Bu gün 58 mindən çox şagird buraxılış imtahanı verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirəcək. Bu barədə Sozcu.az-a qurumdan məlumat verilib. Bildirilib ki, imtahanlar Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami, Pirallahı, Abşeron (I hissə), Sumqayıt (I hissə), Gəncə (I hissə), Goranboy, Yevlax, Naftalan, Şəmkir, Ağstafa, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Ucar, Ağdaş, Zərdab, Kürdəmir, Lənkəran, Cəlilabad, Bərdə, Tərtər, Füzuli (o cümlədən M.Uluqbəy adına 1 №-li tam orta məktəb), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayıl (M.Mehdizadə adına məktəb, Horovlu), Ağdərə (Talış, Göyarx, Həsənriz, Şıxarx, Suqovuşan kənd tam orta məktəbləri), Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən və Şabranda olacaq. Həmçinin martın 9-da tədrisi ingilis dilində olan məktəblərin şagirdləri də imtahan verirlər. İmtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: - İmtahana buraxılış vərəqəsi; - Şəxsiyyəti təsdiq edən sənədin əsli: a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; - Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər. İmtahan iştirakçıları "İmtahana buraxılış vərəqəsi"ni internet vasitəsilə DİM-in saytından fevralın 24-dən etibarən çap edib götürə bilirlər. Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 236 imtahan binası, 4311 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 236 ümumi imtahan rəhbəri, 691 imtahan rəhbəri, 5388 nəzarətçi, 764 buraxılışı rejimi əməkdaşı (mühafizə), 236 bina nümayəndəsi ayrılıb. Martın 9-da keçiriləcək imtahanda 58138 şagirdin iştirakı nəzərdə tutulur. İmtahanda 52 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib. Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilib və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilib.

Azərbaycanda bəzi avtomobillərin qiyməti QALXIR

"Yaxın Şərqdə baş verən müharibə region ölkələri ilə yanaşı, Azərbaycan avtomobil bazarına da təsir göstərməyə başlayıb". Sozcu.az xəbər verir ki, bunu BAKU.WS-ə açqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib. AQC sədri əlavə edib ki, müharibə fonunda neftin, qızılın və digər strateji məhsulların bahalaşması logistik və nəqliyyat xərclərini artırır ki, bu da avtomobil qiymətlərinə birbaşa təsir edir: "Hazırda qiymət artımı kəskin olmasa da, artıq müəyyən fərqlər hiss olunur. Xüsusilə Dubaydan gətirilən avtomobillərdə cüzi bahalaşma qeydə alınır. İlkin mərhələdə qiymətlərdə modeldən asılı olaraq 3-5 min manat civarında artım müşahidə oluna bilər ki, bu da təxminən 2-7 faiz aralığında dəyişir. Müharibə qısamüddətli olarsa, bazarda ciddi dalğalanma gözlənilmir. Lakin qarşıdurma uzunmüddətli xarakter alarsa və enerji qiymətləri yüksəlməkdə davam edərsə, bu, avtomobil idxalına və ümumilikdə satış qiymətlərinə daha ciddi təsir göstərə bilər. Hazırda bahalaşma əsasən logistika və tranzit xərclərinin artması ilə bağlıdır. Neft qiymətlərinin tam təsiri isə müəyyən zaman sonra bazarda daha aydın hiss oluna bilər".

Keçən il nikahdankənar doğulan uşaqların sayı açıqlanıb

2025-ci ildə 11 558 nikahda olmayan anadan doğulmuş uşaq qeydə alınıb. Bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsində keçirilən “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda ictimai dinləmədə deyib. Nazir müavini bildirib ki, bu göstərici əvvəlki illərlə müqayisədə sayın nisbətən azalmasını təsdiq edir: “Bu say 2022-ci ildə 18 814, 2023-cü ildə 15 622, 2024-cü ildə 13 228, 2025-ci ildə 11 558 olub. Bu azalma ölkədə aparılan effektiv hüquqi tənzimləmənin, dövlət orqanlarının birgə fəaliyyətinin və məktəblərdə, təhsil müəssisələrində aparılan profilaktik tədbirlərin nəticəsi kimi qiymətləndirilir”./Trend

Bu tarixdə qısaldılmış iş günü olacaq

Azərbaycanda 19 mart qısaldılmış iş günü olacaq. Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat azaldılır. Bu səbəbdən 20-24 mart Novruz bayramı, 20-21 mart isə Ramazan bayramı ilə əlaqədar olaraq 19 mart (cümə axşamı) ölkə üzrə qısaldılmış iş günü olacaq. Qeyd edək ki, 20-30 mart tarixlərində ölkədə ardıcıl 11 gün qeyri-iş günü olacaq.//metbuat.az

Pensiya, müavinət və təqaüd alanlara mühüm XƏBƏR

Qarşıdan gələn bayramlarla əlaqədar bu ay pensiya, müavinət və təqaüdlər qrafikdən əvvəl ödənəcək. Sozcu.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Belə ki, martın 6-da nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə mart ayının pensiyalarının ödənilməsi nəzərdə tutulub. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə bu ayın pensiya ödənişinə isə artıq başlanıb. Novruz və Ramazan bayramları ərəfəsində ölkəmizin digər bölgələri üzrə pensiyaların və güzəştli şərtlərlə pensiya təyin edilən şəxslərin pensiyalarının ödənişi planlaşdırılır. Eyni zamanda mart ayının müavinət və təqaüdlərinin də qrafikdən əvvəl olmaqla Novruz və Ramazan bayramlarına qədər ödənilməsi nəzərdə tutulub.

