Bakı sakini döyüldü, 4000 manatı və 2800 manatlıq telefonu əlindən alındı

Mayın 20-də Nəsimi rayonu ərazisində bir nəfərin Bakı şəhər sakini M.Quliyevə zor tətbiq edərək içərisində 4000 manat olan cüzdanını və 2800 manat dəyərində mobil telefonunu talaması barədə polisə məlumat daxil olub. DİN-dən verilən məlumata görə, Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nazim Ağayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının yazılı test mərhələsi keçirilir

Vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının yazılı test mərhələsi keçirilir. 324 nəfər vəkilliyə namizədin iştirakı ilə keçirilən imtahan Dövlət İmtahan Mərkəzi və Vəkillər Kollegiyasının birgə əməkdaşlığı çərçivəsində təşkil olunub. İmtahan saat 10:00-dan və 15:00-dan başlayaraq 3 saat ərzində kompüterlər vasitəsilə elektron qaydada Dövlət İmtahan Mərkəzinin kompüter mərkəzində elektronlaşdırılmış qaydada həyata keçirilir. İmtahanda namizədlərə hüququn müxtəlif sahələrinə aid hər biri 1 balla qiymətləndirilməklə 100 test sualı təqdim olunur ki, bu suallardan 60 mümkün balı toplaya bilmiş namizədlər imtahanın növbəti – şifahi mərhələsinə keçə biləcəklər. Nəticələr imtahandan dərhal sonra kompüter mərkəzində elan olunacaq və bu barədə Vəkillər Kollegiyasının rəsmi internet səhifəsində (www.barassociation.az) məlumat veriləcəkdir. İmtahanın şəffaflığının təmin edilməsi məqsədi ilə bir çox yerli və beynəlxalq, habelə dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər dəvət olunub, KİV nümayəndələrinin iştirakı təmin edilib. İmtahanda iştirak edən ən yaşlı namizəd 67 yaşındadır. O cümlədən, regionlar üzrə namizədlərin təmsil olunma nisbəti Bakı şəhəri üzrə 61%, respublikanın digər regionları üzrə isə 39%-dir. Qeyd edək ki, say nisbəti baxımından imtahanda Azərbaycanın əksər regionları təmsil olunur. Bu isə öz növbəsində gələcəkdə regionlarda vəkil çatışmazlığının nisbətən aradan qaldırılmasına imkan verəcəkdir. Namizədlərin 14%-i xarici, 86%-i yerli ali təhsil müəssisələrində təhsil alanlardır. Bu siyahıda ilk yeri 54% ilə Bakı Dövlət Universiteti tutur. Yaş kateqoriyası baxımından 40 yaşadək olan namizədlər ümumi namizədlərin 66%-ni təşkil edir. Qadın namizədlər 25%, kişi namizədlər isə 75%-dir.

Tarixi tikili binaya müdaxilə faktı aşkarlandı

Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi 16 ünvanında yerləşən tarixi tikili (abidə) binaya müdaxilə faktı aşkarlanıb. Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib. Bildirilib ki, Xidmətin əməkdaşları tərəfindən əraziyə baxış keçirilən zaman tarixi tikilinin (abidənin) sütunlarının boya ilə rəngləndiyi müəyyən edilib. Qeyd edilib faktla bağlı qanuna müvafiq tədbirlər görülməkdədir: "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar. İstifadəsində və ya mülkiyyətində tarixi tikililər (abidələr) olan vətəndaşlarımızı tarixi tikililərimizin (abidələrimizin), eləcə də şəhərimizin bədii estetik görünüşünün qorunmasına həssas yanaşmağa çağırır, bərpa işləri aparmaq istəyən şəxslərdən qanunvericiliyin tələblərinə riayət olunmasını tələb edirik".

