“Caspian Hotel”də kütləvi DAVA

Bakının Xəzər rayonunda 1980-ci il təvəllüdlü Möhübbət dəniz sahilində yerləşən “Caspian Hotel”də Alman və Elçin adlı şəxslərə xəsarət yetirib.  Demokrat.az-ın əldə etdiyi məlumata görə, Möhübbət tanışları Seymur adlı şəxs və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxs ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozaraq, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan hərəkətlər edib.  Bu zaman Möhübbət 9 avqust 2022-ci ildə, saat 03.30-da  Türkan qəsəbəsində yerləşən “Caspian Hotel”də kafedə müştəri qismində olarkən musiqi sifarişi ilə bağlı dicey ilə mübahisə edən Elçinə heç bir əsaslı səbəb olmadan yumruqla üz və çiyin nahiyələrinə qəsdən vurub. Ona xəsarətlər yetirib.  Bununla kifayətlənməyən Möhübbət Elçinin yanında olan tanışı Almana özündə olan bıçaqla iki dəfə vurub.  Hadisəni törədən Möhübbətin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib.  Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Möhübbət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, əməlindən peşman olduğunu deyib.  İş üzrə zərərçəkmiş Alman bildirib ki, hadisə günü, gecə saat 02 radələrində Türkan qəsəbəsində yerləşən “Caspian Hotel”də yerləşən kafeyə gediblər:  “Həmin kafeyə tanışım Elçin, Şəmşad, Rövşən ilə birlikdə getmişdim. Həmin kafedə Elçin, Şəmşad, Rövşən ilə bir stol ətrafında oturub pivə içməyə başladıq. Həmçinin orada tanışım Vüsalı da gördüm. Həmin vaxt Elçin diceyə 3 manat verdi, mahnı sifariş verdi. Mahnı yarımçıq kəsildiyi üçün Elçin diceyə öz etirazını bildirdi. Elçini sakitləşdirib kafedən çölə çıxardım. Bu zaman tanımadığım şəxslər həmçinin sonradan adını bildiyim Möhübbət adlı şəxs Elçini itələdi, “nə qışqırırsan” dedi. Sonra yumruqla Elçini üz nahiyəsinə vurdu. Elçin yerə yıxıldı. Elçini yerdən qaldırmaq istəyəndə gördüm ki, əlimdən qan gəlir. Lakin kimin vurduğunu görməsəm də, ayağa qalxanda Möhübbət adlı şəxsin əlində bıçaq olduğunu gördüm. Sonra aralaşıb getdik”.  Bu cinayət işinə Xəzər rayon Məhkəməsində baxılıb.  Məhkəmənin hökmü ilə Möhübbətin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.  Ona 1 il 6 ay müddətə sınaq olmaqla 2 il şərti cəza təyin olunub. 

Astara polisindən əməliyyat: silahlı şəxs saxlanıldı

Astara sakinində tapança və psixotrop maddə aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sozcu.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah, döyüş sursatı və psixotrop maddə əldə edərək daşımaqda şübhəli bilinən rayonun Səncərədi kənd sakini, əvvəllər məhkum olunmuş Tofiq Bayramov saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən 1 ədəd kustar üsulla hazırlanmış revolver tipli odlu silah, həmin silahda istifadə olunması üçün nəzərdə tutulan 4 ədəd patron və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. T.Bayramov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.

Özəl bağçalarda fantastik qiymətlər: "Sanki uşaqlara Eynşteyn dərs keçir" — ARAŞDIRMA

