“Məqsədimiz illərlə erməniləri yemləməkdən ibarət deyil…”

Hərbi ekspert Ədalət Verdiyev ötən gün 15 erməni terrorçusunun əvəzində Ağdam rayonunda basdırıldığı iddia edilən 97 min mina xəritəsinin Azərbaycana verilməsini Moderator.az-a şərh edib:

“Ötən gün əldə edilən razılığa əsasən Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələr Azərbaycan tərəfinə təqdim edilib. Bu xəritələrin Azərbaycana təqdim edilməsi müqabilində isə ölkəmizdə saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində, Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

Azərbaycan Prezidenti İ.Əliyev başda olmaqla bütün ictimaiyyətimiz, o cümlədən KİV-lərimiz tərəfindən İşğalçı ölkənin minalı ərazilərin xəritələrini Bakıya verməkdən imtina etməsi barədə iradlar dəflərlə səsləndirilib, lakin son 7 ay ərzində münaqişənin nizamlanmasına töhfə verməli olan beynəlxalq qurumlar və bəzi ölkələr bu məsələyə də münaqişənin sülh yolu ilə həllində olduğu kimi yanaşdılar. Daim Azərbaycandan saxlanılan ermənilərin qaytarılmasını tələb edənlər, xəritələr məsələsində sanki görmə qabiliyyətlərini itirirdilər.
Əslində bu məsələdə Rusiya sülhməramlıları daha aktiv rol oynamalı idi. Lakin əfsuslar olsun ki, general Rüstəmov dəfələrlə Azərbaycandan erməni hərbçiləri İrəvana daşısa da, bir dəfə də olsun nə xəritələrin verilməsi, nə də nəzarətində olan ərazilərdən erməni silahlıların çıxarılması, nə də Zəngəzur dəhlizi məsələsində real addımlar atmadı. Bu məsələyə rəsmi münasibət belə bildirmədi.

Hadisələrin bu istiqamətdə inkişafı təbii ki, Azərbaycanı qane edə bilməzdi. Buna görə də Azərbaycan tərəfi gündəmdə olan aktual məsələlərin həlli üçün fərqli istiamət və fərqli platforma seçdi. Qısa müddətdə vəziyyəti radikal şəkildə dəyişə biləcək nəticə də əldə edildi və Ermənistan Ağdam rayonu ərazisində basdırdığı 97 min minanın xəritələrini Azərbaycana təqdim etdi, əvəzində isə Bakı xüsusi təhlükəli olmayan və ölkəmizə qarşı real diversiya fəaliyyətlərinə imza atmayan ermənilərdən 15 nəfərini İrəvana qaytardı.
Mübadilə prosesinin Gürcüstanda və Qərb ölkələrinin dəstəyi ilə baş verməsi, Azərbaycanın ərazilərinin qısa müddətdə bərpa edilməsi, vətəndaşlarının mümkün qədər qısa müddətdə Qarabağa qaytarılması və regionda sabitliyin təmin edilməsi üçün istənilən konstruktiv platformada dialoqa hazır olduğunu göstərdi.

Baş verən proseslərə münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin humanitar aksiyanın həyata keçirilməsinə görə Gürcüstanın baş naziri İrakli Qaribaşvili başda olmaqla, Gürcüstan hökumətinin dəstəyini təqdir etməsi, eyni zamanda prosesə verdikləri töhfəyə görə, ABŞ dövlət katibi Antoni Blinkenin, onun Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və ATƏT-in İsveç sədrliyinin vasitəçilik rolunu xüsusilə qeyd etməsi, proseslərin tam fərqli platformada həyata keçirildiyini nümayiş etdirir. Prosesə ABŞ-dan Avropaya, İsveçdən Gürcüstana qədər geniş bir coğrafiyanın cəlb edilməsi və çox qısa müddətdə ciddi nəticələrin əldə edilməsi Azərbaycanın diplomatik sahədə həyata keçirdiyi uğurlu həmlə kimi qiymətləndirilir.

