“Yaramaz adamlardan rüşvət alıb yüksək vəzifəyə təyin etdirmək vəzifə xətası yox, dövlətə, xalqa xəyanətdir…”

“Söhbət həbsdə olan icra başçılarının azadlığa çıxmasından yox, ora düşmələrindən gedir. Əgər bu icra başçılarına dövlət başçısı insanların taleyini tapşırmışdısa və ondan qabaqkı 5-6 icra başçısını tutub axtalayıblarsa, gərək bu nəticə çıxaraydı”

Sozcu.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq şairi Vahid Əziz deyib. V.Əziz bu adamları pəh-pəhlə təqdim edib vəzifəyə təyin etdirən adamların cəzalandırılmasının vacibliyini vurğulayıb:

“Bizdə isə başqa bir məsələ baş verir. Məsələn, birini rayona icra başçısı təyin edirlər, gedir rayonda nəsə tikir, qurur. Onun yerinə başqasını təyin edəndə o, gəlir xələfinin tikdiklərini söküb yerində öz bildiyini tikir. Əvvəlki icra başçısının isə vəzifəsini böyüdürlər. Onda sual yaranır ki, əgər bunun tikdiyi şeylər sökülməliydisə, bunun vəzifəsini niyə yüksəldirsiniz?! Belə çıxır ki, o, işə yarıyan adam olmayıb. Bu tikilini sökdürən yeni icra başçısından da bunun səbəbini soruşan yoxdur.

Məsələ bundadır ki, bu gün Azərbaycanda bir neçə icra başçısı həbsdədir, hələ bir neçəsi də ola bilsin həbsə gedəcək, bunu bilmək olmaz. Azərbaycan Respublikasının Prezindeti İlham Əliyev bu adamların heç birini şəxsən tanımayıb. Mən buna arxayınam. Bu icra başçılarını pəh-pəhlə tərifləyib, Prezidentə təqdim edən adamlardan niyə soruşmurlar ki, sən bu yaramazları tərifləyib dövlət başçısını aldatmısan. Söhbət bundan gedir. İcra başçılarını bədbəxt edən adamdan soruşmaq lazımdır. Bir nəfərin həbsə düşməsi 10 nəfəri paralic etməkdir. Çünki bu insanların da ailəsi, qohumları var. Bir icra başçısı həbs ediləndə 60 nəfər güdaza gedir və bu adamların içində xalqını sevəni də, vətənpərvəri də var. Bəs onda niyə bu xalqı bədbəxt edirlər?! Niyə bu Azərbaycan xalqının namusunə, qeyrətinə qəsd edən adamdan soruşmurlar ki, ay filankəslər, siz bu adamları tərifləyib Prezidentə təqdim etməklə niyə bizi aldatmısınız?!

Mən çox istəyərdim ki, Prezident o adamlardan bunu soruşsun. Bu adamlar nigah şahidi deyillər ki, ailə dağılandan sonra məsuliyyətsiz qalsınlar. Yaramaz adamlardan rüşvət alıb yüksək vəzifəyə təyin etdirmək vəzifə xətası yox, dövlətə, xalqa xəyanətdir”.

Qeyd edək ki, Biləsuvarın sabiq icra başçısı Mahir Quliyev də həbsxanada koronavirusa yoluxub və o, süni nəfəs aparatına qoşulub.

Facebook Comments