TƏCİLİ! İranda TERROR: 10 polis ÖLDÜRÜLDÜ

İranın Sistan və Bəluçistan vilayətinin Təftan bölgəsində yerləşən Qouhar Kuh rayonunda törədilən terror aktı nəticəsində ən azı 10 hüquq-mühafizə orqanı əməkdaşı həyatını itirib. Musavat.com xəbər verir ki, bu barədə İslam Respublikasının polisi məlumat yayıb. Hadisənin təfərrüatlarını araşdırmaq üçün İranın daxili işlər naziri İskəndər Momeni xüsusi istintaq qrupunun yaradılmasını tapşırıb. İranın Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, terror aktı nəticəsində xəsarət alan yaralılar xəstəxanalara yerləşdirilib, lakin onların dəqiq sayı açıqlanmayıb. Sistan və Bəluçistan vilayəti polis idarəsinin açıqlamasına əsasən, hələlik heç bir terror qruplaşması hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib. Hadisə ilə əlaqədar bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib, vəziyyətə nəzarət etmək və istintaq aparmaq üçün xüsusi təhqiqat qrupları əraziyə göndərilib.

Gürcüstanda parlament seçkiləri: Seçici fəallığı açıqlandı

Gürcüstanda keçirilən parlament seçkilərində saat 17:00-da (Bakı vaxtı ilə 17:00) seçicilərin 50,6%-i iştirak edib. Bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb. 2020-ci il parlament seçkilərində bu vaxta qədər seçici fəallığı 45,77% idi. Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri keçirilir. Belə ki, ölkədə 3111 seçki məntəqəsi açılıb. Bunlardan 3044-ü Gürcüstandadır. Qalan 67-si isə xarici ölkələrdədir. Bu seçkilərdə 3 508 294 seçici (95 910 nəfəri xarici ölkələrdə) səs verə biləcək. Səsvermə saat 20:00-da başa çatacaq.//Report

Gürcüstanda seçki zamanı 1 nəfər ölüb

Gürcüstanın Potidəki seçki məntəqələrindən birində bir nəfər ölüb. Sozcu.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı yazıb.  Məlumata görə, namizədlərdən birinin vəkilinin vəziyyəti pisləşib. O, həkimlər gələnə qədər dünyasını dəyişib. Qeyd edək ki, bu gün Gürcüstanda parlament seçkiləri keçirilir. 

Bu bölgəmizə qar yağır

11:08 Bakıda oktyabrın 26-sı saat 10:00-a olan məlumata əsasən hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə şimal-qərb rayonlarından başlayaraq arabir yağış, Şahdağda isə qar yağıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, Şahdağda qar örtüyünün hündürlüyü 2 sm təşkil edir. Düşən yağıntının miqdarı Qəbələdə 6 mm, Şabran, Quba, Şəkidə 4 mm, Xaçmaz, Qusar, Oğuzda 2 mm, Qax, Daşkəsən, Balakən, Zaqatala, Şahdağda 1 mm-dək olub. Şimal-qərb küləyi arabir Şəkidə 15 m/s-dək güclənmişdir. Sumqayıt, Quba, Qusar, Qrız, Xaltan, Altıağacda duman müşahidə olunub. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 12-14, Naxçıvan MR-da 2-7 dərəcə isti, Aran rayonlarında 8-13 dərəcəyədək isti, dağlıq ərazilərdə isə 3 dərəcəyədək şaxta qeydə alınıb. *** Oktyabrın 26-sı saat 15:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında, Gəncə, Qax, Balakən, Altıağac, Quba, Qusar, Xaçmaz, Zaqatala, Şəki, Ağsu, Xaltan, Şabranda arabir yağış, Şahdağda isə qar yağıb. Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 15 m/s-dək güclənib. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 18, aran rayonlarında 20, dağlıq rayonlarda 10 dərəcəyədək isti olub. *** Oktyabrın 26-sı saat 18:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəki, Altıağac, Quba, Xaltan, Şamaxı, Şabran, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Yevlaxda yağış, Qusar(Laza), Xınalıq, Qrız, Şahdağda isə qar yağır. Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 16 m/s-dək güclənib. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 19, Aran rayonlarında 20, dağlıq rayonlarda 6 dərəcəyədək isti olub.

