Ukrayna F-16-lardan Kurskda istifadə edib?

Ukrayna ordusu Kursk vilayətinə hücum zamanı Qərbdən alınan F-16 qırıcılarından istifadə etmir. Sozcu.az xəbər verir ki, bu barədə “Forbes” yazıb. “Ukrayna tərəfi bu istiqamətdə döyüşlərdə ilk dəfə aviasiyadan istifadə edib, lakin döyüşlərə F-16-lar yox, Su-27-lər qatılıb”, - məlumatda qeyd olunub. Nəşrin məlumatına görə, Ukrayna hərbi komandanlığı F-16-dan Rusiya hərbi obyektlərinə ​​riskli hücumlar üçün deyil, hava hücumundan müdafiə patrulları üçün istifadə etməyi planlaşdırır.

Ağstafada bir nəfər Kürdə batdı

Ağstafada bir nəfər Kür çayında batıb. APA-nın məlumatına görə, hadisə Kür çayının rayonun Saloğlu kəndindən keçən hissəsində qeydə alınıb. Əraziyə FHN-in dalğıc-axtarış qrupu cəlb olunub.

Daha 7 itkin-şəhidin dəfn mərasimi olacaq

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin-şəhidlərin dəfn mərasimlərinə dair məlumat yayıb. Dövlət Komissiyasından Sozcu.az-a bildiriblər ki, avqustun 15-də daha 7 itkin-şəhid torpağa tapşırılacaq. Belə ki, Elman Hüseyn oğlu Camalov, Əbülfəz Əbülfət oğlu Əbilov, Cavanşir Ərşad oğlu Hüseynov, Tahir Şirin oğlu Şirinov Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən Şəhidlər xiyabanında, Camaləddin İbad oğlu İbrahimov paytaxtın Suraxanı rayonunun Əmircan kəndində, Qənbər Teymur oğlu Yarıyev Salyan rayonunun Şəhidlər xiyabanında, Təranə (Əsmayə) Davud qızı Zeynalova Bərdə şəhərində yerləşən Şəhidlər xiyabanında dəfn olunacaq.

Kurskda hərbi komendantlıqlar yaradılacaq - Zelenski

Ehtiyac yaranarsa, Rusiyanın Kursk vilayətində hərbi komendantlıqlar yaradılacaq. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib. "Biz Rusiyada aktiv fəaliyyət həyata keçirərkən, beynəlxalq konvensiya və beynəlxalq humanitar hüququn tələblərinə riayət edirik", - Zelenski qeyd edib.

Tələbələrə PİS XƏBƏR - Qiymət kəskin artdı

Hər ilin avqust və sentyabr aylarında paytaxtın kirayə mənzil bazarında canlama müşahidə olunur. İyun-iyul aylarından fərqli olaraq, bu vaxtlar tələbələrin və iş üçün Bakıya üz tutan vətəndaşların hesabına kirayə mənzillərə tələbat kəskin surətdə artır. Bu isə eyni zamanda kirayə mənzillərin bahalaşmasına səbəb olur.  Bəs görəsən, bu il də eyni tendensiya gözlənilirmi?  Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, artıq bir çox valideynlər tələbə adı qazanan övladları üçün kirayə mənzil axtarışına başlayıb:  onlayn aptek “Hər il iyun-iyul aylarında və avqust ayının 15-nə qədər kirayə mənzil bazarında nisbi durğunluq olurdu. Bu daha çox tələbələrin və iş üçün paytaxtda üz tutan şəxslərin rayonlara qayıtması ilə bağlı idi. Amma son illər tendensiya artıq dəyişib. Artıq ali təhsil müəssisələrinə, kolleclərə və digərlərinə imtahan verən tələbələrin qəbul prosesi əvvəlki vaxtlara nisbətən daha tez olur. Bu baxımdan valideynlər də bilirlər ki, ev tapmaq problemdir və həmin evləri daha tez müddətdə kirayə götürürlər. Yuxarı kurs tələbələri isə rayondan qayıdarkən artıq ev tapmayacağını bilib kirayə götürdükləri mənzillərin pulunu ödəyib saxlayırlar. Bu isə son illər kirayə mənzil bazarında qıtlıq yaradır”.  Ekspert avqustun sonuna və sentyabrın əvvəlinə doğru kirayə mənzil bazarında ciddi bahalaşmanın olacağını dilə gətirib:  “Digər tərəfdən, artıq 2016-cı ildən başlayaraq Bakıda pilot layihələr üzrə söküntü işləri aparılır. Bu, istismar müddəti bitmiş çoxmərtəbəli köhnə binaların, yəni “xruşovka”ların və digər layihəli binaların sökülməsidir. Həmçinin fərdi yaşayış evlərindən ibarət massivlər də var ki, həmin ərazilərdə də söküntü işləri gedir. Bura “Alatava”, “Papanin”, “Kubinka” və s. əraziləri misal göstərmək olar. Bu tip yerlərin sökülməsi artıq kirayə mənzil bazarında olan fərdi yaşayış evlərinin bazardan çıxması ilə nəticələnir. Həmin evlərin sakinləri məcburən sökülən əmlaklarının yerində onlara mənzil veriləcək yeni binalar tikilənə qədər, kirayə çıxmalı olurlar. Belə olan təqdirdə isə Bakıdakı kirayə mənzillərin əksəriyyətini paytaxt sakinləri özləri kirayə götürür. Ən əsası isə köhnə binaların yerində tikilən yeni tikililərin kirayə qiyməti əvvəlkindən ən az 2 dəfə daha bahadır. Bütün bunlar hamısı birlikdə kirayə mənzil bazarında qıtlığa səbəb olur. Bu isə qiymətləri kəskin şəkildə qaldırılır. Avqustun sonuna doğru biz yenidən bunu müşahidə edəcəyik”. 

