Orban Moskvaya təsdiqimiz olmadan gedib - Merz

Macarıstanın Baş naziri Viktor Orban danışıqlar üçün Avropa mandatı və ya AB liderlərinin təsdiqi olmadan Moskvaya səfər edib. Sozcu.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz Berlində Sloveniyanın Baş naziri Robert Qolobla birgə mətbuat konfransında deyib. “Orbanın mövqeyi bizə çoxdan məlumdur. Bu, onun Moskvaya ilk səfəri deyil”, - o bildirib. Merz qeyd edib ki, Orban artıq 2024-cü ildə Avropa Şurasına sədrliyi dövründə Moskvaya səfər edib: “O, ora Avropa mandatı və ya bizim təsdiqimiz olmadan gedir. Amma burada yeni bir şey yoxdur, onun bu müharibəni bitirməklə bağlı öz fikirləri var. Bu ideyalar hələ də gerçəkləşməyib”.

Bulvar İdarəsi ağac və bitki alışına yarım milyon xərcləyəcək

"Dənizkənarı Bulvar İdarəsi" Publik Hüquqi Şəxsi ağaclar, kol bitkiləri və ot örtüyü (qazon), eyni zamanda zanbaq (tülpan) soğanaqları alacaq. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, idarə bununla bağlı toplamda 480 min 610 manat vəsait xərcləməyi planlaşdırır. Ağacların, kol bitkiləri və ot örtüyü (qazon), eyni zamanda zanbaq (tülpan) soğanaqlarının alınması ilə bağlı iki tender elan edilib. Qeyd edək ki, cari ildə Dənizkənarı Bulvar İdarəsi 8 satınalma müqaviləsi bağlaıb. Həmin müsabiqələr nəqliyyat vasitələrinin təmiri, isitmə və soyutma avadanlıqlarının, pilotsuz uçuş aparatlarının, nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin, boyaların, kimyəvi və üzvi maddələrin, təsərrüfat mallarının, tikinti materiallarının və təmizlik vasitələrinin satın alınması ilə bağlı keçirilib. Müsabiqələrdə “Rn Strong" MMC, “Skytech International" MMC, “Şərqmotors" MMC, “Bimextech" MMC, “Baku Supply Company" MMC, “Dc Group" MMC, “Tirinova" MMC, “Texnolog" MMC, "Güvən Lux" MMC, "Faber Chemicals" MMC qalib seçiliblər. İdarənin keçirdiyi satınalma müsabiqələri üzrə müqavilələrin ümumi maliyyə dəyəri isə 1 493 295,98 manat təşkil edib. Müsabiqələrdə qalib gələn şirkətlərinin bir çoxu haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.

Şənbə gününü havası: Çiskin yağış, duman...

Bakıda və Abşeron yarımadasında noyabrın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, gün ərzində bəzi yerlərdə fasilələrlə çiskinli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-11, gündüz 14-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 70-75 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şərq rayonlarda çiskinli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8, gündüz 13-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti olacaq.

1-ci sinif şagirdi məktəbin həyətində öldü – Xəstə idi

Abşeron rayonu Masazır qəsəbəsindəki məktəblərdən birində şagird vəfat edib. Sozcu.az xəbər verir ki, dünən Masazırdakı Əliağa Vahid adına 1 N-li tam orta məktəbin qarşısında 1-ci sinif şagirdi, qəsəbə sakini 2018-ci il təvəllüdlü Emin Etibar oğlu Həmidovun qəflətən halı pisləşib. Təcili tibbi yardım gələnədək azyaşlı vəfat edib. Şagirdin qan azlığı və ürək problemlərindən əziyyət çəkdiyi bildirilib. Faktla bağlı araşdırmalar aparılır.

