Urmu gölünün suyu 2 milyard kubmetr azalıb

Urmu gölünün su həcminin azalması davam edir. Bu barədə Qərbi Azərbaycan əyalətinin Regional Su Şirkətinin başçısı Yasir Rəhbərdin açıqlama verib.

Yasir Rəhbərdin sentyabrın 7-də mətbuata verdiyi açıqlamada bildirib ki, gölün su səviyyəsi hazırda 1270.69 metrdir. Ötən il bu 1271.31 metr olub.

Ötən ilin eyni dövrünə nisbətən su səviyyəsi 62 sm azalıb.

Hal-hazırda gölün sahəsinin 2194 kvm, bunun ötən ilin eyni dövründə 3655 kvm olduğuna diqqət çəkən Yasir Rəhbərdin bu müddət ərzində gölün sahəsinin 1461 kvm kiçildiyini bildirib.

Y. Rəhbərdin ötən il Urmu gölündə su həcminin 4 milyard 880 milyon kubmetr, hazırda isə 2 milyard 860 milyon kubmetr olduğunu deyib.

O, bir il ərzində Urmu gölündə su həcminin 2 milyard 20 milyon kubmetr azaldığını söyləyib.

Facebook Comments