İran səhvə yol versə yenidən vuracağıq! - Haqari

İndi İsrailin İranda əməliyyatlar keçirməsi üçün daha əlverişli şərait yaranıb və İran səhvə yol versə yenidən cavab verəcəyik. Sozcu.az xəbər verir ki, bu sözləri İsrail Ordusunun sözçüsü Daniel Haqari deyib. “Bizim mesajımız aydındır, İsrail dövlətini təhdid edən və bölgəni daha geniş gərginliyə sürükləməyə çalışanların hamısı bunun əvəzini ağır ödəyəcək”, - o bildirib. Qeyd edək ki, daha əvvəl yerli və xarici mətbuat Tehranda partlayış səslərinin eşidilməsi barədə xəbərlər yayıblar. Sonra məlum olub ki, İsrail İrana iki dəfə hava zərbəsi endirib. İkinci zərbə Şiraz şəhərinə endirilib.

Ostin Qalantla danışdı: Qəti imkan verilməyəcək!

ABŞ müdafiə naziri Lloyd Ostinlə israilli həmkarı Yoav Qalantla arasında telefon danışığı baş tutub. Sozcu.az xəbər verir ki, bu barədə Pentaqon sözçüsü Patrik Rayderin yazılı bəyanatında deyilir. "Pentaqon rəhbəri ABŞ-ın İsrailin təhlükəsizliyinə və özünümüdafiə hüququna sarsılmaz sadiqliyini təsdiqləyib. O vurğulayıb ki, ABŞ-ın döyüş hazırlığı İran və onun dəstəklədiyi terror qruplarının təhdidləri qarşısında ABŞ qüvvələrini, İsraili və regiondakı tərəfdaşları qorumaq məqsədilə artırılıb. ABŞ hər hansı bir subyektin gərginlikdən istifadə etməsinə və ya regiondakı münaqişəni genişləndirməsinə qəti şəkildə imkan verməyəcək", - deyə bəyanatda bildirilib.

İran İsrailin bir raketinin belə qarşısını ala bilməyib - KİV

İranın hava hücumundan müdafiə qüvvələri bir dənə də olsun İsrail raketinin qarşısını ala bilməyib. Sozcu.az xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb. Bildirilib ki, İsrail rəsmiləri İranın hava hücumundan müdafiə qüvvələrinin İsrail raketlərinin əksəriyyətinin qarşısını ala bildiyinə dair xəbərləri təkzib edib.

İsrailin İrana hücumu başa çatdı

İsrailin Müdafiə Ordusu İrandakı obyektlərə hücumun başa çatdığını elan edib. Sozcu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun Mətbuat xidməti məlumat yayıb. "Bu yaxınlarda İsrail Müdafiə Ordusu İranın bir neçə bölgəsində hərbi hədəflərə dəqiq və hədəfli zərbələr endirməyi başa çatdırdı", - məlumatda deyilir. "Kəşfiyyat məlumatlarına görə, Hərbi Hava Qüvvələri təyyarələri İranın son bir il ərzində İsrail Dövlətinə atdığı raketlərin istehsalı üçün istifadə olunan istehsal müəssisələrinə zərbələr endirdi", - odrunun açıqlamasında deyilir. Bəyanatda, həmçinin qeyd olunur ki, İran rejimi hücumlarını davam etdirsə İsrail Dövləti vətəndaşlarını qorumaq hüququnu özündə saxlayır. Həmçinin ölkənin silahlı qüvvələrinin rəsmi nümayəndəsi Daniel Haqari bildirib ki, İran regionda vəziyyətin gərginləşməsinin yeni mərhələsinə başlayacağı təqdirdə İsrail Ordusu cavab verməyə məcbur olacaq. Qeyd edək ki, daha əvvəl yerli və xarici mətbuat Tehranda partlayış səslərinin eşidilməsi barədə xəbərlər yayıblar. Sonra məlum olub ki, İsrail İrana iki dəfə hava zərbəsi endirib. İkinci zərbə Şiraz şəhərinə endirilib. Ölən və ya xəsarət alanlar, dağıntılar barədə məlumatlar yoxdur.

