerləşən Xuzistan vilayətində iki il sürgün həyatı keçirmə cəzasına məhkum edilib.

Bu cəza, daha sonra Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsinin sədri olan hakim Babayi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilib.

Nəhayət 2020-ci ilin iyul ayının 21-də bu milli fəal yaxalanıb və iki illik həbs cəzasını çəkmək üçün Tehran şəhərinin Evin həbsxanasına köçürülüb.

Facebook Comments