Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bir ildir xəstənin şikayətinə baxmır

ƏƏSMN və tabeliyindəki Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bir ildir xəstənin şikayətinə baxmır.

10 ilin ürək,  15 ilin şəkər,  vərəm xəstəsinə əlillik dərəcəsi verilmir

ƏƏSMN-in tabeliyindəki qurumların özbaşınalığı o həddə çatıb ki, vətəndaşların müraciətlərinə cavab verməyi belə özlərinə sığışdırmırlar. Halbuki, Konstitusiya hər bir müraciətə ayrı-ayrılıqda cavab verməyi doğrulayır. Konstitusiyaya, qanunlara hörmətsizliyin ən üzdə olanı xəstə vətəndaşların əlillik dərəcəsinin müəyyən edilməsi ilə bağlı TSEK-ə göndərilən arayışlarla bağlı verilən imtina qərarlarından şikayətlərə baxılmamasıdır. NK-nın 16.01.2020 tarixli 11 saylı “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3-cü bəndi isə imtina qərarından şikayətə baxılmasını ƏƏSMN-in tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və nazirliyin 9 məsul əməkdaşının üzərinə qoyub. Amma faktiki olaraq  illərdir xəstələrin şikayətinə baxılmır.

Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 21, m.37-də qeydiyyatda,  ərazi üzrə 7 saylı şəhər poliklinikasında uçotda olan Bədəlov Zahid Xanmalı oğlu 15 ildir ağır formalı şəkərli diabetdən elə əziyyət çəkir ki,  artıq gözləri də görmə qabiliyyətini itirmək üzrədir, il yarımdır gözündən də əməliyyat olunub. Dərd gələndə batmanla gələrmiş,  on il qabaq şəkər xəstəsinin ürəyi də çat verib,  ortalıq 30 min manata başa gələn dörd stend qoyulması da dadına çatmayıb , 5-6 il qabaq açıq ürək əməliyyatı keçirib. Üç il qabaq “Ağ ciyər xəstəlikləri” mərkəzində iki aylıq müalicə almaqla  vərəm xəstəsi kimi uçota götürülüb.  Uçotda olduğu 7 saylı poliklinika isə nəinki pasiyentin sağlamlığının qayğısına qalıb,  heç şəkər, vərəm, ürək xəstəsi kimi nəzarətə götürüb pulsuz verilməli dərmanlarla da təmin etməyib. Xəstə vətəndaşa əlillik dərəcəsinin müəyyən edilməsi üçün ƏƏSMN yanında Tibbi Sosial Ekspertiza Komissiyasına (TSEK) “forma-88” arayşının göndərilməsi də rüşvət tələb edilməsi ucbatından beş ilə yaxın aradan sonra  gerçəkləşib .

