Akif Nağı Şəhid övladı Ziya Mahmudovun həbsi ilə bağlı müraciət etdi

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı QAT Tərtər şöbəsinin sədr müavini, Şəhid övladı Ziya Mahmudovun şərlənərək həbs olunması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.

Müraciətdə göstərilir:

“Şəhid övladı, Tərtər rayon sakini Ziya Mahmudovun şərlənərək həbs olunması ilə bağlı Sizə müraciət edirik. Ziya Mahmudovun atası Mehrac Mahmudov Qarabağ müharibəsində rəşadətlə vuruşmuş, şəhid olmuş, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur. Onun oğlu Ziya Mahmudov da atasına layiq övladdır, İkinci Qarabağ müharibəsində həyatını risqə qoyaraq, 44 gün ərzində gecə-gündüz bilmədən yaşadığı Tərtər rayonu istiqamətində çalışmış, ön cəbhədə vuruşanlara əlindən gələn köməyi göstərmişdir. Ziya Mahmudov həm də ictimai cəhətdən fəal gəncdir, Qarabağ Azadlıq Təşkilatının Tərtər rayon şöbəsinin sədr müavinidir, rayonda gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işində həmişə fəal olub, ədalətsizliyə, haqsızlığa qarşı mübarizə aparıb. Ziya Mahmudovun fəallığı, vətənpərvərliyi “dərə xəlvət, tülkü bəy” prinsipi ilə yaşayan rayon rəhbərliyinin xoşuna gəlmirdi, dəfələrlə onu “zərərsizləşdirməyə” çalışırdılar. İndi deyəsən öz məqsədlərinə çatdılar. Bərdə rayon məhkəməsinin 26 aprel 2021-ci il də qəbul etdiyi hökmlə Ziya Mahmudov saxta “narkotik istifadəçisi” ittihamı ilə 1,5 il müddətinə azadlıqdan məhrum edilib. Bu qərarın böyük ehtimalla Tərtər rayon icra hakimiyyətinin sifarişi ilə qəbul olunduğu məlumdur. Eyni zamanda xahiş edirik ki, Ziya Mahmudovun Şəhid övladı olduğunu, vətənpərvərliyini, gəncliyni, gənc ailəsinin, 3 azyaşlı övladının başsız qaldığını nəzərə alasınız, onun barəsində qəbul olunmuş qərarın , həbs cəzasının ləğv ounması üçün işinə yenidən baxılmasına dair təşəbbüs edəsiniz”.

QAT Mətbuat Xidməti.
27 aprel 2021

Facebook Comments