Bakı sakinini fotoşəkilləri ilə şantaj etməkdə şübhəli bilinən şəxs tutulub

Bakı sakinini fotoşəkilləri ilə şantaj etməkdə şübhəli bilinən şəxs tutulub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, mayın 22-də polisə müraciət edən Bakı şəhər sakini bir nəfərin onun fotoşəkillərini sosial şəbəkədə paylaşmasını və hədə-qorxu gələrək hesabına 380 manat ödətdirməsini deyib. Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən paytaxt sakini Cahangir Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Bakıda 18 yaşlı qız itkin düşdü

Bakıda 18 yaşlı qız itkin düşüb. Sozcu.az xəbər verir ki, hadisə mayın 21-də paytaxtın Nizami rayonu, Naxçıvanski küçəsində qeydə alınıb. Belə ki, 2005-ci il təvəllüdlü Səriyyə Rəşid qızı Osmanova evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb. Faktla bağlı araşdırma aparılır.

Qarabağ qazisinə kassasiya şikayətini yazmağa vəkil ayrılıb, amma bir aydır yazan yoxdur

Düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini, “dost” məmurlarının pensiyasının yarısını, reabilitasiya vasitəsi avtomobili də içində olmaqla daşınar -daşınmaz əmlakının hamısını apardığı,  xaricdə müalicəyə ehtiyacı olan Qarabağ qazisi Abbaszadə Xaliq Əvəz oğlunun Bakı  Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının  (sədrlik edən Səadət Bəktaşi) 03.08.2021 tarixli qərarından kassasiya şikayəti vermək üçün vəkillə təminatı haqqında ərizəsi 26.04.2023 tarixli qərardadla təmin olunub . Qərarın icrası Vəkillər Kollegiyasına həvalə olunsa da, hələ də vəkil xidmətindən soraq yoxdur.  Xatırladırıq ki, Qarabağ qazisi 10 ildir sığorta, yol polisi,   məhkəmə, icra, sosial müdafiə … ortaq dələduzluğunun qurbanına çevrilib. Qarabağ qazisinin reabilitasiya vasitəsi olan 90-HX-384 nömrəli “əlil maşınını” 10-CK-200 nömrəli “Nissan”la dayandığı yerdə arxadan vurub, “metallomluq edən” Fərid Zakir oğlu Hüseynovun “avtoşbala” haqqı” Suraxanı yol polisi Tahir İsgəndərovu necə “hayıl-mayıl” edibsə, “hallı” məmur oğlunu atasının zəngi ilə alkoqol testindən keçirməyib, amma Qarabağ qazisi testdən keçib. Halbuki, belə yol qəzalarında alkoqol testi məcburidir. Testdən imtina şəxsin alkoqolun təsiri altında olduğu kimi qiymətləndirilir. Tahir İsgəndərov qanundan aldığı təlimatı yox, “avtoşbala”nın atasından aldığı “təlimata uyğun” olaraq, Qarabağ qazisinə dəyən ziyanın ödəniləcəyinə söz verib , amma  10 gün keçməmiş  heç bir protokol tərtib etmədən məhkəmə qaydasında inzibati xəta törətməyə görə 400 manat cərimə edib. Bundan sonra dələduzluq estafeti Ədliyyə Nazirliyinin icra məmurlarına və “Rəvan” sığorta şirkətinə ötürülüb. “Rəvan” sığorta şirkəti törəməsi olduğu “Nurgün”də saxta 10 min manatlıq defekt aktı tərtib edib, xaricdə müalicəyə ehtiyacı olan qazidən 3 təzə “əlil” maşını”nın dəyərində ziyanhaqqı tələb edib. Maliyyə Nazirliyi bu saxtalığa görə, həm “Rəvan” sığorta şirkətini, həm də “Nurgün”ü bir neçə dəfə cərimələsə də, dələduz şirkət nəinki