Rəsmi İrəvan Qarabağla bağlı üçtərəfli işçi qrupun işinin dayandırıldığını bəyan etdi…

Ermənistan Rusiya və Azərbaycanın regional əlaqələr, nəqliyyat və kommunikasiyaların açılması üzrə üçtərəfli komissiyanın fəaliyyətini dayandırır.

Moderator.az xəbər verir ki, “Sputnik Armenia”nın yaydığı məlumata görə, Ermənistan baş nazirinin müavini Mher Qriqoryan bu gün İrəvanda keçirdiyi brifinqdə deyib.

İşçi qrupun fəaliyyətinin dayandırılmasına səbəb kimi sərhəddə yaranan gərgin vəziyyət göstərilib: “Bu gündən komissiyanın işi davam etməyəcək. Çünki effektiv və səmərəli iş üçün uyğun vəziyyətə ehtiyac var. Sərhəddə belə bir vəziyyət olduğu təqdirdə bu cür fəaliyyətlərin mümkün olmayacağını düşündük. İrəvan sərhəddəki vəziyyətin dinc və diplomatik yollarla həll edilməsi üçün hər şeyi edəcək”.

Xatırladaq ki, 2021-ci il yanvarın 11-də Moskvadakı görüşdə Rusiya, Ermənistan və Azərbaycan liderləri üç ölkənin baş nazir müavinləri səviyyəsində Qarabağda nəqliyyat və iqtisadi əlaqələrin qurulmasına yönəldiləcək bir işçi qrupunun hazırlanması barədə razılığa gəlmişdi. Bu günlərdə işçi qrupun növbəti görüşünün harada keçiriləcəyi müzakirə olunurdu.

Facebook Comments