Ankarada partlayış: terrorçunun kimliyi bəlli oldu

Ankarada DİN-in binası yaxınlığında terror aktı törədən şəxsin kimliyi müəyyən edilib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. “DNT testi nəticəsində ikinci terrorçunun PKK terror təşkilatının üzvü Özkan Şahin olduğu müəyyən edilib”, - məlumatda bildirilib. Qeyd edək ki, daha əvvəl terror aktını törədən digər şəxsin PKK üzvü Həsən Oğuz olduğu üzə çıxmışdı.

Türkiyə ordusu böyük əməliyyata başlayır

Türkiyənin sərhədləri xaricindəki əməliyyatları müvəffəqiyyətli olduqca terror təşkilatları da “mən buradayam” mesajı vermək üçün səs-küylü əməliyyatlar planlayır və təbii ki, burada uğursuz olurlar. Sozcu.az xəbər verir ki, bu sözləri türkiyəli təhlükəsizlik üzrə mütəxəssis Məsud Şöhrət Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın ölkə xaricində mümkün antiterror əməliyyatları ilə bağlı çıxışını şərh edərkən deyib. O bildirib ki, xüsusilə MİT və təhlükəsizlik qüvvələrinin əməliyyatları terrorçu rəhbərləri çıxılmaz vəziyyətə salıb: “Mətbuatda yayımlanmayan və bizim görmədiyimiz bir çox olayın qarşısı təhlükəsizlik qüvvələri və MİT tərəfindən alınır. Bunu dəqiq deyə bilərik. Hörmətli prezidentimizin açıqladığı kimi, terrora konkret olaraq son qoyulması məsələsində Türkiyə qəti qərarını verib. Qarşıdakı günlərdə əməliyyatın olacağını düşünürəm. Zaman məsələsi də önəmlidir. Yay mövsümü sona çatdı. Hava şərtləri də ideal görünür. Növbəti günlərdə bunun mümkün olacağını düşünürəm”.

Türkiyə DİN-in binasına terror hücumu olub, ölən və yaralılar var

Türkiyə Daxili İşlər Nazirliyi Mühafizə Baş İdarəsinə terror hücumu olub. APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib. O qeyd edib ki, yerli vaxtla saat 09.30 radələrində bina girişinə avtomobillə gələn iki terrorçu bombalı hücum həyata keçirib. Terrorçulardan biri özünü partladıb, digər terrorçu isə zərərsizləşdirilib. Açılan atəş nəticəsində 2 polis yüngül xəsarət alıb *** Türkiyə DİN-in binası yaxınlığında partlayış baş verib Türkiyənin paytaxtı Ankarada Daxili İşlər Nazirliyinin binası yaxınlığında partlayış baş verib, yaralı var. APA xəbər verir ki, bu barədə "CNN Türk"ə istinadən xəbər verir. Hadisə yerinə çoxlu sayda polis və həkim briqadası gəlib. Hadisə zamanı ölüm və yaralılarla bağlı məlumat verilmir. Partlayışdan əvvəl atışma olduğu barədə məlumat yayılıb.

Türkiyədən Qarabağ açıqlaması: Status qəbuledilməzdir!

Azərbaycanlı qardaşlarımızın haqlı mübarizələrində yanında olmağa davam edəcəyik. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirlib. Qeyd olunub ki, 19-20 sentyabrda keçirilən antiterror tədbirləri Azərbaycanın öz əməliyyatıdır: “Qarabağ Azərbaycan torpağıdır. Bundan başqa, hansısa status qəbuledilməzdir. Erməni silahlı ünsürlərinin uzun müddətdir davam edən təxribatlarına cavab olaraq Qarabağda həyata keçirilən tədbirləri, atəşkəs qərarını və bölgədəki son durumu izləyirik”. Həmçinin bildirilib ki, Türkiyə Silahlı Qüvvələri 19-20 sentyabr antiterror tədbirlərində heç bir şəkildə iştirak etməyib.

Muharrem İnce Azərbaycan əsgərlərinə: Ayağınıza daş dəyməsin!