Axırı, 31.08.2020 tarixli “forma-88” “ÜİXGərginlik stenokardiyası ll f/s. AKŞ  (aorta koronar şuntlama) ×3 əməliyyatından sonrakı vəziyyət. QOÇ  (qan dövranı çatmazlığı) İlahi dərəcə. Hipertoniya xəstəliyi Il mərhələ. Şəkərli diabet tip 2. Keçirilmiş plevritdən sonrakı vəziyyət” diaqnozu ilə TSEK -ə göndərilib və anında TSEK-in imtina qərarı gəlib ki, NK-nın 16.01.2020 tarixli qərarının 1.5.1 bəndinə əsasən son bir ildə heç bir ixtisaslaşmış müalicə və müayinədə olmadığı üçün ƏLAVƏ MÜALİCƏYƏ EHTİYACI VAR. Bu imtina cavabı ilə razılaşmayan xəstə vətəndaş düz bir ildir hər həftə,  hər ay NK-nın qərarına əsasən imtina cavabından şikayət verib, əyani yoxlanılmasını tələb etsə də ,  hələ də qanuni şikayətinə heç bir cavab verilməyib.  Yalnız 7 saylı poliklinika yataq xəstəsinin poliklinikaya gələrək yenidən komissiyadan keçməsini bildirib,  xəstə vətəndaş isə bunun qanunsuz olduğunu NK-nın 16.01.2020 tarixli 11 və 12 saylı qərarları ilə əsaslandırıb. Birincisi, NK-nın 16.01.2020 tarixli 12 saylı “Əlilliyin qiymətləndirilməsi məqsədilə   tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın , yəni,  tibb müəssisəsindən TSEK-ə“forma-88” arayışının göndərilməsi qaydasının 1.5.2 bəndinə əsasən ,  vərəm xəstələrinin,  anatomik çatmazlıqları (ürək, qan-damar, tənəffüs və s.) olan şəxslərin göndərişlərinə 1.5.1 bəndində nəzərdə tutulan istisna , yəni 6 aylıq müalicə şərti tətbiq edilmir. İkincisi, vətəndaşın barəsində “forma-88 göndərilməsi zamanı gözündən əməliyyat da olunub və vurğuladığımız kimi,  daimi ambulator müalicədədir. Üçüncüsü , TSEK bilərəkdən ona aid olmayan, tibb müəssisəsinə aid olan 16.01.2020 tarixli 12 saylı göndərişlərin TSEK-ə göndərilməsi qaydasını yox, eyni 16.01.2020 tarixli 11 saylı “Əlilliyin qiymətləndirilməsi Qaydası”nı tətbiq etməyə , yəni artıq sistemə daxil edilən “forma-88” əsasında qiymətləndirmə aparmağa borcludur. Qiymətləndirmə isə NK-nın 30.12.2015 tarixli 413 saylı Qərarı ilə doğrulanan “Əlilliyin və sağlamlıq imkanlarının  məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun həyata keçirilir. Sözügedən əsasnaməyə əsasən,  ll dərəcə qan dövranı çatmazlığı  (QDÇ) ömürlük 2-ci dərəcə əlillik təyin etməyə əsas verən xəstəlikdir. Başqa sözlə, belə ömürlük xəstənin əlavə müalicəyə ehtiyacının olması “əsası” ilə əlillik dərəcəsindən məhrum edilməsi tam əsassızdır və bu sahədəkikorrupsiyadan , mənəvi terrordan qaynaqlanır. Bağlantılı qurumlar,  hüquq mühafizə orqanları isə ƏƏSMN -in tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya  (DTSER) Agentliyinin özünə aid olan qərarı “unudub” ,  özünə aid olmayanı , özü də yanlış tətbiq etməsinə hüquqi qiymət verməyə çətinlik çəkir? ! Bir ildir vətəndaş yataq xəstəsinin toplam beş yüzə yaxın şikayətlərinə niyə baxılmır? Ombudsman şikayəti barəsində şikayət edilən DTSER-ə, o polikilinkaya  göndərir, poliklinika xəstəni yataqdan zənglə təkrarmüayinəyə çağırır , TƏBİB , Səhiyyə Nazirliyi isə susur. Vətəndaşın qərardan şikayət vermək hüququnu tanımayan tibb müəssisəsinin həkim məsləhət,  ƏƏSMN -in tibbi-sosial ekspert komissiyalarının NK-nın 16.01.2020 tarixli 11 və 12 saylı qərarlarını sonacan oxumaları məsləhətdir : 12 saylı qərarın 2.8, 11 saylı qərarın 3-cü bəndinə əsasən,  vətəndaşın inzibati icraat və məhkəməyə müraciət etmək hüququ vardır. DTSER Agentliyinin şikayət vermiş şəxsi yatdığı yerdə əyani müəyyən etmək yerinə,  hələ də heç bir hərəkət etməməklə qanunu pozması vətəndaşı məhkəməyə müraciət etmək hüququndan da məhrum edib. Özbaşınalığı durduran olacaqmı?

Məğrur Bədəlsoy

Sozcu.az

Facebook Comments