"Bilərək ki, rentgen şüaları zərərlidir "ürəyim rahat olsun deyə apardım" deyən valideynlər çoxdur. Ürəyiniz rahat olsun deyə uşağınızı rentgen müayinəsindən keçirtməyin".
Musavat.com bildirir ki, bu barədə tanınmış pediatr həkim Aytən İsmayılzadə deyib. Pediatr rentgen şüalarının sağlamlığa çox zərərli olduğunu vurğulayıb:
"Rentgen müayinəsi ultrasəs deyil ki, hər istədiyinizdə edəsiniz. Rentgen şüaları da radioaktiv şüalardır. Necə ki, o, hamilə üçün çox ehtiyatla, dölü şüalanmadan qoruyan xüsusi önlüklə aparılır, eləcə də körpələri də maksimum bu şüalardan qorumağa çalışmalıyıq.
Çünki uşaq orqanizmi böyüyən orqanizmdir. Burada hələ hüceyrələrin bölünərək çoxalması davam edir. Belə hüceyrələr radiasiyaya daha həssas olur. Məsələn, sümük iliyi. Burada həmişə qan hüceyrələri yaranır. Şüa xəstəliyi zamanı ( orqanizmin yüksək doz radioaktiv şüalanmaya məruz qalması) sümük iliyi zədələnir.
Rentgen şüalarının dozası müayinəyə görə seçilir. Yəni nəyə baxılacaqsa ona uyğun seçilir, amma biz bilmirik ki, uşaq üçün nə dərəcədə düzgün icra edilir".
Pediatr qeyd edib ki, köhnə rentgen aparatlarında şüalanma daha çox olur:
"Şüalanma xərçəng riskini artırır. Ona görə də nə vaxt vacibdirsə onda etməliyik.
Ətraf mühitdən də şüa alırıq. Amma artığı bizə lazımdırmı? Və ya ehtiyac olmadıqca niyə edək? Bəlkə bu gün öskürən uşaq iki gün sonra yıxıldı bir yeri sındı, rentgen müayinə vacib oldu. Hətta travmatoloji problemlərdə təkrarı rentgen müayinələri lazım olur. Ona görə də konkret olaraq zərərli bildiyimiz hər şeydən maksimum uzaq olmalıyıq".
Aytən İsmayılzadə rentgen müayinəsi ilə bağlı tövsiyələrini də bildirib:
"- Həkimə əlinizdə döş qəfəsinin rentgen müayinəsi ilə gəlməyin.
- Həkim müayinə etmədən birbaşa rentgenə yönlədirirsə onu dəyişin.
- Evdə müalicə ala biləcək uşağı xəstəxanaya yatırmayın. Orda rentgen müayinə mütləq ki olunacaq.
- Yad cisim udan uşağı dərhal rentgen etdirməyin. Sabahı gözləyirik. Ən azından hələ də mədədə ya bağırsaqda olduğunu bilmək uçun vaxt qazanırıq.
- Burun axıntısı olduğu zaman adenoidə görə rentgen etmirik, çünki nəticə yalançı pozitiv ola bilər.
- Uşağın bud - çanaq müayinəsini 6 aya kimi USM ilə müayinə etmək varkən ertələyib rentgenə saxlamayın.
- Bir yerində sınıq-çıxıq şübhəniz olduğunda travmatoloqa getmədən rentgen çəkdirməyin".