Abbas Lisani xəstəxanada müayinə olunub

Güney Azərbaycanın tanınmış milli fəalı, siyasi məhbus Abbas Lisani iyunun 23-də müayinə olunub.

Abbas bəy tibbi yoxlanış və ürək ekokardiyografiyası olunmaq üçün Ərdəbil şəhərinin “İmam Əli” xəstəxanasına köçürülüb.

Yoxlanışdan sonra onun qan təzyiqinin 15 olduğu və ürək qapağının iki damarının genişləndiyi bəlli olub.

Abbas Lisaninin bir aydan sonra yenidən xəstəxanaya müraciət etməsi istənilib.

Qeyd edək ki, təhlükəsizlik orqanları və həbsxana məsulları bel ağrısı və yüksək qan təzyiqindən əziyyət çəkən, ürəyində ciddi problemlər yaranan Abbas Lisaninin durumuna laqeyddir. Onun müalicə olunmasına əngəl törədirlər.

Ərdəbil həbsxanasının tibbi məntəqəsi zəruri texniki avadanlıq və dərman pereparatları ilə təchiz olunmadığı üçün məhbuslar yoluxduqları xəstəliklər ucbatından uzun müddətli ağrılara dözmək zorunda qalır, vaxtında müalicə oluna bilmirlər.

Koronavirusun geniş yayıldığı dönəmdə də, çoxsaylı müraciətlərə baxmayaraq həbsxana rəhbərliyi Abbas Lisaniyə tibbi məzuniyyət verməkdən imtina edib.

Sosial şəbəkə istifadəçiləri, insan haqları təşkilatları və mədəni fəallların buna geniş etirazlarından sonra Ərdəbil tibb sistemindən bir heyət onu həbsxanada müayinə etməyə məcbur oldu.

Qeyd edək ki, Mayın 21-də “Ərk”-Azərbaycan İnsan Haqları Cəmiyyəti azərbaycanlı məhbuslarının hüquqlarının pozulması və Abbas Lisaninin sağlıq durumunun kəskin pisləşməsi ilə bağlı BMT-yə müraciət edib.

“Azərbaycanlı mədəni fəal Abbas Lisaninin sağlıq durumu narahatlıq doğurur. Koronavirusun həbsxanalarda yayılmasına baxmayaraq bu tanınmış mədəni fəal məzuniyyətə buraxılmayıb”- BMT-nin İranda İnsan Haqları üzrə Xüsusi Məruzəçisi Cavid Rəhmana ünvanlanan məktubda deyilir.

Məktubda həbsxana məsullarının Abbas Lisaniyə qarşı qanunsuz təzyiqlərindən bəhs edilir:

“Ay yarımdır ki, Abbas Lisaniyə şüşə arxasından ailəsi ilə görüşə də icazə verilmir. O, bel və diz ağrılarından əziyyət çəkir və hərəkət edə bilmir. Həkimlər onun əməliyyatqabağı müayinəyə (MRS) ehtiyacı olduğunu və xəstəxanada müalicə almasının vacibliyini bildiriblər.

Ancaq bu günə kimi Ərdəbil məhkəmə sistemi başçıları və həbsxana məsulları bu məhbusun sağlıq durumu ilə bağlı öz vəzifələrini yerinə yetirməyiblər. Bundan öncə COVİD-19-a yoluxmasına baxmayaraq Abbas Lisaniyə məzuniyyət verilməyib və hələ də onun ailəsinə qarşı təzyiqlər davam edir”.

Abbas Lisani 2019-cu ilin yanvar ayının 15-də Təbrizdə saxlanılaraq Ərdəbil həbsxanasına köçürülüb. Sifarişli və ədalətsiz məhkəmədə qondarma ittihamlarla 15 il azadlıqdan məhrum edilib.

Facebook Comments