Abel Məhərrəmovun restoranında toy: DİN-dən açıqlama

Bakı Dövlət Universitetinin sabiq rektoru, keçmiş deputat Abel Məhərrəmova məxsus “Mona Liza” restoranında keçirilən toya görə Daxili İşlər Nazirliyi hərəkətə keçib.

Sozcu.az xəbər verir ki, DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Unikal.org-a iyunun 11-də Nərimanov rayonunda yerləşən “Mona Liza” restoranında toy keçirilməsi ilə bağlı məlumatın təsdiqini tapdığını bildirib.

“Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb. Müəyyən edilib ki, iyunun 11-də saat 19:00-dan 22:30-dək müddətdə azsayda qonağın iştirakı ilə toy mərasimi keçirilib. Onlar hər ikisi barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilib. Restoranın müdiri Şəmsi Şıxıyev 4 min manat cərimələnib, administrator Musa Balazadə barəsində də protokol tərtib edilib.

Toy iştirakçısı olan təxminən 20 nəfərə xəbərdarlıq edilib və xüsusi karantin rejimi dövründə belə mərasimlərin keçirilməsinin yolverilməz olduğu bildirilib”, – E.Zahidov vurğulayıb.

Qeyd edək ki, Abel Məhərrəmov ötən il AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyi üçün də cərimə edilmişdi.

Facebook Comments