İsrail İranda bu hədəfləri vurub

İsrail ordusu İrandakı hədəflərə üç ardıcıl zərbə endirib. Sozcu.az xəbər verir ki, bu barədə "Axios" nəşrinin siyasi müxbiri Barak Ravid X hesabında yazıb. "ABŞ və İsrail rəsmiləri üç zərbə dalğasının baş verdiyini bildiriblər. Birinci dalğa İranın hava hücumundan müdafiə sisteminə, ikinci və üçüncü dalğalar isə raket və dron bazalarına, o cümlədən istehsal sahələrinə yönəlib",- o bildirib. Qeyd edək ki, daha əvvəl İsrail hücumun İranın hərbi hədəflərinə yönəldiyini açıqlamışdı.

KRESLO

Taleyinin onun üzünə güldüyü zamanlar idi. Qısa zaman kəsiyində varlanmışdı. Ölkənin ən zəngin biznesmenlərindən birinə çevrilmişdi. Obyektlərinin sayı-hesabı yox idi. Üstəlik, xarici ölkələrdə də bizneslə məşğul olurdu, yeni ticarət mərkəzləri açdırırdı. Bütün bunlar təbii ki, əla idi. Amma o, özünü ən çox nazir təyin edildiyi gün xoşbəxt hiss etmişdi. Belə ki, yuxarı dairələrlə sıx əlaqələri və şəxsi keyfiyyətləri nəticəsində ölkədəki nazirliklərdən birini ona tapşırmışdılar. Bu təyinatdan sonra onun biznesi daha da çiçəklənməyə başladı. Artıq ölkəyə gəlib-gedən mallar onun nəzarətinə keçmişdi. İcazəsi olmadan heç kim Azərbaycana bircə çöp belə gətirə bilməzdi. Nəticədə rəqiblərini sıradan çıxartmışdı. Onun üçün əsas iş pul qazanmaq idi. Məqsədinə çatmaq üçün edə bilməyəcəyi heç nə yox idi. Bu yolda çoxlarını “ağlar” qoymuşdu, çoxlarının həyatını cəhənnəmə çevirmişdi.  Günlərin bir günü, fələyin çərxi geriyə fırlanmağa başladı. Əvvəlcə onu işdən çıxartdılar. Nəticədə illərlə yığdığı var-dövlət əlindən çıxdı. Vəzifəsini və var-dövlətini itirdikcə ətrafındakı dostlarının sayı da azalmağa başladı. Vaxtı ilə yan-yörəsində var-gəl edənlər indi artıq gözə dəymirdilər. Vəzifəsini itirməsi ailəsinə də təsirsiz ötüşmədi. Ailəsi də ondan uzaqlaşıb xaricə qaçdı. İndi o, tək qalmışdı. Şah saraylarına bənzəyən villasında tənha yaşamağa məhkum idi. Üstəlik, səhhətində də ciddi problemlər var idi. Ayaqları tutulmuşdu, yeriyə bilmirdi. Əlil arabasına məhkum olması işlərini daha da çətinləşdirirdi. Vaxtı ilə göz yaşlarını axıtdığı insanların ahı tutmuşdu onu. Bu qədər yüksəklərə qalxdıqdan sonra əlil arabasında əsir qalmaq əsəblərini korlamışdı. İndi işi-gücü bu arabada oturub gözünü uzaqlara zilləmək, ötən günləri yadına salıb göz yaşı axıtmaqdan ibarət idi. Onu yandıran bir başqa məsələ isə qulluqçuları idi. Vaxtilə bəyənmədiyi qohum-əqrəbası indi ona baxırdılar. Daha doğrusu, onlara möhtac qalmışdı. Qohumları isə təbii ki, ötən günlərin əvəzini çıxırdılar. Onunla heç də həmişə xoş davranmır, bəzən onu incidirdilər. Üstəlik, gördükləri işin müqabilində ondan həddən artıq çox pul alırdılar. Bir zamanlar az qala bütün ölkəyə hökmranlıq edən birisinin indi əlil arabasında heç qulluqçularına da söz keçirdə bilməməsi, əlbəttə, ağır idi. İndi onun edə biləcəyi yeganə şey ömrünün başa çatmağını gözləmək idi. O gün isə gəlmirdi ki, gəlmirdi.  O, oturduğu arabanın təkərlərinə güc verib, həyətdəki tut ağacının altında gəlib, dayandı. Başını qaldırıb ağacın hündürlüyünə göz gəzdirdi. Budaqların birindəki sərçə yuvasını görüb qulluqçuya səsləndi: - İt qızı, it! Tez buraya gəl! Qulluqçu səsinə səs vermədi. Bu dəfə qışqırdı. - Ay itdən əmələ gələn, tez yanıma gəl! Bir az sonra qulluqçu tut ağacının altında peyda oldu. - Sizi eşidirəm, müəllim. - Zəhrimarağrı! Bu yuvada niyə sərçə yoxdu? Qulluqçu əvvəlcə heç nə başa düşmədi sonra başını qaldırıb tut ağacına göz gəzdirəndə söhbətin hansı yuvadan getdiyini anladı. - Hə, bu yuvanı deyirsiniz? - Orada başqa yuva var? - Yoxdur. - Bu yuvanın sərçəsi hansı cəhənnəmə vasil olub? - Mən hardan bilim ay müəllim?! - Bu yuvada sərçə yoxdursa, nə üçün bu yuva bu ağacda yer tutmalıdır, Adəmə de, kəsib atsın bu ağacı. - Başıma xeyir, niyə ay müəllim? - İtil cəhənnəmə, Adəmi çağır! O əlini telefonuna aparıb, bank hesabını işə saldı. Adəmin kart hesabına iyirmi manat pul köçürtdü. Elə bil Adəm də bunu gözləyirmiş. Çox keçmədi ki, əlində balta tut ağacının altında zühur etdi. Başladı ağacın kötüyünü baltalamağa. Baltaladı, baltaladı və birdən qışqırtı səsi eşidib dayandı. - Adəm! A.a.a.adəm! Məni iş otağıma apar, tez! Adəm, əlil arabasına məhkum olmuş keçmiş naziri iş otağına apardı. - Kömək elə Adəm, məni kresloma oturt! Adəm onu kreslosuna oturtdu və bir az kənara çəkilib ona təccüblə baxdı. Kişi də gözlərini Adəmin gözlərinin içinə zilləyib, çənəsini qabağa verdi. Sonra acı bir qəhqəhə çəkib, ürəkdən güldü. Adəm dedi: - Dəli olmusan a kişi? O isə elə hey, gülürdü. Güldü, güldü, sonra qəfil gülüşləri kəsildi, gözləri dirəndi, öldü! Adəm qorxa-qorxa barmağını dişləyib özü-özünə dedi: - Ə.ə.ə bu nə gic adamdır ə.ə.ə! Öləndə də yuva yıxıb, kreslosunda öldü. Tfu.u.u.u! Əbil Həsən