ABŞ Maduro üçün 50 milyon mükafat təyin etdi – Türkiyəyə qaça bilər

Venesuela prezidenti Nikolas Maduro (Nicolas Maduro) ölkədən qaçacağı halda Türkiyəyə sığınmağı seçə bilər. Bu iddia “The Washington Post” (WP) qəzetinə danışan mənbələrə istinadən irəli sürülüb. Sozcu.az “The Washington Post”a istinadən xəbər verir ki, qəzetə danışan mənbələr ABŞ prezidenti Donald Trampın (Donald Trump) Maduronu ölkədən uzaqlaşdıracağı halda, 63 yaşlı siyasətçinin Türkiyəyə getməsinin mümkün variant kimi müzakirə edildiyini bildiriblər. Ağ Evə yaxın bir mənbə ABŞ-ın Karib hövzəsindəki əməliyyatlarından danışarkən deyib ki, “Türkiyə Maduro üçün mükəmməl məkandır. O, Ərdoğana güvənir, Ərdoğanın da Tramp ilə yaxşı münasibətləri var”. Mənbəyə görə, Vaşinqton ilə Karakas arasında mümkün sürgün razılaşmasında ABŞ-ın Maduronun ekstradisiyasından imtina edəcəyinə dair təminatların yer ala biləcəyi də ehtimal edilir. Xatırladaq ki, Maduronun başına ABŞ tərəfindən 50 milyon dollar mükafat qoyulub. Ağ Evin mətbuat katibinin müavini Anna Kelli Maduronun Türkiyəyə sürgün edilməsi məsələsinin müzakirə olunub-olunmadığı barədə sualları cavabsız qoyub. “WP”nin məlumatına görə, Vaşinqtondakı Türkiyə səfirliyi də mövzuyla bağlı şərh verməyib. Digər tərəfdən, Venesuela rəhbərliyi Maduronun sürgün variantını nəzərdən keçirdiyinə dair xəbərləri dəfələrlə təkzib edib. Venesuela hökumətinin Kuba, Rusiya və İranla yaxın əlaqələri var. Lakin qəzetə danışan rəsmilərdən biri deportasiya təhlükəsi və sürgün razılaşmasına əməl olunması baxımından Türkiyənin Maduro üçün “daha təhlükəsiz seçim ola biləcəyini” iddia edir. Türkiyə ötən il Venesuelanın cənubunda qızıl hasilatı üçün Maduro hökuməti ilə anlaşma imzalayıb. Eyni zamanda neft və qaz sahəsində əməkdaşlıq mövcuddur. 2018-ci il seçkilərindən sonra Venesuelada yaşanan siyasi böhran dövründə iki ölkə arasında qızıl ticarətində də kəskin artım olmuşdu. Karakas idarəsi emal üçün tonlarla qızılı Türkiyəyə göndərmişdi. “Johns Hopkins Universiteti”nin tədqiqatçısı Laysel Hins hesab edir ki, Türkiyə Tramp administrasiyasının xarici siyasətində əhəmiyyətli rol oynamaq imkanını qaçırmaq istəməyəcək. Onun fikrincə, Ankara Maduronu qəbul etməklə “F-35” məsələsində öz mövqeyini gücləndirməyə çalışa bilər.

Ramiz Mehdiyev daha bir vəzifəsini itirdi

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin tərkibindən çıxarılıb. Sozcu.az modern.az-a istinadla xəbər verir ki, Prezidenti bununla bağlı 12 noyabr 2025-ci il tarixli 797 nömrəli Sərəncam imzalayıb. Ramiz Mehdiyev 2024-cü ilin oktyabrına kimi Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti sədrinin birinci müavini postunu tutub. Ötən ilin oktyabrında Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamədə dəyişiklik edilib. Həmin dəyişikliyə əsasən, redaksiya heyəti sədrinin birinci müavini postu ləğv edilib. Nəticədə Ramiz Mehdiyev Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin tərkibində sadəcə adi üzv kimi qalıb. 12 noyabr 2025-ci il tarixli Sərəncamla isə R.Mehdiyev Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin adi üzvlüyündən də çıxarılıb. Xatırladaq ki, Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin sonuncu tərkibi dövlət başçısının 1 noyabr 2018-ci il tarixli 636 nömrəli Sərəncamı ilə təsdiqlənib. Hazırda Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin sədri Prezident İlham Əliyevdir. Redaksiya heyəti sədrinin müavinləri Akif Əlizadə (AMEA-nın həqiqi üzvü), İbrahim Quliyev (AMEA-nın həqiqi üzvü) və Anar Rzayevdir (Xalq yazıçısı). Azərbaycan Milli Ensiklopediyasının baş redaktoru İsa Həbibbəyli (AMEA-nın prezidenti), məsul katibi Tofiq Nağıyevdir (AMEA-nın vitse-prezidenti). Akademik Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur. Bir müddət öncə Səbail rayon Məhkəməsində Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edilib. Məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. 87 yaşlı Ramiz Mehdiyev 1995-2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, 2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub. O, hazırda Azərbaycan Milli Elmlər Akademikasının həqiqi üzvüdür.