Qarabağda erməni qüvvələrinin quraşdırdığı minanın partlaması nəticəsində şəhid olan azərbaycanlı polislərimizə Allahdan rəhmət diləyirəm. Sozcu.az xəbər verir ki, bunu Türkiyənin Məmləkət Partiyasının sədri Muharrem İnce X-də paylaşıb. "Qarabağda antiterror əməliyyatı başladan can Azərbaycanın yanındayıq. Ayağınıza daş dəyməsin", - o qeyd edib.

Baxçalı: Qarabağ türkündür, türkün olacaq!

Qarabağ yalnız Azərbaycanın deyil, türkündür, türkün olacaq! Sozcu.az xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının rəhbəri Dövlət Baxçalı siyasi təşkilatın toplantısında bildirib. Partiya lideri vurğulayıb ki, Ermənistan odla oynamamalıdır.

MİT PKK-nın daha bir "rəhbər şəxs"ini zərərsizləşdirdi

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın şimalında əməliyyat keçirib. Sozcu.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb. Əməliyyat çərçivəsində PKK/YPG terror təşkilatının Münbiç bölgəsi üzrə "məsul şəxsi"i Uman Derviş zərərsizləşdirilib. Terrorçu Münbiçdə məhv edilib. Hazırda araşdırmalar davam etdirilir.

Türkiyənin hava əməliyyatı: 31 hədəf məhv edildi

Türkiyə ordusu İraqın şimalında hava əməliyyatı keçirib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda qeyd edilib ki, sentyabrın 13 və 15-də İraqın şimalında həyata keçirilən hava əməliyyatlarında aralarında məsul terrorçular da daxil olmaqla onların istifadə etdiyi 31 hədəf məhv edilib.

Türkiyə səfiri: "Azərbaycanın dörd bir tərəfində dəfn edilmiş yüzlərlə şəhidimiz qardaşlığımızın dərin tarixini göstərir"

"Azərbaycanın dörd bir tərəfində qardaş Vətənin bağrına dəfn edilmiş yüzlərlə şəhidimiz qardaşlığımızın dərin tarixi köklərini göstərir". Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Bakıdakı "Türk Şəhidliyi" abidəsini ziyarət edərkən deyib. Səfir şəhidlik dəftərini imzaladıqdan sonra çıxış edərək türk əsgərlərinin ovaxtkı qəhramanlıqlarından söz açıb. Bildirib ki, Nuri Paşanın rəhbərliyi altında Azərbaycanın müstəqilliyi uğrundakı mübarizədən illər keçsə də, hələ də qürurla xatırlanır: "Azərbaycanlı qardaşlarımızla birlikdə mübarizəmiz tarixə qızıl hərflərlə yazılıb, "İki dövlət, bir millət" şüarımızın təməlini təşkil edib. Müttəfiqliyimiz bu torpaqlarda axan qanlardan yaranıb, qardaşlığımız daha da güclənib. 1915-ci ildə Çanaqqalada olduğu kimi, 1918-ci ildə də Bakı və Azərbaycanın digər bölgələrində apardığımız çiyin-çiyinə mübarizədən qərarlılıq bu günlər üçün də ilham mənbəyi olub. 1918-ci ildə Gəncə, Göyçay, Kürdəmir və Şamaxıdan Bakıya uzanan müstəqillik mübarizənizdəki eyni ruhla şanlı Azərbaycan Ordusu 2020-ci ildə Zəfər yolundan Şuşaya çatıb və öz torpaqlarındakı işğala son verib. Azərbaycanın dörd bir tərəfində qardaş Vətənin bağrına dəfn edilmiş yüzlərlə şəhidimiz qardaşlığımızın dərin tarixi köklərini göstərir. Bizə əmanət etdiyiniz qardaşlığımızı mühafizə edəcəyimizə əmin ola bilərsiniz. Can Azərbaycan üçün şanlı mübarizəniz bizim üçün qürurdur. Əziz xatirənizi minnətdarlıq hissi ilə yad edirik, ruhunuz şad olsun!". Qeyd edək ki, bu gün Bakının erməni-bolşevik işğalından azad edilməsinin 105-ci ili tamam olur. Bu münasibətlə Azərbaycan Ordusunun hərbçiləri, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, səfirliyin əməkdaşları, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Bakı Təmsilçisi Ufuk Arca Turganer və Təmsilçiliyin digər əməkdaşları Bakıdakı "Türk Şəhidliyi" abidəsini ziyarət ediblər. Ziyarət zamanı ilk olaraq "Türk Şəhidliyi"nə əklil qoyulub, daha sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib və Nuru Paşanın rəhbərliyi altında Bakını azad etmək üçün şəhərə daxil olan Qafqaz İslam Ordusunun döyüş zamanı şəhid olan hərbçilərinin ruhları yad edilib. Daha sonra Şəhidlər Xiyabanı ziyarət olunub. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin məzarı üstünə güllər düzülüb, xatirələri hörmətlə yad edilib və əbədi məşəlin önünə əklil qoyulub.

