Dövlət İmtahan Mərkəzi (DİM) martın 9-da keçirilən buraxılış imtahanları ilə bağlı tənqidlərə cavab verib.
Qurumdan “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, imtahanlarla bağlı müraciətlər adətən nəticələr elan olunduqdan sonra qəbul edilir.
“Həmin vaxt elektron ərizə forması açılır və iştirakçılar öz müraciətlərini həmin sistem vasitəsilə təqdim edə bilirlər.
Bəzən belə fikirlər səsləndirilər ki, tapşırıqlar proqramdan kənar olub. Ancaq DİM sual kitabçalarını imtahandan sonra iştirakçılara verir. Hələ də konkret bir fakt - sual göstərən yoxdur ki, bax bu tapşırıq proqramdan kənardır. Və ya imtahan nəticəsi olmadan qəti mülahizələr irəli sürülür. Halbuki əlinizdə statistik nəticə olmadan qəti fikir söyləmək doğru deyil. Yalnız ümumi, əsası olmayan fikirlər yazılır. Sağlam və rasional tənqid müşahidə edilmir”, - DİM-dən bildirilib.
Məlumata görə, DİM tərəfindən keçirilən buraxılış qəbul imtahanlarının məzmunu müəyyən edilərkən istinad etdiyi metodiki çərçivə çox aydın və birmənalıdır – bunlar hazırda ölkədə qüvvədə olan təhsil proqramı, dərsliklər və onların əsasında hazırlanmış buraxılış imtahanı proqramlarıdır: “İmtahanların məzmunu hazırlanarkən qeyd olunanlar nəzərə alınır”.
Tapşırıqların mürəkkəblik dərəcəsinə gəldikdə, qurumdan qaydalar xatırladılıb: “Ümumi qayda belədir ki, hər bir imtahanda müxtəlif hazırlıq səviyyəsinə malik iştirakçıları bir-birindən fərqləndirmək üçün bütün fənlər üzrə test blokunda asan, orta və çətin test tapşırıqlarından istifadə edilir. Çünki imtahanda yalnız zəif və orta hazırlıqlı abituriyent deyil, yaxşı hazırlıqlı iştirakçıları da bir-birindən fərqləndirmək tələb olunur”.
DİM-də hesab edirlər ki, ümumiyyətlə imtahanın asan və ya çətin olması nisbi bir məsələdir: “İmtahan iştirakçısının hazırlıq səviyyəsinə görə bu, əlbəttə, dəyişir. Hər hansı bir tapşırıq kimə görəsə çətin, kimə görəsə asan ola bilər. Ancaq ənənəvi təhlillər göstərir ki, test tapşırıqlarının çətin olması ilə bağlı bəzi iştirakçılar tərəfindən səsləndirilən mülahizələr həqiqətə uyğun olmur. İmtahanın mürəkkəblik dərəcəsi sosial şəbəkələrdə yazılanlara əsasən müəyyən edilmir. Burada əsasən hər imtahandan sonra zəif hazırlıqlı iştirakçılar yazırlar. Bu hər il təkrarlanır.
Hazırda yekun imtahan nəticələri elan olunmayıb. Ona görə də heç kəs konkret fikir söyləyə bilməz. Nəticələr elan olunduqdan sonra lazımi göstəricilər ictimaiyyətə təqdim olunur. Həmin vaxt biz görürük ki, imtahan normal olub və iştirakçıların bilik səviyyələrinə uyğun normal sıralaması həyata keçirilib.
Əvvəlki illərin imtahan nəticələrinin elmi-statistik təhlili ilə Mərkəzin saytında “Abituriyent” jurnalının 12 saylı buraxılışında tanış ola bilərsiniz.
Dövlət İmtahan Mərkəzi imtahanlardan dərhal sonra bütün tapşırıqları və onların izahını da Mərkəzin saytına və sosial şəbəkə hesablarına yerləşdirir. İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqları ilə tanış ola bilirlər. Sual kitabçaları da imtahan iştirakçılarına verilir. Bütün bunlar imtahanının məzmununun ictmaiyyət üçün nə qədər açıq olmasının bariz göstəricisidir”.