Bağlanan özəl universitetin binası BDU-ya verildi

Bakı Dövlət Universitetinin 1 saylı tədris korpusunda təmir-bərpa işləri aparıldığından bir neçə müddətdir Hüquq və Filologiya fakültələrində dərslərin təşkili BDU-nun digər tədris binasında aparılırdı. Sozcu.az-ın məlumatına görə, yaxın vaxtlarda həmin fakültələr keçmiş Asiya Universitetinin binasına köçürülüb. BDU-dan məlumatı təsdiqləyiblər. Həmçinin vaxtilə Asiya Universitetinin yerləşdiyi binanın üzərinə “Bakı Dövlət Universiteti, C korpusu” sözləri yazılıb. Məlumata görə, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi 116 ünvanında yerləşən bina Hüquq və Filologiya fakültələri əvvəlki binaya köçürüldükdən sonra da BDU-nun korpusu kimi fəaliyyət göstərəcək.(APA)

Bakıda bu küçədə hərəkət qismən məhdudlaşdırılır

Bakının Xətai rayonunun Süleyman Vəzirov küçəsinin Fəzail Bayramov küçəsindən Sənan Kərimov küçəsinə qədərki hissəsində aparılacaq əsaslı təmir işləri ilə əlaqədar olaraq sabah saat 08:00-dan saat 22:00-a qədər nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. "Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan ərazidə hərəkət zamanı diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.

Ağır xəstəlikdən əziyyət çəkən azyaşlının müalicəsi üçün toplanan pulları oğurladı

Nəsimi rayon sakini olan bir nəfər ağır xəstəlikdən əziyyət çəkən azyaşlı övladı üçün maddi yardım toplanması məqsədilə sosial şəbəkələrdə paylaşdığı bank kartının məlumatlarının informasiya texnologiyalarından istifadə olunmaqla oğurlanması barədə polisə məlumat verib. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.  Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən Orxan Hacıyev müəyyən edilərək saxlanılıb. O. Hacıyev ifadəsində həmin bank kartının konfidensial məlumatlarını əldə edərək hesabda olan pul vəsaitini müxtəlif kartlara köçürdüyünü və sonradan nağdlaşdırdığını bildirib. Faktla bağlı araşdırma davam etdirilir.

Sabah hava necə olacaq?

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Səhər bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Cənub-qərb küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-80%, gündüz 65-70% təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Şagirdlərin çanta yükünün azaldılması təklif olundu

Şagirdlərin çanta yükünün azaldılması üçün məktəblərdə yığcam tərtibatlı dərs materiallarından istifadə olunması təklif olunur. Sozcu.az xəbər verir ki, bununla bağlı İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.  Qeyd olunub ki, tədris proqramının ağır olmasının, bu səbəbdən də dərs vəsaitlərinin və onun komplektlərinin çoxluğunun xüsusən ibtidai siniflərdə təhsil alan şagirdlərin çantalarının artıq yüklənməsinə və nəticədə onların sağlamlıq vəziyyətinə, fiziki inkişafına neqativ təsir göstərdiyini nəzərə alaraq, tədris proqramının optimallaşdırılması, eyni fənn üzrə bir neçə əlavə vəsait əvəzinə inteqrasiya olunmuş, daha yığcam tərtibatlı dərs materiallarından istifadə edilməsi təklif olunub. Həmçinin, rəqəmsal resurslardan istifadənin genişləndirilməsi və bununla əlaqədar təhsil müəssisələrində maddi-texniki bazanın gücləndirilməsi, şagirdlərin gündəlik istifadə etmədikləri vəsaitləri məktəbdə saxlaya bilmələri üçün dolabların quraşdırılması da bildirilib.

Şamaxıda yenidən zəlzələ olub

Şamaxı-Ağsu sərhədində zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Yerin 7 km dərinliyində yerləşən zəlzələ ocağının maqnitudası 3,6 olub. Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss edilib.

Azərbaycanda güclü zəlzələ oldu

Şamaxı rayonunda 4,7 maqnitudalı zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Qeyd edilib ki, yerli vaxtla 15:52-də qeydə alınan yeraltı təkanların dərinliyi 12 km olub. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.