Varlı oğlanlar üçün yeni fürsət - Pul verib əsgər getməyəcəklər

Qonşu Gürcüstanda hərbi xidmət müddəti qısaldılacaq. “Müdafiə haqqında” qanuna hazırlanmış dəyişikliklərə əsasən, bu, xidmət növündən asılı olacaq. Eyni zamanda çağırışçılar yalnız Müdafiə Qoşunlarında xidmət edəcək və bunun üçün əmək haqqı alacaqlar və onların iş yeri saxlanılacaq.  Artıq analoji mövzu ilə bağlı ölkəmizdə də qanunvericiliyin dəyişdirilməsi gündəmdədir. Uzun müddətdir ki, silahlı qüvvələrin tam peşəkar ordu modelinə keçirilməsi ilə bağlı addımlar müzakirə olunur. Nəzərə alsaq ki, hazırda qonşu Gürcüstanın hərbi hərarətin yüksək olduğu 2 separatçı bölgəsi var, o zaman belə bir addımın hərbi xidmət keyfiyyətinə heç də mənfi təsir etmədiyini söyləmək olar. Digər tərəfdən Gürcüstanın hərbi xidmətə yararlı insan resursu da Azərbaycandan olduqca azdır.  Bəs görəsən, bənzər qanunun Azərbaycanda tətbiqi mümkündür?  aptek depo Mövzu ilə bağlı Yenisabah.az-a danışan ehtiyatda olan polkovnik və hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, indiki mərhələdə hansısa ödəniş qarşılığında hərbi xidmət azad edilmə ilə bağlı prosesin tətbiqi düzgün olmaz:  “Müəyyən ödəniş müqabilində hərbi xidmətdən azad edilmə prosesinin indiki mərhələdə Azərbaycan üçün uyğun olduğunu düşünmürəm. Məsələ burasındadır ki, Gürcüstan belə bir qanun qəbul etməsi hansısa bir ölkə ilə müharibə şəraitində olmaması ilə bağlıdır. Biz də gələcəkdə Ermənistanla yekun sülh sazişi imzalandığı halda, təhlükəsizlik vəziyyətinə görə, Hərbi Xidmət Keçmək haqqında Əsasnamənin dəyişdirilməsini və səfərbərlik ehtiyatlarının maliyyə vəsaitləri qarşılığında sərbəst qalması müzakirə mövzusu ola bilər. İndiki mərhələdə elə kateqoriya şəxslər var ki, onlar hərbi xidmətdən möhlət ala bilirlər. Xüsusən, magistratura və doktorantura təhsili alan tələbələri misal göstərə bilərik. Bu səbəbdən bu gün üçün səfərbərlik ehtiyatlarımızın ödənişli qarşılığında hərbi xidmətdən azad edilməsi müzakirə mövzusu deyil”.  Polkovnik həmçinin qeyd edib ki, onsuz da Azərbaycan Ordusunda əsas vəzifələri icra edən hərbi qulluqçular çağırışçılar deyil:  “Dünyada müharibə və hərbi insidentlərin artdığı bir zamanda ölkəmizin müdafiə konsepsiyasının mövcud ola biləcək təhlükələrə qarşı dayanıqlı ola bilməsi səbəbi ilə sözügedən mövzu bu gün üçün aktual deyil. Amma bizdə müəyyən kilid vəzifələr var ki, məsələn, gizir və MAXE kimi, bunlar özündə peşəkar orduya keçidin göstəricisidir. Bu səbəbdən əsas hərbi vəzifələr gizir və MAXE-lər tərəfindən icra edildiyi üçün, müddətli çağırışçılar sadəcə hərbi xidmətlə bağlı başlıca lazımi bilik və vərdişlərə yiyələnir. Biz onsuz da müəyyən qədər peşəkar orduya keçid etmişik. Düşünürəm ki, indiki mərhələdə ordumuz səfərbərlik ehtiyatları ilə təmin olunmalıdır”. 