Dünya Putinə gülür: Rus ordusu olmayan şəhəri alıb

Rusiya Prezidenti Vladimir Putin Bişkekdə çıxışı zamanı rus ordusunun Ukraynada olmayan bir şəhərdə irəliləməsindən danışıb. Sozcu.az xəbər verir ki, bu barədə “Agentstvo” nəşri məlumat yayıb. “Qırğızıstanda keçirilən mətbuat konfransında Prezident Putin Rusiya qoşunlarının Komsomolsk şəhərindəki irəliləyişlərindən danışıb. Belə bir şəhər isə mövcud deyil”, - nəşr bildirib. Kremlə yaxın bir neçə Teleqram kanalı isə Putinin olmayan bir şəhər barədə danışmasına səbəb kimi Baş Qərargah rəisi Valeri Gerasimovun ona yanlış informasiya verməsini göstərib. “Vladimir Putin Baş Qərargahdan, birbaşa Gerasimovdan keyfiyyətsiz bir arayış alıb və orada mövcud olmayan bir şəhərdən bəhs edilib. Bu, sadəcə olaraq biabırçılıqdır. Bunun necə baş verdiyini araşdırırıq”, - məlumatda vurğulanıb. Qeyd edək ki, dünən Rusiya Prezidenti Vladimir Putin Bişkekdə çıxışı zamanı Komsomolskda şəhər döyüşlərinin getdiyini və rus ordusunun irəlilədiyini bildirmişdi. Onun olmayan bir şəhər barədə çıxışı gülüşə səbəb olmuşdu.

Yermak təsdiq etdi: Tam əməkdaşlığı təmin edirəm…

Ukraynanın antikorrupsiya qurumları ilə tam əməkdaşlığı təmin edirəm. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib. “Müstəntiqlər heç bir maneə ilə üzləşmir. Onlara mənzilə tam giriş imkanı verilib, vəkillərim yerindədir, hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edirlər. Mən tam əməkdaşlığı təmin edirəm”, - o bildirib. Qeyd edək ki, Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğu (SAP) Yermakın ofisinə daxil olaraq, axtarış aparıblar.

Yermakın evində axtarışlar buna görə aparılır - Miller

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakın Kiyevdəki evində axtarışlar “Midas” antikorrupsiya əməliyyatı ilə bağlıdır. Sozcu.az xəbər verir ki, bunu “Faynənşl Tayms” nəşrinin Kiyevdəki müxbiri Kristofer Miller özünün X səhifəsində yazıb. “Mənbələrim məlumat verir ki, Prezident Ofisinin rəhbəri Andrey Yermakın Kiyevdəki mənzilində aparılan axtarışlar Ukraynanın enerji sektorundakı iddia edilən korrupsiya ilə bağlı genişmiqyaslı araşdırma olan “Midas” istintaqı ilə əlaqəlidir”, - jurnalist bildirib.

Ruslar Zaporojyedə əsirləri sıraya düzüb güllələdi...

Rusiya hərbçiləri Zaporojye vilayətində Ukrayna ordusunun əsir götürdüyü beş əsgərini güllələyiblər. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın “DeepState” monitorinq qrupu məlumat yayıb. “Əldə etdiyimiz məlumata görə, düşmən əsgərləri meşə zolağında əsir götürüblər. Onları sıraya düzüb, sorğu-sualdan sonra güllələyiblər”, - məlumatda deyilir. Monitorinq qrupu hadisəni hərbi cinayət və beynəlxalq hüququn kobud formada pozulması kimi qiymətləndirib.

İki görüş 37 illik münaqişəni həll edə bilməz - Paşinyan

Ermənilər və azərbaycanlılar arasında dialoq ritorikanı dəyişdirməyi hədəfləyir. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. “İki ekspert görüşü 37 illik münaqişənin bütün problemlərini həll edə bilməz. Dəyişikliyin baş verməsi üçün bir proses olmalıdır. Dialoqun olmaması o deməkdir ki, ermənilər Azərbaycandakı müəyyən dairələrin, azərbaycanlılar isə Ermənistandakı müəyyən dairələrin ritorikasında heç nəyin dəyişmədiyini görürlər”, - Paşinyan bildirib.

