Ağdərədə erməni traktorçunu separatçılar özləri güllələyib…

Oktyabrın 9-da Ermənistan mediasının Ağdərə ərazisində erməni traktorçu Aram Tepnansın guya, Azərbaycan Ordusunun snayperi tərəfindən öldürülməsi barədə yaydığı məlumat, ermənilərə xas olan şər-böhtandan başqa bir şey deyil. Doğrudur, elə həmin gün Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətindən hayların yaydığı bu informasiyanın həqiqəti əks etdirmədiyi bildirilsə də, ancaq deyəsən separatçıların bukimi çirkin planları ilə bundan sonra hələ çox Aramlar “snayper” gülləsinə tuş gələcək. Çünki, bu olaydan öncə ermənilərin ardıcıl olaraq məkrli yazıları və ya siyasi gedişləri onu göstərir ki, traktorçu Aramın başında çatlayan bu işin ssenaristləri elə separatçıbaşlar özləridir.

Öncə ondan başlayaq ki, Paşinyanın Ermənistan-Azərbaycan arasında dövlət sərhədinin delimitasiya və demarkasiyası, o cümlədən nəticədən asılı olaraq sülh sazişinə meyilli olmasını nə Xankəndidəki separatçılar, nə də ondan əvvəl Ermənistana rəhbərlik edən qüvvələr, xüsusən də Koçaryan istəyir. Görünür onlar yaxşı qanır ki, sülh sazişi bağlandığı təqdirdə Azərbaycan öz 86.6 min kvadrat kilometr ərazisini tam bərpa edəcək və bununla da ermənilərin Qarabağdakı “eşşəyi” birdəfəlik öləcək.

Baxın, bu olaydan öncə ermənilərin ardıcıl olaraq hiyləgər gedişlərini nəzərdən keçirəndə görürsən ki, hələ bu ilin 16 iyununda Robert Koçaryan erməni mediasına verdiyi müsahibələrin birində rusiyalı “sülhməramlıların” Qarabağda nəzarət etdikləri mövqelərdə müddətsiz qalmasına çağırış edərək, “Sülhməramlıların gələcək mandatının və onların bölgədə olmasının qeyri-müəyyənliyi ən böyük problemdir. Hesab edirəm ki, bu mandatın müddəti göstərilmədən müddətsiz olması daha yaxşı olardı”, – deyir. O, hətta, “Mandat beş il ərzində fəaliyyət göstərir, buna görə dörd il altı ay sonra Azərbaycan Rusiyaya onun davam etməsinə qarşı olduğunu bildirmək hüququna malikdir və bundan sonra sülhməramlılar Dağlıq Qarabağı tərk etməyə məcbur olacaqlar”, – deyə öz qorxusunu açıq bəyan edir.

Traktorçu Aramın ölümündən bir həftə öncə isə, 4 oktyabrda yenə də Koçaryan: “Ermənistan hakimiyyəti Dağlıq Qarabağ haqqında danışmağı dayandırıb və bütün məsələləri şüurlu şəkildə Rusiyanın çiyninə yükləyib… Danışıqlar masasında erməni tərəfinin ciddi arqumenti qalmayıb. Bakı isə Qarabağ məsələsinin nəhayət həll edildiyini bəyan edir. İndi Bakı Qarabağdakı sülhməramlıların regionda olmalarının beş illik müddəti bitdikdən sonra mandatından imtina edərsə nə baş verəcək? Mən Bakının Rusiyanın sülhməramlı missiyasının mandatını uzatmağa razı olmadığı təqdirdə nə baş verəcəyi barədə hər gün düşünürəm. Maraqlıdır, indiki hakimiyyət bu sual barədə düşünür?” – deyə, qatil, keçmiş prezident asqırıb indi hələ ayılır.