Ukrayna ordusu Kurskda irəlilədi – Təcili

Biz Kursk vilayətində irəliləyirik. Günün əvvəlindən müxtəlif hissələrdə 1 kilometrdən 2 kilometrə qədər irəli getmişik. Eyni dövrdə daha 100-dən çox rus hərbçisi əsir götürülüb. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. Onun sözlərinə görə Suca rəsmi olaraq Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır: “Sırski ərazidə (Sucada – red.) düşmənin axtarışı və məhv edilməsinin sona çatdığı barədə məlumat verdi. Yeni yardım paketlərindən Donetsk vilayətindəki mövqelər gücləndiriləcək”.

Ata və qızı quyuya düşdü: meyitləri tapıldı

15:06 Cəlilabad rayonunda ata və övladının su quyusuna düşdüyü ehtimal olunur, atanın meyiti tapılıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Moranlı kəndində qeydə alınıb. Belə ki, Fövqəladə Hallar Nazirliyinə (FHN) 20 yaşlı qadının təxminən 15 metr dərinliyi olan su quyusuna düşdüyü barədə məlumat daxil olub. Hadisə yerinə gələn xilasedicilər quyudan həmin qadının atasının meyitini aşkar ediblər. Həmçinin 20 yaşlı qadının da quyuda olduğu ehtimal edilir. Hazırda onun xilas edilməsi üçün əməliyyat aparılır. Hadisə yerinə polis və təcili tibbi yardım briqadası da cəlb olunub. Hadisənin təfərrüatları dəqiqləşdirilir. *** Cəlilabad rayonunun Moranlı kəndində su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb. Xilasedicilər su quyusunda 2004-cü il təvəllüdlü Nəsibə Məmmədovanın meyitini aşkar ediblər. Hər iki meyit müayinə olunması aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Növbəti Oyunlara bu prizmadan yanaşmalıyıq...

İndi müəyyən istirahətdən sonra yeni hazırlıq prosesinə start veriləcək, həm Avropa, həm dünya çempionatlarına hazırlıq işləri gedəcək. Əlbəttə ki, biz növbəti Olimpiya Oyunlarına da indidən hazırlaşmalıyıq. Sozcu.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edərkən söyləyib. “Bir neçə idman növündə nəsillərin dəyişməsi prosesi gedir. Ona görə təbii ki, biz növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşmalıyıq və xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra da diqqət göstərilməlidir”, - deyə dövlətimizin başçısı əlavə edib.

İran hökuməti türkcə kitabların nəşrini məhdudlaşdırır

Yaranan vəziyyət türk dilində kitabların nəşrinə, Azərbaycanın tarixi, dili və mədəniyyəti ilə bağlı fəaliyyətlərə birmənalı olaraq qadağa kimi dəyərləndirilə bilər. Sozcu.az xəbər verir ki, bunu güneyli şair, tərcüməçi və ictimai fəal Saleh Səccadi deyib. O, İranın Mədəniyyət və İslami İrşad Nazirliyinin ölkədə Azərbaycan dilində kitabların nəşrinə qadağa və məhdudiyyətləri artırdığını açıqlayıb. Səccadi bildirib ki, ölkədə Azərbaycan türklərinin milli kimlik, dil və mədəniyyətini qoruyub saxlamaq və inkişaf etdirmək üçün fəaliyyətlərinin genişlənməsi ilə eyni vaxtda buna qarşı qadağaların tətbiqi də güclənib. Yazıçının sözlərinə görə, xüsusilə son üç ildə Azərbaycan dilində kitabların nəşrinə qadağa və senzura daha da kəskinləşib.