Kəlbəcərdəki hərbi hospital vətəndaşlara da xidmət göstərəcək

Kəlbəcərdə fəaliyyət göstərən Müdafiə Nazirliyinin hərbi hospitalı müvəqqəti olaraq həm də mülki vətəndaşlar üçün xidmət göstərəcək. Sozcu.az Report-a istinadla xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli məlumat verib. H.İbrahimli əlavə edib ki, hazırda Kəlbəcərdə mülki vətəndaşlar üçün xəstəxana fəaliyyət göstərmədiyindən tibbi xidmət almaqdan ötrü saatlarla yol qət etməyə məcbur olurlar: "Ona görə də tibbi xidmətin təşkili üçün adıçəkilən hospitalla müqavilə imzalanıb: "Müqaviləyə əsasən, Kəlbəcərdə yeni tibb müəssisəsi tikilinə qədər hospitalda həm də mülki əhaliyə xidmət göstəriləcək".

İsrail Livana zərbələr endirdi

İsrail ordusu Livanın cənubundakı Mahmudiyə və Çarmak qəsəbələrinə aviazərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə Livan mediası məlumat yayıb. Lakin Livan hakimiyyəti hücumla bağlı rəsmi açıqlama verməyib.

Yekaterinburq məhkəməsindən azərbaycanlılarla bağlı - QƏRAR

Yekaterinburqun Verx-İsetski Rayon Məhkəməsi bu ilin iyununda saxlanılan Ayaz Səfərov, Bəkir Səfərov və Kamal Səfərovun barəsində dekabrın 29-dək həbs qətimkan tədbiri seçib. Sozcu.az xəbər verir ki, həbs müddətinin uzadılması ilə bağlı qərar oktyabrın 17-də çıxarılıb. Ayaz, Kamal və Bəkir Səfərovun vəkilləri müvəkkilləri barəsində həbs qətimkan tədbirinin daha yüngülləşdirilməsini istəyiblər, lakin Sverdlovsk vilayət məhkəməsi onların şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Bakıda SSRİ bayrağı qaldıranların arxasında vəzifəli şəxslər də dayanır! - ŞOK AÇIQLAMA