“Qarabağ” həqiqətləri

Rəşad Ergün “Qarabağ” toparlanacaq. “Qarabağ”ın futbolçuları topu hara vurmalı olduqlarını xatırlayacaqlar. “Braqa”, “Bayer”lə oyunlarda olduğu kimi. Hə, Avropa Liqasında üç oyunda üç məğlubiyyət ağırdır. Rəqib “Tottenhem”, “Ayaks” olsa da. Məğlubiyyətlərin sayı çoxaldıqca, rəqiblərin kimliyi də önəmini itirməyə başlayır. İndi əhli Azərbaycan barmaqlarını qatlayıb “Qarabağ”ın ardıcıl uduzduğu oyunları saymaqla məşğuldur: bir, iki, üç… Amma toparlanacaq “Qarabağ”. Mənim tanıdığım Qurban Qurbanov heç vaxt təslim olmur. Elə vəziyyətdir ki, “köhlən atlar”ı ardıcıl məğlubiyyətlərə görə tənqid edənləri də, müdafiə edənləri də başa düşmək olar. Medianı, azarkeşləri görmədikləri, yaşamadıqları qələbələrə öyrəşdirən “Qarabağ” özü olub. Və Avropa Liqasında mübarizə aparmaq Olimpiadaya qatılmaq deyil ki, “əsas iştirakdır” deyib, əl çalasan. Yəni, burada – Avropa Liqasındasansa, oynamalısan, savaşmalısan, nəticə qazanmalısan. Amma və lakin… “Qarabağ”ın rəqib olduğu klublarla büdcə müqayisəsi, ölkə çempionatları arasındakı fərqlər bir yana, ölkələrin özləri, iqtisadiyyatları, tibb, turizm, təhsil, nəqliyyat sistemi, qida sənayesi, toplum olaraq özgürlüyü, düşüncələri arasında uçurum var. Biz “Qarabağ”dan təkcə Niderland, İngiltərə, Norveç klublarına “yerini göstərməsini” tələb etmirik, dolayısı ilə həm də, azərbaycanlı olaraq niderlandlıdan, ingilisdən, norveçlidən üstün olduğumuzu sübut etməsini istəyirik. Gerçəkdən belədirmi? “Qarabağ” toparlanacaq, mütləq toparlanacaq. Bəzi oyunçularının məsuliyyətsiz davranışlarına, Avropa Liqası ilə Azərbaycan Premyer Liqasını səhv salmalarına rəğmən, Qurban Qurbanov bu komandanı növbəti dəfə, bir daha toparlayacaq.(komanda.az)