Uşaq bağçaları azyaşlıların əqli, fiziki, yaradıcı potensialının və şəxsi ünsiyyət bacarıqlarının inkişafında mühüm rol oynayır. Bu səbəbdən valideynlər yeni tədris ilində azyaşlı övladlarını bağçaya qoyarkən qarşısında iki əsas seçim olur: dövlət bağçaları və özəl bağçalar. Azərbaycanda dövlət bağçaları pulsuzdur. Lakin çox vaxt bu müəssisələrdə yer çatışmazlığı olur. Özəl bağçalara üz tutan valideynlər isə ağlasığmaz qiymətlərlə qarşılaşırlar. Bakupost.az Bakıda yerləşən özəl bağçalarda qiymətlərlə bağlı araşdırma aparıb. Araşdırma zamanı aydın olub ki, özəl bağçalarda gündə 4 və ya 5 dəfə qidalanmaq, dil qrupları, əyləncəli və öyrədici oyunlar, idman, rəsm, şahmat və musiqi dərsləri keçirilir. Həmin bağçalarda təhlükəsizliyə nəzarət yüksək səviyyədədir. Özəl bağçalarda valideynlərə övladının günlük fəaliyyətini canlı izləmək imkanı yaradılır. Araşdırmamız göstərdi ki, özəl bağçalarda ən aşağı qiymət 350 manatdan başlayır. Məsələn, “Zümrüd” özəl uşaq bağçasında Azərbaycan, rus və ingilis dilində tədris təklif olunur. Azərbaycan dili bölməsinin aylıq ödənişi 550 manatdır. Rus dili qrupunun 600, ingilis dili qrupunun isə aylıq ödənişi 700 manatdır. “Yaşıl ada” uşaq bağçasında tələbat olmadığı üçün Azərbaycan dili qrupu səhər saat 08:00-dan günorta saat 1-ə kimi fəaliyyət göstərir. (?) Rus dili bölməsi 750, ingilis dili bölməsinin aylıq ödənişi isə 800 manatdır. “Neo Kids” özəl uşaq bağçasında da həftədə 5 gün olmaqla Azərbaycan və rus dili qrupları fəaliyyət göstərir və hər iki qrup üçün aylıq ödəniş 700 manat təşkil edir. İndilis dili bölməsi isə 750 manatdır. Baxçada uşaqlar üçün hovuz da fəaliyyət göstərir. “Şəkər” uşaq baxçasında hər üç bölmə üzrə aylıq ödəniş 760 manat təşkil edir. “Göyərçin” bağçasında isə rus bölməsi 550, ingilis bölməsi isə 600 manatdır. “Erudit-M” uşaq bağçasında səhər 08:30-dan axşam 18:00-a qədər uşaqların təlim tərbiyəsi üçün aylıq ödənişin məbləği 500 manat təyin olunub. “Tumurcuq” uşaq bağçasında isə bütöv gün 450 manat, yarım gün isə 320 manatdır. “Play Arena” özəl bağçasında bütöv gün 400, yarım gün isə 250 AZN təşkil edir. “İnci balalar” uşaq bağçasında Azərbaycan və rus bölmələri üçün ödəniş 350 manat, ingilis dilli bölməsi üçünsə 450 manatdır. “Albalı” uşaq bağçasında gündə 5 dəfə yemək verilir. Bağçada Azərbaycan, rus və ingilis dili tədris olunur. Bildirildi ki, hazırda yay rejimi olduğuna görə uşaqlara əyləncəli proqramlar keçilir. Səhər saat 08:00-dan axşam saat 18:00-a qədər 350 manat, müvafiq olaraq günün birinci hissəsi saat 1-ə kimi 200 manat, saat 3-ə qədər isə 250 manat ödniş 1təyin olunub. Sentyabrdan məktəbəqədər dərslərə isə əlavə heç bir ödəniş tələb olunmur. Göründüyü kimi, özəl bağçalarda qiymətlər əksər valideynlər üçün əlçatan deyil. Bəs, qiymətlərin bu qədər baha olması nə ilə bağlıdır? Mövzu ilə bağlı Bakupost.az -a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, ümumi statistikaya görə ölkədə 1825 dövlət bağçası, 133 özəl bağça fəaliyyət göstərir. Onun sözlərinə görə, özəl bağçalar qiymətlərin yüksək olmasını təhlükəsizlik, sağlamlıq, qida, əlavə servis xidmətləri ilə izah edirlər: "Qiymətlərə baxanda bəzən elə təəssürat yaranır ki, sanki o bağçalarda uşaqlara Eynşteyn dərs keçir. Özəl bağçalar müstəqildir və qiyməti təyin etmək hüquq sahibkarın əlindədir. Amma istənilən halda özəl bağça sahibləri insaflı davranmalı və qiyməti münasib etməlidirlər". E.Əfəndi qeyd edib ki, özəl bağçalar əlavə bir çox xidmətlər təklif edirlər: "Məsələn, bağça yatılı olur, ya da uşaqlar xüsusi nəqliyyatla aparıb-gətirilirlər. Həmçinin, sahibkar müəssisəyə xaricdən mütəxəssislər cəlb edə bilər. Bu zaman aylıq təhsil haqqıı 1000 manat da olsa, buna qarışa bilmərik. Bağça sahibi deyə bilər ki, mütəxəssis dəvət etmişəm və o, bu qiymətə çalışır”. Elm və Təhsil Nazirliyi mətbuat katibi Cəsarət Valehov isə bildirib ki, özəl bağçalarda qiyməti bazar tənzimləyir: “Özəl bağçalar sahibkarlıq məqsədlidir. Buna görə də bu müəssisələrdə qiyməti sahibkar özü müəyyən edir. Elm və Təhsil Nazirliyi bununla bağlı heç bir səlahiyyətə malik deyil. Dövlət bağçaları isə pulsuzdur. Düzdür, özəl bağçalarda olduğu kimi əlavə xidmətlər olmasa da, dövlət bağçalarımızda körpələrimizə dövlət xidmət göstərir. Uşaqların tədrisi, təlim-tərbiyəsi qida və təhlükəsizliyinə nəzarət edilir”.