Bakıda SSRİ bayraqları ilə yürüş etməyə çalışan qrup saxlanılıb. Daxili İşlər Nazirliyi bildirib ki, aksiya təşkilatçıları - Abdulla İbrahimli, İbrahim Əsədli və digər şəxslər barəsində cinayət işi açılıb. Artıq onlardan birinə - Abdulla İbrahimliyə Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi üzrə ittiham elan olunub. Lakin bu hadisə heç də qıraqdan baxıldığı qədər sadə görünmür. SSRİ bayrağı qaldıranlara xarici mərkəzlərin dəstəyi istisna edilmir. Hətta onların arxasında daxildəki "5-ci kolon"un dayandığı barədə də iddialar var.  Hadisə ilə bağlı Modern.az-a danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da bunu istisna etməyib. O bildirib ki, bu hərəkətlər dövlət çevirilişinə cəhd kimi dəyərləndirilməli və həmin şəxslər daha sərt şəkildə cəzalandırılmalıdır: “Burada söhbət sadəcə SSRİ bayrağı qaldrımaqdan getmir. Onların bir saytı var, orada açıq-aşkar müstəqil Azərbaycan dövlətinin əleyhinə, SSRİ-nin, Rusiyanın isə lehinə silsilə verilişlər yayımlayırlar. Uzun müddətdir onları izləyirəm, planlı şəkildə Azərbayca dövlətçiliyinə qarşı Rusiyanın maraqlarına uyğun ciddi siyasət aparırlar. İndi küçəyə çıxmaları İmişlidə bir müddət əvvəl baş verənlərin davamıdır. İqtidarda kifayət qədər adamlar var ki, onları dəstəkləyir, maliyyələşdirirlər. Siz onların internet televiziya kanalına baxanız, görərsiniz ki, Azərbaycan dövlətinə, müstəqilliyimizə qarşı nə qədər nifrət təbliğ edirlər. Azərbaycanda istənilən zorakılığa çağırmayan ideologiyanı təbliğ etmək qanunidir. Kommunist ideologiyasının əsas tələblərindən biri isə inqilab nəzəriyyəsi və sinfi mübarizədir.  Azərbaycan Konstitusiyasının 1-ci maddəsində göstərilən - Azərbaycanın müstəqil və demokratik respublika olmasını özündə ehtiva edən müddəalar toxunulmazdır. Bunlar isə Sovet Sosialist Respublikalar İttifaqı uğrunda mübarizə aparırlar. Azərbaycan Konstitusiyasının I hissəsində nəzərdə tutulmuş, hətta referendumla belə dəyişdirilməsi mümkün olmayan müddəalara qarşı çıxış edirlər. Bunların demokratik Azərbaycanı yıxıb yerində sosialist respublikası qurmaq şüarı faktiki olaraq, Azərbaycan Konstitusiyasında nəzərdə tutulmuş dövlət çevrilişi hərəkətlərinə uyğundur. İkinci bir məsələ SSRİ-nin təbliğ olunmasıdır. SSRİ formal olaraq respublikaların ittifaqı idi, amma əslində Rusiya müstəmləkəçiliyinin başqa bir formasıydı, hətta "xalqlar həbsxanası" adlandırılırdı. Deməli, burada sosializm ikinci dərəcəlidir, əsas məsələ Azərbaycanı yenidən Rusiyanın təsirinə qaytarmaq cəhdləridir. Bu adamların müstəqilliyimizin əleyhinə, sovet hökumətinin tərifinə həsr olunmuş çıxışları, debatları var. Azərbaycandakı indiki sosial-iqtisadi durumdan istifadə edib saatlarla müstəqilliyin əleyhinə, sovetlərin lehinə çıxışlar edirlər. 1937-ci il repressiyaları, 20 Yanvar hadisələri, kollektivləşmə və "mədəni inqilab" zamanı qırılan azərbaycanıların sayı hardasa indiki Azərbaycan əhalisinin sayına bərabərdir. Belə bir qanlı rejimi müdafiə etmək yolverilməzdir. Onlar çox ağır şəkildə cəzalandırılmalıdırlar. Burada ictimai asayiş pozulmayıb. Ortada Azərbaycan dövlətinin Konstitusiyasının 1-ci bəndindəki müddəaların dəyişdirilməsinə çağırışlar var. Yəni onların hərəkəti dövlət quruluşunun dəyişdirilməsinə çağırış kimi dəyərləndirilməlidir”. Sərdar Cəlaloğlu keçmiş deputat, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadənin SSRİ bayrağı qaldıran şəxsləri dolayısı ilə müdafiə etməsini də pisləyib: “Arif Rəhimzadə dəfələrlə Rusiyanı açıq-aşkar müdafiə edib. Türkiyə ilə münasibətləri yenidən qurduğumuz bir vaxtda ruslara müraciət etdi ki, "biz türk deyilik, onlarla əlaqəmiz yoxdur". Arif Rəhimzadə indi də bunları müdafiə edib. Bu da onu göstərir ki, məhz bu addım ruspərəst qüvvələrin hərəkətidir, 3-4 gəncin küçəyə çıxması deyil. Onların “Sosialist” adında internet kanalları var, orada Azərbaycan əleyhinə dediklərinə cavab verməkdən yorulmuşam. Mənim deməyimlə deyil ki, onlar verilişlərini davam etdirirlər, özlərinə xeyli tərəfdaş toplayıblar. Bəzi Azərbaycan vətəndaşları sosial-iqtisadi vəziyyətin təsirindən onlara siyasi cəhətdən qoşulmasalar da, ideyalarını tərifləyirlər. Buna ictimai asayişin pozulması kimi baxmaq, əslində hadisənin məğzini başa düşməməkdir”. S.Cəlaloğlu baş verən hadisədə Ramiz Mehdiyev izinin olması ilə bağlı isə bunları deyib: “Mənə elə gəlir ki, Ramiz Mehdiyev o səviyyədə deyil. Tamamilə başqa adamlar Rusiyanın burada maraqlarını müdafiə edir, bunları idarə edirlər. Məgər Rusiyanın Azərbaycandakı tək emissarı Ramiz Mehdiyevdir? Bu dəqiqə hökumət içində Rusiyanın bir neçə ciddi kadrı var. Onların kifayət qədər nüfuzu, dövlət idarəetməsində təsir imkanları mövcuddur. Ramiz Mehdiyev utilizasiya edilmiş adamdır.  Bu gün onların arxasında duranlar Ramiz Mehdiyev kimi vəzifədən getmiş adamlar deyil. Konkret vəzifəsi olan adamlardır. Ona görə də mən bu məsələyə ilk növbədə siyasi qiymət verilməsinin tərəfdarıyam. Bunun bir neçə gəncin küçəyə çıxıb öz ideyalarını yayması yox, dövlət çevrilişinə çağırış olduğu müəyyənləşməli və hüquq -mühafizə orqanları hadisəyə uyğun müəyyən qərarlar qəbul etməlidir. Rusiyalı deputat Zatulin vaxtilə demişdi ki, biz Azərbaycanda öz ocaqlarımızı oyandırmalıyıq. Bu, həmin ocaqlardan biridir. Zatulinin çağırışına cavabdır. Düzdür, indi Azərbaycanda bəzi imkanlı adamlar Rusiyanı açıq-aşkar müdafiə edib küçələrə çıxa bilmir, ziyalılardan, gənclərdən istifadə edirlər. Həmin bu bayraq qaldıranlardan gedib soruşsan, sosializm nədir,  bilməzlər, heç sovet hökumətini də görməyiblər. Amma bəh-bəhlə bu ideyanı müdafiə edirlər”.

