Özgə malını qazi və şəhid ailələrinə qurban edən dil pəhləvanları

Məğrur Bədəlsoy

Bir neçə gündür 3-cü “Jurnalistlər evi”nin qazi və şəhid ailələrinə verilməsi ilə bağlı Prezidentə edilən müraciət gündəmi işğal edib. Bəri başdan deyək ki, müraciət yiyələri, eldə deyildiyi kimi, hamam suyu ilə dost tutmaq, yəni başqasının hesabına, heç bir mal-mülk sərf etmədən qazi və şəhid ailələrinin rəğbətini qazanmaq yolunu seçiblər. Prezidentdən jurnalistlərin haqqını savaş adamlarına verməyi diləyənlərin cavabını da elə qazi və şəhid ailələri özləri topdağıtmaz tutarqalarla verirlər. İlgincdir ki, bir neçə nəfəri çıxmaqla, müraciətə imza atanların çoxu ilk iki binadan 3-4 otaqlı mənzil alanlardır. Müraciətin ana xəttini isə artıq 500 civarında jurnalistin mənzillərlə təmin olunması nədənindən dövlətin və onun başçısının jurnalistlərə dəstək limitinin bitməsi təşkil edir. Əvvəla, iki binada toplam mənzil alanların sayı 500 yox, 409 nəfərdir və bunların da içində gerçək haqqı olanları 10-15 faiz – 40-60 nəfər olar ya olmaz. İkincisi, bu mənzillərin bir neçəsi ayrı-ayrı adlarla bir neçə nəfərə çatıb. Aydın olsun deyə, ümumi sayı ən azı üçə bölməklə 130-160 nəfərin mənzil yiyələri olmasını iddia etmək olar. İndi 160 nəfərdən 10-15-I 3-cü evin jurnalistlərə verilməsini istəmir. Allah Sabirə rəhmət eləsin, belədə deyib ee, mən salim olum cümlə cahan batsa da batsın!

Maraqlıdır ki, Qarabağ qaziləri və şəhid ailələrinə özgə əmlakı ilə canıyananlıq edənlər niyə , məsələn, qazi jurnalistləri yada salmırlar? Bir də, qazi və şəhid ailələrinə veriləsi o qədər mənzillər var ki! Niyə bu “hamamsuyu dostları” qazilərə söz verilən və illərdir boş qalan metronun “Koroğlu” stansiyasının yanındakı yaşayış kompleksini görməzliyə vururlar ? Yaxud “Ukrayna” meydanının yanında PA işçiləri üçün nəzərdə tutulan binanı savaş qurbanlarına təklif etmirlər? Niyə “Ağ şəhər”də tikilən evlərdən qazi və şəhid ailələrinə mənzillər alınmır? Niyə Bakının mərkəzində yaşayan qazi və şəhid ailələrinə “mənzil qayğısı” ucqar Xocasən, Məmmədli, Ramana, Hövsan kəndlərində gerçəkləşir? Ucqardan şəhərin mərkəzində yerləşən tibb, reabilitasiya mərkəzlərinə, iş yerlərinə gəlib-getmək də problemdir axı! Axı, qanunvericilik onlara reabilitasiya, tibb məntəqələrinin, iş yerlərinin, qohumlarının yaşayış yerlərinin yaxınlığında mənzillər ayrılmasını doğrulayır! Niyə şəhərin mərkəzində boşalan hərbi hissənin ərazisini ordu rəhbərliyinin başında duran bir neçə general və qohumları ələ keçirməlidir? Burada bir balaca şəhərcik salıb şəhid igidlərin -Polad Həşimov, Raquf Orucov …və digərlərinin və onların döyüş dostları qazilərin ailələrinə vermək olmazdı? Özü də bu ərazi hər iki “Şəhidlər xiyabanı”dan eyni aralıqda yerləşdiyindən şəhid və qazi ailələrinin ürəyincə olardı. Niyə bunu ölkə başçısının diqqətinə çatdıran yoxdur? Yeri gəlmişkən, qazi və şəhid ailələrinə haqq elədikləri fərdi yaşayış evlərinin tikilməsi üçün torpaq sahələrinin ayrılmasından imtinaya niyə son qoyulmur? Qazi və şəhid ailələrinə tikilən evlərin həyətini də oliqarx məmurlar zəbt edib özlərinə villalar, kommersiya obyektləri tikirlər, deputatlar niyə səslərini çıxarmır?

Müraciətə imza atanlardan “Yeni Azərbaycan”, “Səs” qəzetləri 15-16 il qabaq ƏƏƏSM -in “əməkdaşları” Əli Axundovun və Mehdi Mehdiyevin imzası ilə bu sətirlərin yazarına qarşı şər-böhtan yayıblar. Özü də bilirsiniz nəyə görə? Qarabağ əlillərinə verilən mənzillərin rüşvətlə bölgüsünü “Azadlıq”da işıqlandırmağa görə! “Yeni Azərbaycan” qəzetinə və ƏƏSMN-ə qarşı “şərəf və ləyaqətin müdafiəsi və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi “ tələbinə dair iddianı Səbail rayon məhkəməsinin hakimi İ. B. Ağayev rüsum ödənilməməsi bəhanəsi ilə 16.05.2005 tarixli NÖMRƏSİ OLMAYAN QƏRARDADLA geri qaytarıb ki, guya “Dövlət rüsumu haqqında” qanunda əlillər və müharibə iştirakçılarının dövlət rüsumu ödəməkdən azad olunması nəzərdə tutulmamışdır. Sözügedən qanunun müharibə veteranlarının rüsumdan azad olunması haqqında 9.1.20 maddəsini diqqətə çatdırıb apellyasiya şikayəti verən qazinin şikayətini Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsi (B. A. Şükürov, S. S. Babayev, M. Ə. Hüseynov ) İş 1MK-4308/05 saylı 21.05.2005 tarixli qərardadla eyni bəhanə ilə qüvvədə saxlayıb. Ali Məhkəməyə şikayət verməyə isə vəkil ayrılmayıb . Hər üç instansiya özbaşına ƏƏSMN-I cavabdehlikdən çıxarıb. Hüquq mühafizə, mətbuat orqanlarına çoxsaylı şikayətlər də “Yeni Azərbaycan” qəzetinin “məhkəmə toxunulmazlığı” nədəni ilə sonuc verməyib. İndi, gün hayandan doğub, “Yeni Azərbaycan, “Səs” qəzetlərinin rəhbərliyi qazilərin özgə evləri ilə təminatını xahiş edir?

“Hamam suyu ilə dost tutmaq”dansa, canını -qanını Qarabağ uğrunda verən qazi və şəhid ailələrinin qanunla qorunan hüquqlarının gerçəkləşməsinə can yandırmaq daha məntiqli olar(dı).Mənzil kolleksiyaçıları isə nə məhkəmə təminatı ,nə şərəf və ləyaqətin müdafiəsi hüququna sayğı göstərirlər . Bəyəm Prezidentdən mənzilləi qaziləri çirkaba bulamağa görə alınıb ? Hər halda, fakt ortadadır. “İmzalar icində imzası olan “ Mir Şahin bəy demiş, faktdan başqa fakt yoxdur, jurnalist də onun elçisidir!

Sozcu.az

Facebook Comments