Rusiya-Ukrayna müharibəsi: Azərbaycana gələnlərin sayı...

2022-ci ilin mart ayından cari ilin iyul ayınadək ümumilikdə 1 milyon 535 min 889 nəfər Rusiya və Ukrayna vətəndaşı Azərbaycana gəlib. Sozcu.az xəbər verir ki, bu barədə Report-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Komitədən bildirilib ki, 2022-ci ilin mart-dekabr aylarında Rusiyadan 397 min 5 nəfər, Ukraynadan isə 24 min 609 nəfər ölkəyə daxil olub. Ötən il ərzində isə Rusiyadan Azərbaycana gələnlərin sayında kəskin artım müşahidə olunub. Belə ki, ölkəyə gələn Rusiya vətəndaşlarının sayı 200 mindən çox artaraq 624 min 753 nəfərə çatıb. Ötən il 31 min 267 Ukrayna vətəndaşı da Azərbaycana daxil olub. Cari ilin yanvar-iyul aylarında 438 min 66 nəfər Rusiya, 20 min 189 Ukrayna vətəndaşı da Azərbaycana giriş edib. Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb.

“Qafqazinfo”nun böhtanına Arif Hacılıdan cavab

Qafqazinfo saytı dünən, avqust ayının 12-də Avropa İttifaqının Bakı ofisində keçirilən görüşümüz barədə yalan və böhtanlarla zəngin olan məlumat yayıb. Müsavat Partiyasının başqanı İsa Qəmbərlə birlikdə iştirak etdiyimiz görüşə Aİ Bakı ofisinin rəhbəri Piter Mixalko ilə yanaşı ölkəmizdə fəaliyyət göstərən Avropa ölkələri diplomatık korpusunun nümayəndələri də qatılmışdı. Yazida iddia olunduğu kimi ABŞ və Böyük Britaniyanın səfirləri bu görüşdə iştirak etməyib. Həmçinin bu görüşə İsa bəy və məndən başqa Azərbaycanda fəaliyyət göstərən hər hansı təşkilatın nümayəndələri də qatılmayıb. Görüşdə Azərbaycanda ümumi ictimai-siyasi durum 1 sentyabr seçkiləri, Azərbaycan-Ermənistan sülh danışıqlarının gedişi, siyasi məhbuslar, Müsavat Partiyası ilə Aİ ölkələri diplomatik korpusunun nümayəndəliklərinim əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparılıb. Qafqazinfo saytının görüşün iştirakçıları, məqsədi barədə yazdıqları yalan, görüşdə müzakirə olunan məsələlər barədə yazdıqları isə tamamilə uydurma və böhtandır. Sayt bizi Azərbaycan Cinayət Məcəlləsinə görə cinayət məsuliyyəti yaradan əməldə ittiham edib. Qafqazinfo saytı və qeyd edilən “məlumatın” müəllifləri öz saytlarında eyni həcmdə yazı ilə təkzib verməli və bizdən üzr istəməlidir. Əks halda tələbimiz hüquq müstəvisində irəli sürüləcək. Yazı Arif Hacılının feysbuk səhifəsindən götürülüb

Küçədə heyvana balta ilə işgəncə verən şəxs saxlanıldı

Heyvanla rəhmsiz davranan şəxsin əməlləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər polis tərəfindən araşdırılıb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, paytaxtın Binəqədi rayonunda əməli törədən 1982-ci il təvəllüdlü X.Muradov saxlanılaraq polis idarəsinə gətirilib. Onun əməlinə hüquqi qiymət verilməsi üçün qanunvericiliyə uyğun tədbir görülür. 

İrəvandan Konstitusiya dəyişikliyi ilə bağlı açıqlama

Konstitusiyaya dəyişikliklər prosesi Ermənistan Respublikasının daxili işidir. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyi erməni mətbuatının sorğusuna cavabında deyib. Qeyd edək ki, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov Ermənistan konstitusiyasında təsbit edilmiş Azərbaycana qarşı ərazi iddialarının Bakı ilə İrəvan arasında sülh prosesində gələcək irəliləyiş üçün yeganə maneə olaraq qaldığını demişdi.