Rusiyanın Kurskdakı itkilərinin sayı açıqlandı

2024-cü il avqustun 8-dən indiyədək rus qoşunları Kursk istiqamətində 18 minə yaxın əsgər və 1000-ə yaxın texnika itirib. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski deyib. “Rusiya ordusunun şəxsi heyət itkisi 17 819 nəfər təşkil edib. Onlardan 6 662 nəfəri ölü, 10 446 nəfəri yaralı, 711 nəfəri isə yaralıdır. Bu müddət ərzində rus ordusu Kurskda 970 hərbi texnika - 45 tank, 256 zirehli döyüş maşını, 565 avtomobil texbikası, 99 artilleriya sistemləri, 5 RYAS itirib”, - Sırski bildirib.

Bakıda 11-ci sinif şagirdi bıçaqlandı: saxlanılan var

25.10.2024-cü il tarixində 14:30 radələrində 2007-ci il və 2008-ci il təvəllüdlü şəxslər (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Hər iki şəxsə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu təyin olunub və dərhal əməliyyata alınıb.  Cərrahi əməliyyatdan sonra yaralılar tibb müəssisəsinin Cərrahi profilli reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətləri ağır stabil qiymətləndirilir. *** 16:58 Xəzər rayonu 322 nömrəli məktəbdə 11-ci sinif şagirdinin bıçaqlanması ilə bağlı xəbər yayılıb. Mövzu ilə bağlı Modern.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, 25.10.2024-cü il tarixində dərsdən kənar vaxtda (saat 14:10 radələrində) məktəbdənkənar ərazidə 322 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdinə xəsarət yetirilməsi haqqında məlumat daxil olub. Dərhal şagirdin xəstəxanaya aparılması üçün müvafiq tədbirlər görülüb və valideynə məlumat verilib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. "Hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparıldığını nəzərə alaraq ictimaiyyətin bu mövzuda daha həssas davranması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur", - açıqlamada bildirilir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli isə bildirib ki, oktyabrın 25-də günorta saatlarında Xəzər rayonu Buzovna qəsəbəsində 16 və 17 yaşlı iki nəfərə naməlum şəxs tərəfindən kəsici alətlə xəsarət yetirilməsi və onların xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən F.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

Zelenski Quterreşin Kiyevə səfər istəyini qəbul etmədi

Ukrayna prezidenti Vladimir Zelenski BMT-nin baş katibi Antonio Quterreşin Kiyevə səfər etmək istəyini qəbul etməyib. Sozcu.az xəbər verir ki, bu barədə “AFP” Ukrayna liderinə yaxın mənbələrdən məlumat alıb. Buna səbəb kimi Kazanda keçirilən BRICS samiti çərçivəsində onun Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla, dünya liderlərinə Ukraynada ədalətli sülhün əldə edilməsinə nail olmaqla bağlı çağırış etməsi olub. V. Zelenskinin ofisində isə BMT rəhbərinin Rusiyaya səfəri beynəlxalq hüququn pozulması kimi dəyərləndirilib. Bir qədər əvvəl Ukraynanın Xarici İşlər Nazirliyi də bu faktla bağlı bəyanat yayıb. Bildirilib ki, A. Quterreşin Ukraynada sülh üzrə İsveçrədə keçirilən Sammitdə iştirakdan imtina edərək, bunun əvəzində Rusiyanın təşkil etdiyi Kazan sammitinə qatılması qəbulolunmazdır. A. Quterreş isə öz növbəsində Putinlə görüşü zamanı Ukraynaya hərbi müdaxiləni BMT Nizamnaməsinə zidd adlandırıb. Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsini dəfələrlə tənqid edən BMT rəhbərinin Kiyevə səfəri BRICS sammitindən sonraya planlaşdırılırdı. Bu arada, BMT baş katibinin köməkçisi Stefan Düjarrik 2024-cü ilin aprelində verdiyi bəyanatda bildirib ki, Ukraynada müharibənin başa çatdırılması yalnız bu ölkənin ərazi bütövlüyünün təminatı şəraitində mümkün ola bilər.

