Urmu ilə bağlı SOS: NASA-nın peyk fotoları gölün qurumaqda olduğunu göstərir

NASA-nın peyk fotolarından Urmu gölünün tamamilə qurumaqda olduğu görünür.

Fotolardan quruma səviyyəsinin gölün güney hissəsində daha çox baş verdiyi sezilir. Əksər hissəsi quruduğu üçün göl qırmızı rəngdə görünür.

Qurumanın əsas səbəbi cari ildə yağıntının kəskin azalması, temperatur qalxdığı üçün buxarlanmanın çoxalması və bəndlərin arxasında yığılan sulardan gölə nəzərdə tutulan illik su payının buraxılmamasıdır.

Qeyd edək ki, may ayının ikinci yarısında Su Hövzələrinin Mühafizə Şurası bəndlərdə yığılan suların Urmu gölünə buraxılmaması barədə qərar verib.

İclasda qeyd olunub ki, quraqlıqla əlaqədar əhalinin içməli suya olan tələbatının ödənilməsində problemlər yarandığı üçün gölə suyun buraxılması ertələnir.

Bir müddət öncə gölün Bərpası Mərkəzinin Baş direktoru Məsud Təcrişi mətbuata verdiyi açıqlamada İran Enerji Nazirliyini və başqa əlaqədar qurumları illik su payını Urmu gölünə buraxmamaqda günahlandırıb.

Facebook Comments