Elmi dərəcələri satan vəzifəli şəxsə cinayət işi AÇILDI

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində Ali Attestasiya Komissiyasının İqtisad elmləri üzrə Ekspert şurasının üzvü – elmi katibi Şəfa Əliyevin qanunsuz əməlləri ifşa edilib. Baş Prokurorluğun Mətbuat xidmətindən Sozcu.az-a verilən məlumata görə, əməliyyat-istintaq tədbirləri ilə Şəfa Əliyevin işlədiyi qurumun vəzifəli şəxslərinin qərarlarına həqiqi təsir imkanlarından istifadə edərək müxtəlif şəxslərdən aldığı pul vəsaitləri müqabilində onlara elmi dərəcələrin verilməsinə nail olmasına və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı başlanmış cinayət işi üzrə toplanmış sübutlar əsasında Şəfa Əliyev Cinayət Məcəlləsinin 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib. Hazırda iş üzrə qanunazidd hərəkətlərə yol vermiş digər şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəstəlikdən əziyyət çəkənlərə yardım məqsədi ilə paylaşılan kartlardan oğurluq edən şəxs saxlanıldı

Sosial şəbəkələrdə onkoloji xəstəlikdən əziyyət çəkən şəxslərə yardım məqsədi ilə paylaşılan bank kartlarından kibercinayətkarlıq metodlarından istifadə edərək oğurluqlar edən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Sosial şəbəkələrdə onkoloji xəstəlikdən əziyyət çəkən və aztəminatlı şəxslərə yardım məqsədi ilə yerləşdirilən elanlarda göstərilən bank kartlarına müdaxilə olunduğu, həmçinin həmin hesablarda olan pulların informasiya texnologiyalarının imkanlarından istifadə edilməklə ələ keçirildiyi barədə nazirliyə çoxsaylı müraciətlər edilib. Aparılan araşdırmalar və həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində kibercinayətkarlıq metodlarından istifadə edərək qeyd edilən qanunsuz əməlləri törədən Aslan Qurbanov saxlanılaraq istintaqa cəlb edilib. Müəyyən olunub ki, Aslan Qurbanov onkoloji xəstələr tərəfindən maddi yardımın toplanması üçün müxtəlif sosial şəbəkələrdə paylaşılmış bank kartlarının məlumatlarını götürərək həmin şəxslərlə xarici virtual nömrələr vasitəsilə əlaqə saxlayıb. O, həmin şəxsləri onlara yardım edəcəyi adı ilə aldadaraq bank kartlarının məxfi məlumatlarını əldə edib. Aslan Qurbanov informasiya texnologiyalarından istifadə etməklə ələ keçirdiyi pul vəsaitlərini izi itirmək məqsədi ilə əvvəlcə xaricdə olan idman-mərc oyunlarındakı hesablarına transfer edib. Sonradan o, pulları istifadəsində olan bank kartına köçürərək nağdlaşdırıb. Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3-1-ci oğurluq, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə maddəsi ilə cinayət işi başlanılıb. Aslan Qurbanovun qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa Daxili İşlər Nazirliyinə müraciət edə bilərlər.

Arazda batan ata və oğulun meyiti tapıldı

16:31 Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə İmişli rayonunun Şahverdili kəndi ərazisindən keçən Araz çayında biri uşaq olmaqla 2 nəfərin batması barədə məlumat daxil olub. Nazirlikdən Sozcu.az-a bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. *** Araz çayında batan iki nəfərdən birinin meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, iyulun 11-də günorta saatlarında Araz çayının İmişli rayonu, Şahverdili kəndi ərazisindən keçən hissəsində batan iki nəfərdən birinin meyiti FHN dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Digər şəxsin axtarışları davam etdirilir. *** İmişlidə Araz çayında batan 2018-ci il təvəllüdlü Rəvan Əliyevin də meyiti sudan çıxarılıb. Bildirilib ki, 5 yaşlı uşağın meyiti 1 kilometr aralıda tapılıb. Qeyd edək ki, hadisə bu gün saat 15 radələrində baş verib. Belə ki, İmişlinin Şahverdili kəndi ərazisindən keçən Araz çayında həmin kəndin sakinləri – Asif Əliyev və onun övladı Rəvan Əliyevin batması barədə FHN-in "112" qaynar telefon xəttinə məlumat daxil olub. Dərhal hadisə yerinə FHN-in dalğıcları cəlb edilib. Sudan çıxarılan cəsədlər aidiyyəti üzrə təhvil verilib.