Bu bağçalarda əlavə ödəniş tələb etsələr, verməyin - NAZİRLİKDƏN XƏBƏRDARLIQ

63 özəl məktəbəqədər təhsil müəssisəsi Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsinin qalibi olub və qalib gəlmiş özəl bağçalarla qrant müqavilələri imzalanıb.  Bu barədə “Yeni Sabah”a qurumdan məlumat verilib.  Bildirilib ki, həmin qrant müqavilələrinə görə Azərbaycan bölməsində təhsil alan uşaqların aylıq təhsil haqqı və valideyn tərəfindən ödəniləcək məbləğlə müvafiq link vasitəsilə tanış ola bilərsiniz.  “Nəzərinizə çatdırırıq ki, qrant müqavilələrinin icrası başlandıqdan sonra müvafiq cədvəldə göstərilən ödənişlər elektron portal üzərindən həyata keçiriləcək və valideynlərdən əlavə ödənişlərin tələb olunmasına yol verilməyəcək. Valideynlər müvafiq cədvəldə qeyd edilmiş təhsil haqlarından kənar hər hansı ödəniş tələbi ilə üzləşildiyi halda, Elm və Təhsil Nazirliyinin 146 Çağrı Mərkəzinə məlumat verə bilərlər.  Vurğulayırıq ki, qrant müsabiqəsi üzrə bütün məlumatların tam şəffaflıqla ictimaiyyətə təqdim edilməsi davam etdiriləcək”, - nazirlikdən bildirilib. 

Şuşa sakinin meyiti Bakıda küçədə tapıldı

Bakı 40 yaşlı kişinin meyiti küçədə tapılıb. Sozcu.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib. Şuşa rayon sakini, 1985-ci il təvəllüdlü Vüqar Ramiz oğlu Səfərovun üzərində zorakılıq əlamətləri olmayan meyiti aşkar edilib. Əvvəllər məhkumluq həyatı yaşamış V.Səfərovun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilib. Faktla bağlı araşdırma aparılır.

Sabah hava necə olacaq?

Azərbaycanda noyabrın 28-də arabir çiskin olacaq. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-10, gündüz 14-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunu, nisbi rütubət gecə 80-85%, gündüz 65-70% təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şərq rayonlarda çiskinli yağış yağacağı, arabir duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9, gündüz 13-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti olacaq.

Müsavat fəalını öldürən direktor müavini ilə bağlı qərar...

