Milli fəal Behnam Şeyxinin iki illik sürgün cəzası başlayıb

Tehranın “Evin” həbsxanasında iki illik həbs cəzasını çəkən milli-mədəni fəal Behnam Şeyxinin iki illik sürgün cəzası başlayıb.

Qeyd edək ki, o, iyunun 15-dən məzuniyyətdə idi. Sonradan həbsxana rəhbərliyinə tibbi arayış təqdim edən milli fəalın məzuniyyət müddəti uzadılmışdı.

B.Şeyxi həbsxanaya döndüyü zaman şərti azadlığa buraxılması ilə bağlı müraciətinin qəbul olunduğunu öyrənsə də, iki illik sürgün cəzasının ləğv edilmədiyi barədə məlumat alıb.

Milli fəal avqustun 3-də özünün “instaqram” hesabında etdiyi paylaşımda bu barədə məlumat verib.

Milli fəala sürgün cəzasının başlanması ilə bağlı qərar təqdim olunub.

Qərarda Məscid Süleyman şəhərinin Ümumi və İnqilab Məhkəməsinin Qərarların İcrası bölməsinin hakiminə B.Şeyxinin İslami Cəza Qanununun 23-cü maddəsinə uyğun olaraq sürgün cəzasının başlaması ilə əlaqədar lazimi tədbirlər görməsi qeyd olunub.

Behnam Şeyxi və Həmid Mənafi, Əkbər Azad və Əlirza Fərşi ilə birlikdə 2014-cü ildə Beynəlxalq Ana Dili Günü mərasimində iştirak etdikləri üçün həbs olunub.

“Milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq”da ittiham edilən siyasi fəallarla bağlı çıxarılan qərar Tehran Apellyasiya Məhkəməsinin 54 saylı şöbəsi tərəfindən təsdiqlənib və hər biri iki il həbs cəzasına məhkum olunub.

Qeyd edək ki, Beynəlxalq Ana Dili Günü tədbirlərində iştiraka görə həbs edilmiş Əlirza Fərshi və Tohid Əmirəmini hələ də “Böyük Tehran” (Fəşafuyə) və “Evin” həbsxanalarında cəza çəkirlər.
Behnam Şeyxi hazırda Ərdəbil həbsxanasında 6 aylıq həbs cəzasını çəkən milli fəal Mehrdad Şeyxinin böyük qardaşıdır.

Facebook Comments