SN və ƏƏSMN işçilərinin maaşına əlavədən işsizlikdən sığorta və icbari tibbi sığorta haqları tutulacaq

Nazirlər Kabineti “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə Qaydası”na və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə Qaydası”na dəyişiklik edib.

Sozcu.az-ın məlumatına görə, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Səhiyyə Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə Qaydası”na əsasən, ödənilən cərimələrdən daxil olan vəsaitin 18 faizi inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak edən Səhiyyə Nazirliyin işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə istifadə olunur.

Xüsusi vəsait Səhiyyə Nazirliyinin işçilərinin aylıq vəzifə maaşına əlavə olaraq ödənilir. Vəzifə maaşına əlavənin hesablanması ayda bir dəfə olmaqla həyata keçirilir və hər ayın sonunda ödənilir. Vəzifə maaşlarına əlavələr hər bir işçinin əməkhaqqı kartına köçürülür.

Dəyişikliyə əsasən, Səhiyyə Nazirliyinin işçilərinin aylıq vəzifə maaşına əlavədən işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı tutulacaq.

Eyni zamanda “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə Qaydası”na edilən dəyişikliyə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçilərinin aylıq vəzifə maaşına əlavədən işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı tutulacaq.

Facebook Comments