Babək prospektində güclü yanğın

Bakının Nizami rayonu ərazisində yerləşən obyektlərdən birində baş vermiş yanğın məhdudlaşdırılıb. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qeyd edilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətimdə tədbirlər davam etdirilir.

Leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Oktyabrın 26-sı axşamdan 27-si səhərədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Axşam və gecə yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6° enəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az -a verilən məlumata görə, oktyabrın 26-da şimal və qərb rayonlarından başlayaraq oktyabrın 27-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə - Qazax-Gəncə, Naxçıvan Muxtar Respublikası, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astarada leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimal edilir. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, o cümlədən Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Blinke və Fidan Cənubi Qafqazdan danışdılar

ABŞ dövlət katibi Antoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə telefon danışığı aparıb. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat katibi Metyu Miller məlumat yayıb. Məlumatda qeyd olunur: “Onlar Cənubi Qafqazda ədalətli və davamlı sülhün əldə edilməsinin vacibliyini müzakirə ediblər və bu, regionda hər kəsə fayda verən əlaqələri gücləndirib”.

975-ci gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 975-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 685 910 hərbçi, 9 097 ədəd tank, 18 287 ədəd zirehli döyüş maşını, 19 753 ədəd artilleriya sistemi, 1 238 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 982 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 27 365 ədəd avtomobil texnikası, 17 670 ədəd PUA, 2 625 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 535 xüsusi avadanlıq itirib.

Almaniyalı jurnalistlər İranla bağlı bəyanat yaydı

Rəsmi Berlin İranın jurnalistlərə və söz azadlığına qarşı olan hərəkətlərinə laqeyd qalmamalıdır. Sozcu.az xəbər verir ki, bu barədə Almaniya Jurnalistlər Birliyinin bəyanatında bildirilib. Almaniyalı jurnalistlər İran məhkəməsinin jurnalist Nilufər Hamidi və İlahə Məhəmmədini 5 il azadlıqdan məhrum etməsini pisləyiblər. “Almaniya XİN İranla bağlı qəti diplomatik addım atmalıdır”,- bəyanat müəllifləri qeyd ediblər.

Qızıl və gümüş ucuzlaşdı

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,32% azalaraq 2 740 ABŞ dollarına bərabər olub. Sozcu.az birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 0,38% azalaraq 33,67 ABŞ dollarına bərabər olub.

Ailə qurmağa hazırlaşan şəxslər üçün VACİB AÇIQLAMA

Hazırda gənc ailələrin dağılmasının əsas səbəblərindən biri də narkomaniyadır. Cütlüklər evlənib bir evdə yaşayana qədər bir-birlərinin narkotik aludəçisi olub-olmadığı barədə məlumatsız olurlar. Bəzən bu məqam ya evliliyin ilk zamanlarında, ya da çox gec özünü büruzə verir. Ona görə də təklif edilir ki, nikah üçün ərizə verilmədən əvvəl qan analizi zamanı hər iki tərəf sözügedən məsələ barədə də təhlillərə cəlb olunsun. Bir qisim şəxslər düşünür ki, belə olduqda böyük bir faciənin qarşısını almaq olar. Mövzu barədə “Yeni Sabah”a danışan həkim, professor Adil Qeybulla təklifi belə dəyərləndirib: “Əvvəla, onu qeyd edim ki, nikahdan qabaqkı qan təhlillərinin çox böyük önəmi var. Gənclərin talassemiya daşıyıcısı yaxud hansısa infeksiya daşıyıcısı olmasının öncədən bilinməsi çox vacibdir. Çünki hansısa bir infeksiyanın bir şəxsdən digərinə keçmə riski yaranmır. Bu birinci nüansdır. Narkoloji testə gəlincə isə, düşünürəm ki, burada da konfidensiallıq və anonimlik saxlanılmaqla onu da əldə etmək olar. Ən azı cütlüklər bir-birindən məlumatlı olmalıdırlar ki, bu da onların hüququdur”.  Həkim vurğulayıb ki, dünya praktikasında bununla bağlı müxtəlif yanaşmalar var: “Bizdə də bu məsələnin həlli üçün düşünülmüş qərar olmalıdır. Çünki çox təəssüflər olsun evlənəndən sonra belə neqativ hallar ortaya çıxır və ailə dağılır. Bu isə həm valideynlər, həm də ətrafdakı insanlarda mənfi reaksiyalara səbəb olur. Öncədən belə bir gerçəyin ortaya çıxması yaxşı olar. Bundan sonra cütlüklər özləri qərar verərlər ki, izdivac baş tutsun, ya yox. Narkotikə qurşanan bir şəxs ailəni onsuz da gec-tez faciəyə aparacaq. Ya müalicə olunmalıdır, ya da onun ailə qurması heç məqsədəuyğun deyil. O baxımdan belə bir testin nikah prosesi ərəfəsində olmasını uyğun hesab edirəm”.