Bu tip prosedurların həyata keçirilməsində ənənəvi iştirakçı olan Rusiyanın bu dəfə proseslərdən kənar qalması da diqqətləri cəlb edir. Görünür ki, son günlərdə Rusiyanın diqqəti Ermənistanın Azərbaycanın Kəlbəcər və Laçın rayonlarına yaxın səhədyanı zonasında hərbi iştirakını artırmağa daha çox yönəlib. Baş verən mübadilə prosesində Rusiya sülhməramlılarının adının çəkilməməsi, Azərbaycan Ermənistanla Qərb platforması üzərində daha qısa müddətdə anlaşa biləcəyini də nümayiş etdirdi.

Mina xəritələrinin əldə edilməsi son nəticə etibarı ilə Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. Bu xəritələr on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını və sağlamlığını təhlükədən xilas edəcək, Ağdamda başlanan irimiqyaslı yenidənqurma layihələrini və məcburi köçkünlərin yurd yuvalarına qayıtması proseslərini sürətləndirəcək.
Xəritələrin dəqiq və ya saxta olması barədə səslənən fikirlərə gəlincə, peşəkar istehkamçılar üçün bunu dəqiqləşdirmək çətin məsələ deyil. Belə bir faktın aşkarlanacağı təqdirdə ictimaiyyət məlumatlandırılacaq.

Saxlanılan ermənilərin qaytarılmasına gəlincə isə, biz Ermənistandan fərqli olaraq bu prosesi qisas şousuna çevirmədik. Bizim humanist addımlarımız Ermənistan tərəfinə dəfələrlə yol verdiyi yalnış fəaliyyətləri gələcəkdə təkrarlamaq üçün impuls verməli deyil. Azərbaycan ərazilərinə bu və ya digər məqsədlə icazəsiz daxil olan istənilən şəxs saxlanılacaq və aidiyyəti üzrə təhvil veriləcək. Zərurət yarandıqda isə həmin şəxslər aylarla filtrdən keçiriləcək. Bəzi erməni hərbçilərinə Azərbaycan ərazilərini “kökəltmə məntəqəsi” və ya İrəvana “komfortlu tranzit səyahət marşrutu” kimi nəzərdən keçirməyi məsləhət bilməzdim.

Proseslər iki rəqib ölkənin mövcud problemlərin həllində Tiflisin və Qərbin vasitəçiliyi ilə daha sürətli, konstruktiv və məhsuldar nəticələr əldə etdiyini də göstərdi. Maraqlı ondadır ki, ABŞ post müharibə proseslərində İlk dəfədir ki, bu qədər yaxından iştirak edir və etimad mühitinin yaradılması üçün pozitiv fəaliyyət göstərir.
Ermənistan bir həftə sonra keçirilməsi planlaşdırılan seçki öncəsi xüsusi təhlükəli olmayan və ölkəmizə qarşı real diversiya fəaliyyətlərinə imza atmayan ermənilərin ölkələrinə qaytarılmasını mümkün olmasına, hətta bunun Paşinyanın təkrar seçilməsinə yardım edə biləcəyinə dair fikirləri aylar öncə səsləndirmişdim. Bu mübadilə prosesi, digər rayonların minalanan ərzi xəritələrinin Azərbaycana verilməsi ilə davam edəcəyinə ümidlər yaradır. Cəzaya məhkum edilənlərin də bəziləri bir müddət “istirahətdən” sonra, Birgə Bəyanatın digər tələblərinin yerinə yetirlməsi qarşılığında və ya etimadın artması fonunda Ermənistana qaytarılması istisna deyil.

Bizim Qarabağda azad etməkdə əsas məqsədimiz, həbsxanalarda illərlə izolə edilmiş şəraitdə erməniləri yemləməkdən ibarət deyil, hədəfimiz Qarabağa təhlükəsiz şəkildə qayıtmaqdan və oranı yaşamaq üçün dünyanın ən gözəl məkanına çevirməkdən ibarətdir.

P.S. Son 7 ay ərzində qaytardığımız minlərlə cəsədlərə, əsirlərə və digər saxlanılan şəxslərə görə Azərbaycana təşəkkür etmək üçün bir canlının tapılmaması, kiminlə qarşı qarşıya olduğumuzu da aşkar nümayiş etdirir”.

Facebook Comments