Gəncədə yeniyetməni avtomobil vurdu

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, şəhər ərazisində hərəkətdə olan "Toyota Prius" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən 2010-cu təvəllüdlü T.Şükür İlahini vurub. Xəsarət alan yeniyetmə xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda quzu əti niyə bahalaşıb?

Azərbaycanda ət kəsimi məntəqələrində quzu ətinin bahalaşdığı müşahidə olunur. Belə ki, bir müddət əvvəl bir kiloqramı 18-19 manata satılan quzu əti hazırda bəzi məntəqələrdə 20 manata təklif olunur. Bəzi satıcılar bahalaşmaya səbəb olaraq diri çəkidə quzunun qiymətinin artdığını göstərirlər. Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli İqtisadiyyat.az-a açıqlamasında deyib ki, ölkədə faktiki olaraq ət çatışmazlığı mövcuddur. Onun sözlərinə görə, heyvandarlıq məhsulları, o cümlədən də ət istehsalı tələbatı ödəyə bilmir: "Yerli ət istehsalı ümumi ölkə tələbatının təxminən 50%-nə qədərini qarşılaya bilir. Bu səbəbdən qiymətlər get-gedə bahalaşır. Qiymət artımına müxtəlif amillər təsir edib. Bunlardan biri də bu yay mövsümündə davam edən qeyri-sabit hava şəraitidir. Belə ki, hava yağıntılı keçdiyinə görə biçində problemlər yarandı, yağış otu sıradan çıxardı və keyfiyyətini azaltdı. Bu da təbii ki, məhsuldarlığa mənfi təsir göstərdi. Əlverişsiz hava şəraiti heyvanlar üçün yığılan yem bazasını zəiflətdi". Ekspert söyləyib ki, ümumiyyətlə, bu il yem bitkilərinin məhsuldarlığı aşağıdır: "Ona görə də heyvandarlıqla məşğul olan sahibkarların xərcləri artır. Xərclər artığına görə də onlar əti bahalaşdırmaq məcburiyyətində olurlar".

Bu yollarda sıxlıq müşahidə olunur - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində; 2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində; 3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 5. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 6. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 7. Babək prospekti, mərkəz istiqamətində; 8. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində; 9. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində; 10. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində; 11. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 12. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində; 13. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində; 14. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində; 15. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından "Qara Qarayev" metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.

İlham Əliyev Olimpiya medalçılarını MÜKAFATLANDIRDI

Prezident İlham Əliyev Fransanın Paris şəhərində keçirilən XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Sərəncam imzalayıb. Sozcu.az xəbər verir ki, bu barədə informasiyanı Prezidentin mətbuat xidməti yayıb. Sərəncama əsasən birinci yeri tutan hər bir idmançıya 400 000 (dörd yüz min) manat, onun məşqçisinə 200 000 (iki yüz min) manat, ikinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min) manat, onun məşqçisinə 100 000 (yüz min) manat,  üçüncü yeri tutan hər bir idmançıya 100 000 (yüz min) manat, onun məşqçisinə 50 000 (əlli min) manat veriləcək.

Ukraynanın hücumu Putinə sərt şillə idi

Ukrayna ordusunun Kursk vilayətinə hücumu Rusiya hərbçiləri və Kreml üçün şok oldu. Sozcu.az xəbər verir ki, bu barədə “Moskva Tayms” nəşri Kremldəki mənbələrə istinadla məlumat yayıb. Mənbənin sözlərinə görə, Rusiya rəhbərliyi Ukrayna qoşunlarının 100 kvadrat kilometrdən çox ərazini ələ keçirməyi və bu qədər hərbçini əsir götürməyi bacara biləcəyini ağlasığmaz hesab edirdi. “Bu, prezidentin üzünə vurulan sərt sillədir. Rusiyanın regionu və əhalisi üçün təhlükə var. Bu, qələbəsinə arxayın olan ölkənin davranışı deyil”, - mənbə vurğulayıb. Putini yaxından tanıyan mənbələr nəşrə bildiriblər ki, ictimai çıxışlar zamanı prezident açıq şəkildə narazı və qıcıqlanmış görünürdü: “Liderin bu gün əhvalı pis idi. O, yəqin ki, 2022-ci ilin payızında Rusiya ordusunun Xersondan çıxarılmasından sonra belə görünməyib. Məmurlardan biri açıq deyib: “Sərhəd qoşunlarımız mühasirəyə alınıb. Çağırışçılar əsir götürülüb. Ukraynanın irəliləməsinin dərinliyinin məhdud olduğu aydındır. Buna baxmayaraq, baş verənlər reputasiyamız üçün çox xoşagəlməzdir”.

