Evin həbsxanasında aclıq aksiyası başladı

Bu gün iyunun 14-ü səhər saatlarından Tehranın Evin həbsxanasında saxlanılan daha 3 Güney azərbaycanlı siyasi məhbus Siyamək Mirzayi, Behnam Şeyxi və Kiyanuş Aslani aclıq aksiyasına başlayıblar.

Bununla da Ərdəbil və Tehran həbsxanalarında aksiya keçirənlərin sayı 8 nəfərə çatıb.

Qeyd edək ki, iyunun 12-dən aclıq edən Abbas Lisani və Yusif Kari iyunun 13-ü səhər saatlarından quru aclıq aksiyasına başlayıb.

Onlara dəstək üçün iyunun 13-ü Ərdəbil həbsxanasında saxlanılan daha üç Güney azərbaycanlı siyasi məhbus, Mehrdad Şeyxi, Əli Vasiqi və Rza Vasiqi aclıq aksiyasına qoşulub.

Hər 5 siyasi məhbus iyunun 13-ü, günortadan sonra həbsxananın karantin bölməsinə köçürülüblər. Fəalların ağır şərayiti və havasızlığı ilə ad çıxaran karantin bölməsinə köçürülmələri onların sağlamlıq durumları ilə bağlı narahatlığı daha da artırıb.

Xüsusilə müxtəlif xəstəliklərdən əziyyət çəkən Abbas Lisaninin karantin bölməsinə salınması, psixi işkəncə ilə yanaşı ona qarşı fiziki işgəncə kimi qəbul edilə bilər.

Qeyd edək ki, Abbas Lisani, ağır cinayətlər törətmiş məhkumların siyasi məhbusların kameralarına köçürülməsinə, həbsxana rəhbərliyinin siyasi məhbuslara qarşı təzyiqlərinə etiraz olaraq aksiyaya başlayıb.

Lisani belə məhkumların siyasi məhbusların saxlanıldığı bölmələrə köçürülmələrinin dayandırılmasını tələb edir.

Facebook Comments