ETTELAAT sulduzlu mədəni fəalları hədələyib

1 Xordad (22 May) hərəkatının ildönümündə ETTELAAT-ın Sulduz bölməsinin əməkdaşları milli-mədəni fəallara zəg edərək onları idarəyə çağırıb və hədələyib.

4 xordad (25 may) Sulduzda bir neçə nəfərin öldürülməsi və çox sayda insanın tutulması ilə müçayiət olunan etiraz aksiyalarının 15-ci ildönümüdür.

ETTELAAT əməkdaşları milli-mədəni fəallar Həsən Badpeyma, Vəli Siyami, Nasir Əhmədi, Ehsan İsmayıldoxt, Əli Hacməhəmmədi, Məhərrəm Kərimi, Əli Dünyadust, İbrahim Moini, Vəli Azəriyyun, Cavad Payizini bölməyə çağıraraq onlardan etiraz aksiyalarının ildönümündə heç bir aksiyaya qatılmamağı istəyiblər.

“Sulduz prokurorluğunun həbs barədə qərarı hazırdır və onlar hər hansı aksiyaya qatıldıqları təqdirdə dərhah həbs olunacaqlar”-deyə, məmurlar milli fəallara belə deyib.

Qeyd edək ki, bu günlər 2006-cı ilin may ayında Güney Azərbaycanda baş vermiş hadisələrin 15-ci ildönümüdür. İran dövlətinin rəsmi mətbuat orqanı olan “İran” qəzetində Güney Azərbaycan türklərinin kobud şəkildə təhqir edilməsi kütləvi etirazlara səbəb olmuşdu.

Soydaşlarımız tərəfindən həyata keçirilən aksiyalar qısa müddətdə bütün Güney Azərbaycanı, o cümlədən, Təbriz, Urmu, Ərdəbil, Sulduz, Mərənd, Xoy, Makı, Miyana, Xiyav, Əhər və s. kimi şəhərləri bürüdü və bu vəziyyət günlərlə davam etdi.

İran hüquq-mühafizə orqanları isə gücdən istifadə edərək dinc şəkildə keçirilən etiraz aksiyalarını dayandırmağa çalışdı.

Təxminən 10 gün davam edən və 1 Xordad (22 May) Hərəkatı adı alan aksiyalar zamanı onlarla azərbaycanlı öldürüldü, yüzlərlə insan yaralanıb və çox sayda etirazçı həbs olundu.

2006-cı il mayın 25-də Sulduzda keçirilən dinc aksiyada Tohid Azəriyyun, Hümmət İsmzadə, Hüseyn Fəthipur və Əsgər Qasimi adlı 4 soydaşımız təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində həyatını itirdi.

Facebook Comments