Müsavat Partiyasının fəalını qətlə yetirməkdə ittiham olunan Elsevər İslamovun cinayət işi üzrə kasasiya şikayətinə baxılıb. Sozcu.az xəbər verir ki, Ali Məhkəmədə hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara görə, şikayət təmin olunmayıb. Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elsevər İslamov 19 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Qeyd edək ki, qətl hadisəsi ötən ilin may ayında, Bakının Xətai rayonu ərazisində, 55 saylı orta məktəbdə baş verib. 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunun itkin düşməsi barədə polisə daxil olmuş müraciət üzrə araşdırma aparılıb. Natiq Mehdi Məhəmməd oğlunun iş yoldaşı 1966-cı il təvəllədlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edilib. Elsəvər İslamov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Natiq Mehdi (Ulubəy) Müsavat partiyasının fəallarından olub. O, son qurultaydan əvvəl partiya başqanlığına namizədliyini irəli sürüb. İsa Qəmbər namizədliyini verdikdən sonra namizədliyini geri götürüb. Elsevər İslamov 55 nömrəli orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışıb. Ona Cinayət Məcəlləsinin 120.2.4, 245, 309.2 maddələri üzrə ona ittiham elan olunub.

Bakıda yolda avtomobil yandı - Tıxac yarandı

Bakıda avtomobil yanıb.  Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Hadisə Nərimanov rayonu, Heydər Əliyev prospektində əsas yolda baş verib. Həm bu, həm də bəzi sürücülərin hadisə yerinə baxması səbəbindən prospektin hər iki istiqamətində nəqliyyat sıxlığı yaranıb. Hazırda polis və digər qurumların əməkdaşları hadisə yerindədir və yaranan nəqliyyat sıxlığının aradan qaldırılması üçün tədbirlər görülür.

Köç karvanı Kəlbəcərə çatdı - Açarlar paylandı

Bu gün Kəlbəcər şəhərinə köçürülən sakinlərə mənzillərin açarları təqdim olunub. Sozcu.az xəbər verir ki, Kəlbəcər şəhərinə köçürülən 27 ailəyə (112 nəfər) mənzillərin açarlarının təqdim edilməsi mərasimində Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Kəlbəcər şəhərində daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzillər verilib.

Qarabağa qayıdan köçkünlərə ikiqat “çörəkpulu” verilir? - Rəsmi cavab

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi azad olunmuş ərazilərə qayıdan məcburi köçkünlərə ikiqat "çörəkpulu" verilməsi barədə xəbərlərə münasibət bildirib. Sozcu.az-ın məlumatına görə, Dövlət Komitəsinin mətbuat xidmətindən verilən açıqlamada deyilir ki, keçmiş məcburi köçkünlərə ödənilən vahid aylıq müavinətin məbləği fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan və olmayan sıx müvəqqəti məskunlaşma yerlərindən asılı olaraq 33, yaxud 60 manat təşkil edir. "Fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda faktiki yaşayan məcburi köçkünlərin istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqlar müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilir. Bu halda keçmiş məcburi köçkünlər üçün vahid aylıq müavinətin məbləği 33 manat təşkil edir. Hazırda fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrində yaşayan, eləcə də sonradan bu tip yaşayış sahələrinə köçürülənlər (bu köçürülmə işğaldan azad edilmiş ərazilərə olur) üçün bu məbləğ 60 manat təşkil edir. Qeyd edək ki, bu məsələ, "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi qaydası" Azərbaycan Respublikası Prezidentinin Fərmanına və ona edilən dəyişikliklər əsasında tənzimlənir", - cavabda bildirilib.modern)

Suriyada güclü partlayış: ölən və yaralananlar var

Suriyanın şimal-qərbindəki İdlib şəhərində güclü partlayış baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Suriya mətbuatı məlumat verib. Məlumata görə, partlayış məktəbin yaxınlığında yerləşən silah anbarında meydana gəlib. Partlayış nəticəsində 5 işçi həlak olub, 9 nəfər yaralanıb. Məlumata görə, hadisə yerinə təhlükəsizlik və təcili yardım xidmətləri göndərilib.

“Toyota” yoldan çıxaraq aşdı: ata və 1 yaşlı qızı...

Şəki rayonunun Cəyirli kəndi ərazisində yol qəzası baş verib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Oğuz rayon sakini 36 yaşlı Firqət Haşimovun idarə etdiyi “Toyota” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində F. Haşimov, onun avtomobildə olan qızı - 2024-cü il təvəllüdlü A.Haşimova və 1987-ci il təvəllüdlü Nərmin Rzayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Faktla bağlı Şəki Rayon-Şəhər Polis Şöbəsində araşdırma aparılır.