İYİ Partiyanın deputatı: "Rus sülhməramlıları Qarabağı tərk etməlidir"

“İYİ Partiya bir an əvvəl Xocalı, Xankəndi və digər ərazilərin əsl sahibi olan Azərbaycana təhvil verilməyini, eləcə də rus sülhməramlılarının bölgədən getməsini və Zəngəzur dəhlizinin açılmasını istəyir”. Sozcu.az xəbər verir ki, bu sözləri Türkiyənin İYİ Partiyasının deputatı, professor Mehmet Akalın Demokrat.az-a müsahibəsində deyib. Türkiyəli millət vəkili ilə sözügedən müsahibəni təqdim edirik: – Mehmet bəy, İYİ Partiya gələn il keçiriləcək bələdiyyə seçkilərinə necə hazırlaşır? Hədəfləriniz nələrdir? – İYİ Partiya Türkiyədə iqtidar olmaq üçün qurulan siyasi partiyadır. İqtidara gəlmək və seçkiləri qazanmaq üçün əlimizdən nə gəlsə, edəcəyik. Bu mənada, qarşıdakı bələdiyyə seçkiləri üçün də bütün təşkilatlarımız parlament və prezident seçkilərindən sonra yenidən meydanlara qayıdaraq çalışmalar həyata keçirirlər. Partiya sədrimiz Meral Akşener də çalışmaları yaxından izləyir. Bələdiyyə sədrliyi üçün namizədlər də artıq yavaş-yavaş ortaya çıxmağa başlayır. Partiyamız 81 vilayət, 922 rayon və bütün bələdiyyələrdə öz namizədi ilə seçkiyə girərək, türk millətinin etimadını qazanacaq. Nəticə etibarilə, bütün Türkiyə üzrə iddialıyıq. – Maraqlıdır, İYİ Partiya nə üçün bələdiyyə seçkilərinə təkbaşına girməyə qərar verdi?  – İYİ Partiya Türkiyəni idarə etmək, iqtidara gəlmək arzusu olan partiyadır. Əslində, siyasi partiyaların qurulma səbəbi də məhz budur. Təbii ki, partiyamız bələdiyyə seçkilərinə təkbaşına girməklə bağlı da qərar verə bilər. Biz İYİ Partiya olaraq heç bir zaman tək adam təfəkkürü ilə qərar verməmişik. Partiyamızın səlahiyyətli orqanları seçicilərimizin düşüncələrini dinləyərək qərarlar verir. Həmçinin, biz heç bir siyasi partiyanın “ehtiyat oyunçusu” və ya “dəyənəyi” olmadığımızı deyirik. Ona görə də Türkiyəni idarəetmə hədəfi olan bir partiyanın bələdiyyə seçkilərinə də təkbaşına girmək qərarı olduqca normaldır. Biz həm də seçiciləri ittifaqlara məcbur etməyin doğru olmadığını düşünürük. Üstəlik, hansısa ittifaq olmadan bütün siyasi partiyaların bərabər rəqabət içərisində namizədi ilə mübarizə aparmasını istəyirik. Çünki biz ittifaq olaraq seçkiyə girmə inancımızı itirmişik. Eyni zamanda, bu vəziyyətin seçicilər üçün daha doğru olacağını proqnozlaşdırırıq. Öncəki bələdiyyə seçkilərində İYİ Partiya 20-22 rayonda bələdiyyə qazandı. Amma ittifaq olaraq İstanbul və Ankara olmaqla bir çox böyük şəhərlərdə qalib gəldik. Lakin mütəmadi olaraq bunu davam etdirmək doğru deyil. Onda siyasi hədəflərinizdən və arzularınızdan imtina etmiş olursunuz. Əlbəttə ki, İYİ Partiyanı digər partiyalara seçki qazandırmaq üçün qurmamışıq. Biz özümüz iddialı partiyayıq. Xüsusilə, son seçkidən sonra qazanılan bələdiyyə sədrləri ittifaq deyil, Cümhuriyyət Xalq Partiyasının (CHP) bələdiyyə sədri kimi çalışırlar. Biz də bunun fərqindəyik. Ona görə də hər kəsin göbəyini özünün kəsməyini istəyirik. – Qarabağda müvəqqəti yerləşdirilən rus sülhməramlılarının son zamanlardakı təxribat xarakterli addımları ilə bağlı nə düşünürsünüz? – Bildiyimiz kimi, Rusiya sülhməramlıları 10 noyabr üçtərəfli Bəyanatına əsasən, 5 il müddətinə müvəqqəti olaraq Qarabağa yerləşdirilib. Onların müddəti isə 2025-ci ildə başa çatır. Sülhməramlıların daha 5 il bölgədə qalması üçün isə Rusiyaya təxribatlar lazımdır. Çünki həm bölgədəki insanlara, həm də beynəlxalq ictimaiyyətə demək istəyirlər ki, rus sülhməramlıları buradan çıxarsa, regionda şiddətli müharibə olar və Qarabağdakı ermənilər zərər görər. Onlar bu istiqamətdə təbliğat aparırlar. Sadəcə Ermənistanda hərbi bazası olan Rusiya İkinci Qarabağ müharibəsindən sonra bölgədəki vəziyyəti bəhanə edərək Xocalı və Xankəndi kimi strateji bölgələrə hərbçilərini yerləşdirib. Kreml  bölgədə ona ehtiyac olduğunu, Rusiyasız sülhün mümkün olmayacağını, Qafqaz və Xəzər dənizi ətrafının təhlükəsizliyinin onun məsuliyyətində olduğunu göstərməyə çalışır. Çarlıq və Sovet dönəmindən qalan bu hamilik anlayışı Rusiya Prezidenti Vladimir Putin tərəfindən də hələ davam etdirilir. Son günlərdə artan təxribatlar, xüsusilə Azərbaycanın Laçın yolunun girişinə nəzarət-buraxılış məntəqəsi qurması ilə daha da alovlanıb. Azərbaycan Rusiyanın təxribatlarına qarşı çox diqqətli olmalıdır. Xüsusilə, beynəlxalq ictimaiyyətə doğru məlumat verilməsi və xarici nümayəndələrin bölgəyə gəlməsi cəhətdən fəaliyyətlər davam etdirilməlidir. – Dediyimiz kimi, sülhməramlıların müddəti 2025-ci ildə başa çatacaq. Sizcə, rus sülhməramlıları 2025-ci ildə və ya daha əvvəl göndərilməlidir? – Bölgədəki sülhün, sabitliyin və təhlükəsizliyin sadəcə özünün vasitəsilə təmin olunacağını düşünən Rusiyanın buradan uzun müddət çıxmamaq niyətində olmadığı anlaşılır. Onların bölgədəki fəaliyyətlərinə baxanda da bunu açıq şəkildə görmək mümkündür. Rəsmi Moskva Qarabağdakı ermənilərin təhlükəsizliyini təmin etmək və Azərbaycan ilə Ermənistan arasında imzalanan atəşkəsin davam etməsi üçün özünün bölgədə olmasının lazım olduğunu düşünür. Hətta rus sülhməramlılarının 2025-ci ildən sonra da bu strateji bölgədən çıxmaq niyətinin olmadığı görünür. Halbuki, Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, rəsmi Bakı üçün “Qarabağ problemi” adlı bir məsələ qalmayıb. Çünki Qarabağda məskunlaşan mülki ermənilər Azərbaycan vətəndaşıdır. Onlar da Azərbaycan vətəndaşları ilə eyni haqlara sahibdirlər. Lakin hansısa başqa bir düşüncəyə və yaxud da “status”a fürsət verilməyəcək. Azərbaycan dövləti bölgədə təhlükəsizliyi təmin edəcək gücə və iradəyə sahibdir. Bunun üçün də bölgədə rus sülhməramlılarına ehtiyac qalmayacaq. – Hazırda Azərbaycanın tarixi şəhəri