Urmulu fəal Salar Tahir Əfşar müvəqqəti azadlığa buraxılıb

Güney Azərbaycanın Urmu şəhərindən olan milli fəal Salar Əfşar iyunun 14-də 300 milyon tümənlik girov qarşılığında həbsxanadan çıxıb.

Güneyli siyasi məhbus Salar Tahir Əfşar 5 gün müddətinə məzuniyyətə buraxılıb.

Əfşar iyunun 14-də 300 milyon tümənlik girov qarşılığında 5 gün müddətinə məzuniyyətə buraxılıb.

Tahir Əfşar aprelin 19-da atasının evində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək, bir il həbs cəzasını çəkmək üçün Urmiyə həbsxanasına köçürülmüşdü.

Urmulu türk fəal ikinci Qarabağ Müharibəsi zamanı Azərbaycana dəstək mitinqində iştirak etdiyinə görə həbs edilib.

İlkin məhkəmə tərəfindən “sistemə qarşı təbliğat aparmaq” və “qanunsuz etiraz aksiyası təşkil etmək” ittihamlarından 4 il həbs cəzasına məhkum olunub.

Daha sonra Apellyasiya Məhkəməsi ona “qanunsuz etiraz aksiyası təşkil etmək” ittihamından bəraət verərək, həbs cəzasını 1 ilə endirib.

Urmu həbsxanasının gənclər bölməsində saxlanılan Əfşar keçən ay ailəsi ilə telefon danışığı zamanı həbsxananın karantin bölməsinə köçürüldüyünü bildrimişdi. O, mayın 19-da karantin bölməsinə köçürülərək bir həftə sonra təkrar gənclər bölməsinə geri qaytarılmışdı.

İran həbsxanalarında yeni məhbuslar bir müddət ərzində karantin bölməsində saxlanıldıqdan sonra həbsxananın digər bölmələrinə yerləşdirilir. Karantin bölməsində müxtəlif cinayətlərdən həbs edilən məhkumlar bir yerdə saxlanılır.

Facebook Comments