Qanunsuz kömür quyusu aşkarlandı

Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə keçirilən növbəti nəzarət tədbirləri zamanı qanunsuz yolla istismar edilən kömür quyusu aşkarlanıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. Bildirilib ki, qanunsuz kömür istehsal edənin rayonun Gültəpə kənd sakini Əlövsət Muradov olduğu müəyyən edilib. Faktla bağlı protokol tərtib olunub, təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb və aşkar olunan kömür quyusu ləğv olunub.

Teleqramda Azərbaycan vətəndaşlarına qarşı dələduzluq edən nigeriyalılar saxlanılıb

Sosial şəbəkədə Azərbaycan vətəndaşlarını şirnikləndirici vədlər müqabilində dələduzluq edərək aldadan nigeriyalılar saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, DİN-ə sosial şəbəkədə Azərbaycan vətəndaşlarının xaricdən idarə olunan müxtəlif səhifələr tərəfindən şirnikləndirici vədlər verilərək informasiya texnologiyalarından da istifadə edilməklə aldadıldığı və külli miqdarda pul vəsaitlərinin ələ keçirildiyi barədə çoxsaylı şikayətlər daxil olub: “Bu məlumatlar dərhal nəzarətə götürülüb. Həyata keçirilən əməliyyat-texniki tədbirlərlə müəyyən edilib ki, iş üzrə zərərçəkən şəxslərin aldadılması əsasən teleqram sosial şəbəkəsində həyata keçirilib. Həmçinin araşdırmalarla saxta profillərin xarici ölkələrin internet resurslarından istifadə edilməklə qeydiyyatdan keçirildiyi, lakin buna baxmayaraq dəstənin bir neçə üzvünün ölkə sərhədləri daxilində kibercinayətkarlıqla məşğul olduqları müəyyən edilib. Bu səbəbdən həyata keçirilən tədbirlər nəticəsində sosial şəbəkələrdə dələduzluq edən Nigeriya vətəndaşları - Ejiofor Onyekachu Benedict və Emere Onyebuchi Christiantusun şəxsiyyətləri qısa zamanda müəyyən edilib və onlar saxlanıblar. Bu şəxslər sosial şəbəkələrdə yaratdıqları "Philips Tomas Ben" və digər saxta profillər vasitəsilə zərərçəkənlərlə danışıqlar apararaq guya onlara xaricdən müxtəlif növ bahalı hədiyyələr göndərəcəklərinə dair yalan vədlər veriblər. Daha sonra dəstə üzvləri karqo xidmətlərinin ödənilməsi adi altında ayrı-ayrı ödəniş sistemlərindən istifadə etməklə bank kartlarına köçürmə yolu ilə çoxsaylı vətəndaşa məxsus külli miqdarda pul vasaitlarini ələ keçiriblər. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. Dəstə üzvlərinin Nigeriya Federativ Respublikasında fəaliyyət göstərən digər üzvlərinin də saxlanılması istiqamətində qeyd edilən ölkənin hüquq-mühafizə orqanlarına müvafiq sorğular göndərilib. "Sonda bir daha vətəndaşlara sosial şəbəkələrdə yerləşdirilən və ilk baxışdan insanların marağına səbəb olan şübhəli keçidlərə daxil olmamağı, həmçinin bank kartlarında olan məlumatları isə heç bir halda qarşı tərəfə verməməyi tövsiyə edirik", - məlumatda qeyd edilib.

