“2 min manatınız yoxdursa, siz nə nazirliksiniz?”

Xəbər verdiyimiz kimi, xalq artisti Arif Quliyevin məzarının üstününün götürülməməsi bir neçə gündür ki, müzakirələrə səbəb olub. Ailəsi bunun üçün maddi imkanları olmadıqlarını bildirib. Mədəniyyət Nazirliyi isə qurumun büdcəsində bu istiqamətdə vəsait nəzərdə tutulmadığını bildirib.

Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov Mədəniyyət Nazirliyini sərt tənqid edib. R.Mahmudov məsələylə bağlı ölkə başçısına müraciət edib:

“Deməli, Mədəniyyət Nazirliyində Arif Quliyevin məzar daşının qoyulmasıyla bağlı vəsait nəzərdə tutulmayıbsa, onda gəlin gedək bunu İqtisadiyyat Nazirliyinə və ya digər nazirliklərə deyək? Bu nə sözdü?! Heç ayıb deyil?! Niyə bəs dünyasını dəyişən digər sənətkarlara bu vəsait nəzərdə tutuldu, amma Arif Quliyevə yox?! Belə çıxır ki, Arif Quliyevin adamı yoxdu? Mən bütün bunların əleyhinəyəm. Elə hər şeyi dövlət başçısı etməlidir?! Bəs onda bu rüşvətxorlar kreslolarda niyə oturublar?! Arif Quliyevin məzar daşını qoymaq nə qədər vəsait edir ki. Mən bir ziyalı kimi dövlət başçısına müraciət edirəm. Xahiş edirəm ki, bu məsələni nəzarətə götürsün.

Yerlərdə olan məmurlar qəsdən insanları dövlət başçısının əleyhinə qaldırırlar. Belə şey olmaz axı. Mədəniyyət Nazirliyinin iki min manatı yoxdursa, onda siz nə nazirliksiniz ki. Elə hər şeydən ötrü ölkə başçısına müraciət etmək olmaz axı. Bizim qazilərimiz düşüb nazirliklərdə qapı arxasında qalıblar. Elə bunların hamısının problemini Prezidentmi həll etməlidir?! Bəs onda bunlar nə işə baxır?!. Mən xəcalət çəkirəm ki, Arif Quliyevə bu millət məzar daşı qoya bilmədi”.

Xatırladaq ki, Xalq artisti Arif Quliyev Qaradağ rayonu “Qurd qapısı” qəbiristanlığında dəfn olunub. Ölümündən 40 gün keçməsinə baxmayaraq, aktyorun məzardaşı hələ də hazırlanmayıb.

Facebook Comments