Fransadan İsrailə mesaj: Bundan narahatıq!

Fransa İsrailin norveçli diplomatların akkreditasiyasını ləğv etməsindən narahat olduğunu ifadə edib. Sozcu.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb. Bəyanatda həmçinin qeyd olunub ki, yalnız iki dövlətli həll israillilər və fələstinlilər üçün davamlı sülhü təmin edə bilər. Qeyd edək ki, bir müddət əvvəl İsrail Təl-Əvivdə yerləşən və Fələstin administrasiyası ilə iş aparan 8 norveçli diplomatın akkreditasiyasını ləğv edib.

HƏMAS Təl-Əvivə raket zərbəsi endirdi

HƏMAS İsrailə iki raket atıb. Sozcu.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Qeyd olunub ki, raketlərdən biri Təl-Əvivə, o biri isə Qəzza zolağına düşüb.

Rus əsgər kababa görə hərbi hissədən qaçdı

Rusiyanın Çelyabinsk vilayətində əsgər hərbi hissəni icazəsiz tərk edib.   Hadisə bu il iyulun 7-də baş verib. İş materiallarına görə sıravi əsgər Çebarkul şəhərindəki hərbi hissəni üç saata tərk edib. Bu zaman gənc manqal yeməyə gedib. "Hərbi qulluqçuların statusu haqqında" Federal Qanunun kobud şəkildə pozulması aşkar edildikdən sonra, şəxs qarovulda saxlanmaqla 20 gün müddətinə intizam həbsi şəklində intizam tənbehi verilib.

Rusiya ilin sonunda yenidən səfərbərlik elan edəcək

Rusiya 2024-cü ilin sonunda yeni səfərbərliyə başlaya bilər. Sozcu.az xəbər verir ki, bunu "Bloomberg" yazıb. "Rusiya ordusu hərbi personal çatışmazlığı yaşayır və cəbhədə itkilər verir - bu, ikinci səfərbərlik dalğasına səbəb ola bilər", - "Bloomberg" Kremlə və RF Müdafiə Nazirliyinə yaxın bir neçə mənbəyə istinadən yazır. Nəşrin həmsöhbətləri qeyd edirlər ki, Ukraynada müharibə başlayandan bəri hərbi itkilər maksimum həddə çatıb. Birdəfəlik ödənişləri və digər bonusları artırmaqla problemi həll etməyə çalışırlar, lakin yaranan kəsiri tam bağlamaq mümkün deyil. Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumu bu problemi hər kəsə açıq şəkildə göstərib və buna görə də Rusiya hakimiyyəti yeni səfərbərliyə başlaya bilər. Nəşrin həmsöhbətlərindən biri bildirib ki, bu, Ukraynada döyüşlərdə səfərbər olanların “istirahət üçün” rotasiya tədbiri kimi təqdim edilə bilər. Başqa bir mənbə layihənin 2024-cü ilin sonunda elan oluna biləcəyini söyləyib.

Azərbaycanda ayı gecə kəndə hücum etdi - FOTO

Göygöl rayonunun bir sıra kəndləri ayı hücumuna məruz qalıb. Sozcu.az "Report"a istinadla xəbər verir ki, Göygöl rayonu Toğanalı kəndində ayı insanların yaşadığı evlərin həyətinə daxil olub. Toğanalı kəndinə istirahətə gedən Rövşən Əmiraslanoğlu gecə saatlarında həyətdə səs eşitdiyini bildirib. O, həyətə çıxan zaman ayının çəpəri dağıdaraq həyətə daxil olduğunu görüb: "Mən təxminən 4-5 metr ondan aralıda idim. Əl fənərinin işığını ayıya tərəf tutdum. Xoşbəxtlikdən ayı mənə hücum etmədi. Haradasa, on saniyədən çox ayı işığa doğru baxdı və sonra qonşunun həyətinə tərəf qaçdı”. Qeyd edək ki, bir neçə ay öncə Göygöl rayonun digər kəndlərində də ayı sakinlərin təsərrüfatına hücum edib. Sakinlər ac ayının onlara xəsarət yetirəcəyindən ehtiyat edirlər.