Qarabağ Azadlıq Təşkilatı ATƏT sədrindən tələb etdi

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Lindenin regiona səfəri zamanı Dağlıq Qarabağdakı qondarma, terrorçu rejimin “xarici işlər naziri” ilə görüşünə etiraz olaraq müraciət edib. Müraciətdə göstərilir: Sizin regiona səfərinizi, regionda təhlükəsizlik və sabitliyə dair açıqlamanızı alqışlayır, eyni zamanda bəzi narahatlıq doğuran məqamları diqqətinizə çatdırırıq.

Siz Ermənistanın paytaxtı İrəvanda olarkən dünya birliyi, o cümlədən təmsil etdiyiniz ATƏT və İsveç hökuməti tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınan Dağlıq Qarabağ bölgəsindəki qanunsuz qurumun “xarici işlər naziri” kimi özünü təqdim edən David Babayan adlı şəxsi qəbul etmisiniz. Ermənistan mətbuatının, konkret olaraq armenpress.am, ru.armeniasputnik.am saytlarının 16 mart 2021-ci il tarixdə yazdıqlarına görə, bu şəxs guya Sizə Azərbaycanın “Artsax”a qarşı törətdiyi cinayətlərdən danışıb.

Qarabağ Azadlıq Təşkilatı olaraq Sizdən bir sıra məsələlərə aydınlıq gətirilməsini tələb edirik:

1. Siz Dağlıq Qarabağda qeyri-qanuni, separatçı, həmçinin Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən terrorçuluqda ittiham olunan saxta qurumun nümayəndəsi David Babayanı doğurdanmı “xarici işlər naziri” kimi qəbul etmisiniz?

2. Ermənistan mətbuatı David Babayanı “Artsaxın xarici işlər naziri” kimi təqdim edir və Sizinlə görüşdüyünü yazır. Siz bu məlumatı təkzib edəcəksinizmi?

3. Azərbaycanın siyasi rəhbərliyi və hüquq-mühafizə orqanları Dağlıq Qarabağdakı qondarma, oyuncaq qurumu qanundan kənar elan edib, bu qurumun təmsilçiləri ilə bağlı cinayət işi açılıb. Siz onlarla görüşməkdə nə məqsəd güdürsünüz? Sizin bu hərəkətinizi Azərbaycan qanunlarına hörmətsizlik, həmçinin separatçı, terrorçu qurum və şəxslərin himayə olunması kimi dəyərləndirə bilərikmi?

Xahiş edirik ki, bu məsələlərə aydınlıq gətirəsiniz. Azərbaycan 30 il ərzində müxtəlif beynəlxalq qurumların, vasitəçilərin nizamasalma səylərinə dözümlə yanaşdı, nəticəni gözlədi, lakin sonda öz torpaqlarını hərbi yolla azad etməli oldu. İnanırıq ki, beynəlxalq qurumlar, o cümlədən rəhbərlik etdiyiniz təşkilat yenidən müharibə variantının meydana gəlməsinə imkan verməyəcək, Azərbaycanın Dağlıq Qarabağın bütün ərazilərində, o cümlədən, Xankəndi, Xocalı, Ağdərə, Xocavənd bölgələrində hakimiyyətinin tam bərpa olunmasını təmin edəcək, işğalçı Ermənistanın və regiondakı silahlı dəstələrin yenidən baş qaldırmasına , Azərbaycanı təhdid etməsinə imkan verməyəcəkdir. Əks halda, yeni müharibə qaçılmaz olacaq, Azərbaycan öz haqqını hərb meydanında təmin edəcəkdir. Baş verə biləcək faciəli hadisələrin məsuliyyəti isə beynəlxalq qurumların, o cümlədən rəhbərlik etdiyiniz təşkilatın üzərinə düşəcəkdir.

Facebook Comments