olan Xankəndidəki separatçı erməni rejim təxribata əl ataraq, Azərbaycanın humanitar yardımlarından imtina edir və göndərdiyimiz yardımları qəbul etmir. Buna baxmayaraq, Xankəndidə guya “humanitar böhran” olduğunu iddia edirlər. Necə “böhran” var ki, Azərbaycanın 40 tonluq yardımı qəbul edilmir? Ümumiyyətlə, son baş verənlərlə bağlı İYİ Partiyanın mövqeyi necədir? – Xankəndidə yaşayan separtaçı ermənilər təxribatlarına davam edirlər. Onlar beynəlxalq aləmə Azərbaycanın “humanitar böhran” yaratdığını iddia edirlər. Lakin bunun belə olmadığını tərəfsiz beynəlxalq təşkilatlar və dövlətlər bilir. Mətbuatda çıxan xəbərlər də reallığı dəstəkləyir. Azərbaycan hakimiyyəti Xankəndidəki vətəndaşlarının ehtiyaclarını qarşılamaq üçün hər cür yardımı etməyə hazırdır. Rəsmi Bakı bu istiqamətdə hərəkətə keçsə də, özlərini “məzlum” kimi təqdim edən ermənilər Azərbaycan əleyhinə təbliğat aparmağa davam etdilər. Biz İYİ Partiya olaraq Azərbaycanın yaxşı niyyətini görürük və qardaş ölkəmizi dəstəkləyirik. – Bəs, Fransa Prezidenti Emmanuel Makronun Ermənistana açıq şəkildə dəstək olmasını və həddini aşaraq Azərbaycanı təhdid etməyini necə dəyərləndirirsiniz? – Fransa orada yaşayan erməni diasporuna görə, dövlət siyasətini tərəfsiz və qərəzsiz aparmır. Rəsmi Paris hadisələrin ən başından bəri Ermənistan dövlətinə və erməni terroruna dəstək verir. Bu, bütün dünya ictimaiyyəti tərəfindən də bilinir. Ona görə də Fransanın Ermənistanı dəstəkləməsi və açıq şəkildə Azərbaycana qarşı olması çox da təəccüblü bir hal deyil. Azərbaycan isə Türkiyə dövlətinin və xalqının dəstəyindən əmindir. Qardaş ölkəmiz haqlı olduğu mübarizəsində sonuna qədər gedəcək. Biz buna heç şübhə etmədən inanırıq. İYİ Partiya olaraq bir an əvvəl Xocalı, Xankəndi və digər ərazilərin əsl sahibi olan Azərbaycana təhvil verilməyini, eləcə də rus sülhməramlılarının bölgədən getməsini və Zəngəzur dəhlizinin açılmasını istəyirik. Bununla yanaşı, Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsini və yekun sülh müqaviləsinin imzalanması mövqeyindən çıxış edirik. Xüsusilə də Azərbaycanın ərazi bütövlüyü məsələsində bir millət, iki dövlət anlayışı ilə hərəkət edirik.

Türk polisi bayrağımızı öpərək alnına qoydu - Video

Türkiyə-Ermənistan matçı öncəsi Türk polisi Azərbaycan bayrağına nümunəvi davranışı ilə diqqət çəkib. Sozcu.az xəbər verir ki, təhlükəsizlik yoxlanışı zamanı Türk polisi Azərbaycan bayrağını öpərək alnına qoyub.

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın rəhbərlərindən biri məhv edilib

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyanın Rumeylan bölgəsində antiterror əməliyyatı keçirib. Nəticədə PKK/YPG terror qruplaşmasının rəhbərlərindən olan “Rojna” kod adlı Zülfiye Binbir məhv edilib. O, terror təşkilatının iqtisadi məsələlər üzrə “məsul şəxsi” olub.