Xronoloji gedişlər davam edir; üç gün əvvəl 7 oktyabrda “Ruskiy oriyentalist” Teleqram kanalının müəllifi, şərqşünas İqor Dimitriyevin “Regnum” informasiya agentliyinə verdiyi müsahibədə, “Rusiya sülhməramlıları Qarabağı dörd ildən sonra tərk etmək məcburiyyətində qalacaqlar… Rusiyanın orada qalması üçün hansısa əsası yoxdur. Sülhməramlıların burada yerləşməsi sadəcə Qarabağın ermənilər üçün itirilməsi prosesini daha az ağrılı edəcək… Ermənilər Qarabağı tərk edəcəklər, etnik təmizləmə olmayacaq”, deməsi bütün erməniləri çox güman ki, dəli etdi.
İqor Dimitriyev nəfəsini dərməmiş səhəri gün 8 oktyabrda “Azadlıq” radiosunun Ermənistan xidmətinə bu ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dərhal müsahibə verərək, onlar Rusiyanın Qarabağda 2020-ci il 10 noyabr sazişinin müddəti bitəndən sonra qalması üçün hər şey edəcəklərini bildirdi. Çox güman ki, elə burda da traktorçu Aramın anası ağladılır. “Azərbaycanın 4 ildən sonra Qarabağda Rusiya sülhməramlılarından imtina edəcəyi halda masada ssenari varmı?”, sualına cavab olaraq isə Qriqoryan həyasızlıqla, “Bu məsələ gündəmdədir və rusiyalı həmkarları ilə müzakirə olunur. Onlar hadisələrin belə mümkün inkişafı halında addımları necə razılaşdırmağı götür-qoy edirlər”, – deyib. O, hətta bu yerdə lap “kardaşyanlıq” edərək, sırtıqcasına “10 noyabr bəyanatı uzunmüddətli qalmanı nəzərdə tutur. Ancaq Azərbaycan razılaşmasa, cəhdlərimizi birləşdirib problemin həlli yolunu tapmağa çalışacağıq”, – deyə göz görə-görə konkret 5 illik müddəti, “uzunmüddətli” adlandırır.

Bundan sonra isə 9 oktyabrda traktorçu Aram öldürülür. Separatçı rejimin qondarma “ombudsmanı” Qeqam Stepanyan: “Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri Qarabağın dinc sakinlərinə təhlükə yaradır”, “Martakertdə baş verən hadisə Bakının öhdəliklərinin kobud şəkildə pozulmasıdır”, başlıqlı bəyanatlarla çıxış edib, həmçinin Qarabağ “hakimiyyəti” də öz növbəsində mülki şəxsin qətlini Azərbaycan snayperi tərəfindən edilən terrorçuluq adlandıraraq, vay-şüvənlik etməyə başlayıblar. Haylar utanmadan bir az da irəli gedərək, hətta rusiyalı “sülhməramlılardan” Azərbaycan Ordusunu dayandığı mövqedən beş kilometr geri çəkməyi də tələb kimi irəli sürüblər. Bütün bunlar onu göstərir ki, gələcəyə indidən “ayaqyeri” qoymaq məqsədi ilə, həm də əllərində tutarlı əsas olsun deyə, Ağdərədə erməni traktorçunu separatçılar elə özləri güllələyib.
Bu üzdən də separatçılar Qarabağ məsələsinin ən azı indiki vəziyyətdə qalması üçün azərbaycanlılarla birgə yaşayışın mümkün olmadığını əsas gətirərək, Azərbaycanda məramı sülh olmayan rusların qoltuğu altında 5 il deyil, daha uzun müddətə qalmalarından ötrü qarşıdakı illərdə hələ neçə-neçə “Aramlarından” keçəcəyi heç kimdə şübhə yaratmamalıdır. Ancaq rəsmi Bakı Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryannın “sülhməramlılarla” bağlı Moskva ilə “götür-qoy” etməsinin qarşısına özünəməxsus şəkildə elə bir tutarlı şərt qoymalıdır ki, istər ermənilər, istərsə də ruslar götürmək istədiklərini yerə qoyub arxalarına baxmadan birdəfəlik Azərbaycan ərazisindən qaçsınlar! (moderator.az)

Mübariz Azərbaycanlı, müstəqil jurnalist

Facebook Comments