Yasa gedən qardaşlar atalarının evində boğulub öldü

Tovuz rayonunda iki qardaş dəm qazından boğularaq ölüb. Sozcu.az Report-a istinadla xəbə verir ki, Tovuz rayonu Əsrik Cırdaxan kəndinə yas mərasiminə gedən 1952-ci il təvəllüdlü Rafiq Bayramov və qardaşı, 1961-ci il Ramiz Bayramov gecələmək üçün atalarına məxsus evdə qalıblar. Onlar gecə dəm qazından zəhərlənərək ölüblər. Faktla bağlı araşdırma aparılır.

Türkiyədə atışma: PKK üzvü öldürüldü

Türkiyənin Mardin şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları ilə terrorçular arasında atışma baş verib. Sozcu.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Əli Yerliqaya X hesabında yazıb. O bildirib ki, Artuklu rayonunda keçirilən “Gürz-19” əməliyyatı çərçivəsində Ramazan Aktaş adlı PKK/KCK nümayəndəsi polislərə müqavimət göstərib və o, atışma nəticəsində öldürülüb. “Faraşin-Bedran” kod adlı terrorçunun qırmızı bülletenlə axtarıldığı bildirilir. Məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində 1 M16 avtomatı, 1 AKİS avtomatı, 5 ədəd M16 avtomatının darağı, 5 ədəd AKİS avtomatının darağı, 4 əl bombası, 2 poverbank, 3 durbin, 1 bel çantası, 1 diktafon, 1 əl fənəri və digər ləvazimatlar ələ keçirilib. Ə.Yerliqaya bildirib ki, terrorçulara qarşı mübarizə qətiyyətlə davam edəcək.

Göygöldə dəhşətli qəza: ölən və yaralananların kimliyi açıqlandı

10:17 Göygöldə ölümə nəticələnən yol qəzası baş verib. Sozcu.az xəbər verir ki, rayon ərazisində "Lada" və "Opel" markalı maşınlar toqquşub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, 2006-ci il təvəllüdlü Ramal Qurbanzadə hadisə yerində ölüb. 2006-cı il təvəllüdlü E.Ələkbərov, 2006-cı il təvəllüdlü F Məhərrəmov, 2006-cı il təvəllüdlü H.Huseynov, 1984-ci il təvəllüdlü X.Rzayev xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır. *** Göygöl rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə üç nəfər (kişi cinsli) hospitalizasiya olunub. Bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. "Oktyabrın 25-də saat 08:00-da Göygöl rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 3 nəfər (kişi cinsli) hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan şəxslərə ilkin tibbi yardım göstərilib. Onların hər biri ixtisaslı tibbi xidmət almaq üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya təxliyə olunub", - cavabda qeyd olunub. Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan verilən məlumata görə, ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub. Belə ki, Göygöl rayonunda baş verən qəzada 2006-cı il təvəllüdlü Fariz Məhərrəmov, 1984-cü il təvəllüdlü Xəyal Rzayev və 2006-cı il təvəllüdlü Heydər Hüseynov xəsarət alıb, 2006-cı il təvəllüdlü sərnişin Ramal Qurbanzadə isə aldığı xəsarətdən dünyasını dəyişib.