“Təəssüf ki, səsləndirilən fikirlərə əhəmiyyət verən və ictimai rəyi vecinə alan kimsə yoxdur”

Dəfələrlə söyləmişəm ki, bir sıra qərarlar var ki, onları hökmən əhalinin real durumuna dəqiq araşdıraraq qəbul etmək lazımdır. Bunlardan biri də istirahət günləri ictimai nəqliyyatın işləməməsi barədə qərardır. Uzun müddət metro işləmədi, bunun əziyyətini kim çəkdi? Əlbəttə, avtobusda bir-birinə yapışan və daha çox yoluxma riski daşıyan insanlarımız. Düşünmürəm ki, bu qərar bilavasitə pandemiyanın yayılması qayğısı ilə bağlı olsun. Çünki əsaslandırılması, demək olar ki, ağlabatan deyil. Təsəvvür edin ki, Bakının ətraf kəndlərindən kimsə mərkəzə həyati vacib iş üçün gəlmək istəyir və taksiyə də verməyə pulu yoxdur. Bazar günləri yarmarkaya alış-veriş etməyə gedənlər, günəmuzd işləyən fəhlələr, xadimələr, avtomobilsiz jurnalistlər, müəllimlər, həkimlər, tibb bacıları, sadə vətəndaşlar onsuz da aşağı səviyyədə olan gəlirlərindən əhəmiyyətli qismini niyə taksi xidmətinə ayırmalıdırlar? Ən ağır problemi də qadınlar yaşayır. Mental xüsusiyyətlərə görə qadınların çoxu təklikdə taksini tərcih etmirlər, o halda xəstəxanaya tələsən, yaxud vacib işi olan qadınlar nə etsinlər? Əlimdə əsas yoxdur ki, bunu məhz taksi şirkətlərinin marağını güdənlərin qəbul etdiyini söyləyim, ancaq əmin olduğum məsələ budur ki, məntiqsiz və vətəndaşa məqsədyönlü şəkildə əziyyət yaradan bir qərardır. Təəssüf ki, səsləndirilən fikirlərə əhəmiyyət verən və ictimai rəyi vecinə alan kimsə yoxdur.

Fazil Mustafa, Millət vəkili

Facebook Comments