Vətən müharibəsi qazisi vəfat etdi

Vətən müharibəsi qazisi, ehtiyatda olan kapitan İlham Şahmar oğlu Dadaşov vəfat edib. Sozcu.az xəbər verir ki, o, 48 yaşında uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib. Qeyd edək ki, İ.Dadaşov 1975-ci ilin iyulun 5-də Cəlilabad rayonunun Günəşli kəndində anadan olub. O, Vətən müharibəsinin ilk günlərindən komandir vəzifəsində döyüşlərə cəlb olunub. Bir neçə rayonun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə tabeliyində olan hərbçilərlə birlikdə iştirak edib. O, 2020-ci ilin oktyabrın əvvəlində şiddətli döyüşlərin birində travma alıb və müalicə üçün hospitala yerləşdirilib. Qısa müddət ərzində müalicəsini başa vuraraq yenidən döyüşlərə qatılıb. İ.Dadaşov Vətən müharibəsi zamanı göstərdiyi igidliyə, şücaətə və qəhrəmanlığa, eləcə də döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə görə "Cəsur döyüşçü", "Vətən uğrunda" və digər medallarla təltif edilib. O, ailəli idi və iki övladı var. Allah rəhmət eləsin!

Narkotikin bir dəfə qəbulu ilə asılılıq arasında bir addım var

"Narkotik maddələrin bir dəfə qəbulu ilə narkotik asılılıq arasında yalnız bir addım var". Sozcu.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji Dispanserinin həkim-narkoloqu Fizzə Baxışova deyib. O bildirib ki, yeniyetmələr arasında narkomaniyanın yayılma səbəbi narkotik maddənin zərərləri haqda məlumatın az olmasıdır: “Həmçinin yeniyetmələr daha çox eksperiment aparmaq istəyindən, çox vaxt sadə marağın olmasından narkotik istifadə etməyə başlayırlar. Təəssüf ki, bəzi yeniyetmələri formalaşmamış psixika ilə və düzgün məlumat əldə etmədiklərinə görə, onları bu yola çəkmək daha asan olur. İlkin olaraq narkotik vasitələrin törətdiyi fəsadlar haqda maarifləndirici tədbirlər yeniyetmələr və gənclər arasında aparılmalıdır. Gənclər və yeniyetmələr bilməlidirlər ki, narkotik maddələrdən istifadə etmək, oyun əyləncə deyil, bu, çox ağır xəstəlikdir". “Narkotik maddələrdən asılı olan şəxslərdə ən çox müşahidə olunan somatik ağırlaşmalardan aseptik qaydaları və immun sisteminin pozuntuları nəticəsində əmələ gələn müxtəlif infeksiyaları göstərmək olar. Narkotikləri vena daxilinə yeridən xəstələr arasında İnsanın İmmunçatışmazlığı Virusu (İİV), sifilis, hepatit B və C yoluxması çox yüksək dərəcədə müşahidə olunur", - həkim-narkoloq vurğulayıb.

Bu gün geomaqnit qasırğası gözlənilir

Geomaqnit sahəsinin 10-11 iyulda qeyri-stabil olması gözlənilir. Bu barədə Sozcu.az-a Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından xəbər verilib. Bildirilib ki, kosmik hava durumuna görə, hesabat dövrü ərzində Günəş fəallığı orta səviyyədə olub. M (R1-R2) və C sinif alışmalar baş verib. Günəşin səthində ləkələrin sayı artıb. Hal-hazırda 12 ləkə qrupu və 197 ləkə müşahidə olunur. Günəşin səthində Tac dəliyi müşahidə olunur. Hesabat dövrü ərzində geomaqnit sahəsi sakit və aktiv səviyyələrdə olub. Hal-hazırda geomaqnit sahəsi sakitdir (Kp=1.67). Günəş küləyinin sürətinə 11 iyulda müsbət qütblü CH HSS-in (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) təsiri gözlənilir. Geomaqnit sahəsinin 10-11 iyulda qeyri-stabil olması, 12-13 iyulda isə 4Kp-yə kimi yüksəlməsi ehtimalı var.

Toyda zəhərlənənlərdən birinin vəziyyəti ağırdır - TƏBİB

Ağcabədi rayonunda qida zəhərlənməsi şübhəsi ilə TƏBİB-in tabeliyindəki Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 09.07.2023-cü il saat 15:33 radələrindən başlayaraq ümumilikdə 34 nəfər (11-i uşaq olmaqla) yerləşdirilib.  TƏBİB-dən Sozcu.az-a verilən məlumata görə, onlara qida toksiki infeksiyası diaqnozu qoyulub və hər birinə zəruri tibbi xidmətlər göstərilib. 09.07.2023-cü il tarixində aparılmış zəruri tibbi müayinə və müalicə tədbirlərindən sonra xəstəxana şəraitində müalicəyə ehtiyac qalmadığından müraciət edənlərdən 33 nəfər ambulator müalicə üçün evə buraxılıb.  Hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində 1 nəfərin müalicəsi davam etdirilir. Vəziyyəti orta ağırdır.