DİN-dən Təbriz Gülalıyevin düşdüyü qəza ilə bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyi hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyevin dünən düşdüyü qəza ilə bağlı açıqlama verib.

Sozcu.az-ın xəbərinə görə, DİN Mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Zeyni Hüseynov bildirib ki, hadisə mayın 25-də axşam saat 18 radələrində qeydə alınıb: “Vətəndaş Təbriz Gülalıyev idarə etdiyi “Mercedes” markalı avtomobil ilə Sabunçu rayonunun Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərəkət edən vətəndaş Aynur Əhmədovanın idarə etdiyi “Kia” markalı avtomobillə toqquşub. Qəza nəticəsində hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdilib, hazırda müalicələri davam etdirilir.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsində müvafiq araşdırma aparılır. Həkimlər Aynur Əhmədovanın vəziyyətini ağır, Təbriz Gülalıyevin vəziyyəti orta-ağır olaraq qiymətləndirir”.

Qeyd edək ki, T. Gülalıyev özü qəza zamanı qarşıdan gələn avtomobillə toqquşduğunu bildirmişdi: “Qarşıdan gələn avtomobil məhdudlaşdırıcı xətti keçdi və biz toqquşduq”.

Xatırladaq ki, Oqtay Gülalıyev də ötən ilin sentyabrında piyada xəttində avtomobil vurması nəticəsində komaya düşüb. Qafqazinfo

Facebook Comments