geri çəkilib, əksinə, cərimələrdən daha da qərəzini artırıb. Təsəvvür edin, Qarabağ qazisinin “Rəvan” sığorta şirkətinə qarşı iddiasına Nərimanov məhkəməsində baxıldığı zaman,  cavabdeh Sabunçu məhkəməsində maşının yiyəsi şəhidə və iddiaçıya qarşı iddia qaldırıb! (???) Məhkəmə hüquq sisteminin “ədalətinə” özünüz qiymət verin, nədən nə Məhkəmə Hüquq Şurası, nə də digər aidiyyatı qurumlar bu özbaşınalığa qiymət verir. Sabunçu məhkəməsi ,başqa məhkəmənin icraatında eyni tərəflər arasında eyni predmet və əsaslar üzrə iş olması səbəbindən icraata xitam verməli olduğu halda, işi Suraxanı məhkəməsinə ötürüb. Qarabağ qazisi bu “ötürmə qərarı”ndan apellyasiya şikayəti və təmin olunmadığından, Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmənin 13.05.2017 tarixli qərarı 6 ildir icra olunmur. Suraxanı məhkəməsi ( Ramil Həsənov) Ali Məhkəmənin qərarından bir il qabaq saxta 16.11.2016 tarixli qətnamə ilə Qarabağ qazisini “üstünə benzin töküb yandırma” cəzasına məhkum edib. Özbaşınalığa baxın, Ali Məhkəmə 2017-ci ildə işin məhkəmə aidiyyatını müəyyən edib, baxmağa göndərib, amma artıq bir il qabaq Suraxanı məhkəməsi iş üzrə qətnamə çıxarıb? ! Təbii ki, bu qətnamənin heç bir hüquqi qüvvəsi yoxdur və bu səbəbdən qanuni qüvvəyə minməyib. Amma Ədliyyə Nazirliyinin Suraxanı icra məmuru Vüsal Əliyev bu saxta, qanuni qüvvəyə minməmiş qətnamədən Qarabağ qazisinə qarşı təzyiq kimi yararlanıb, daşınar -daşınmaz əmlakına həbs qoyub. Bu icra məmurunun özbaşınalığı o həddə çatıb ki, olmayan icra sənədi üzrə “borcu”Qarabağ əlilinin pensiyasına məktubla  (?) yönəldib . DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı da ağına -bozuna baxmadan məktub əsasında  (?)Qarabağ əlilinin pensiyasının yarısını dələduz “Rəvan” sığorta şirkətinə iki ay ödəyib . “İcra haqqında” qanunun 68.1.2 maddəsini media qurumları tirajlayandan sonra pensiyadanyeyilmə dayandırılıb, amma yeyilən 351 manat qaytarılmayıb.  2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Suraxanı icra şöbəsinə , Nərimanov məhkəməsində “Rəvan” sığorta şirkətinə qarşı,  Bakı İnzibati Məhkəməsində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı yeyilən pensiyanın geri qaytarılması tələbi üzrə Qarabağ qazisinin iddiaları hələ ki, ədalətli sonuc vermir. Məhkəmə hakimiyyəti, cavabdehlər,  eldə deyildiyi kimi, ARI ATIB, NAMUSU YEYİBLƏR. Xaricdə müalicəyə ehtiyacı olan Qarabağ qazisinin pensiyasını yeməklə doyacaqlar?  Nə isə, Bakı İnzibati Məhkəməsinin hakimi Nəriman Abıyevin İPM-in 68-ci maddəsi əsasındakı  “daxili inam”I “İcra haqqında” qanunun 68.1.2 maddəsini ( “ TƏLƏB,  BORCLUNUN XİDMƏTİ VƏZİFƏLƏRİNİ YERİNƏ YETİRƏRKƏN ALDIĞI XƏSARƏTLƏRƏ GÖRƏ ÖDƏNİLƏN MƏBLƏĞLƏRƏ YÖNƏLDİLƏ BİLMƏZ”) görməzliyə vurub. Eləcə də Bakı Apellyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi olan heyətini də. İndi Vəkillər Kollegiyası 26.04.2023 tarixli qərarı icra edib, qazinin kassasiya şikayətini yazsa, Ali Məhkəmənin ədaləti bərpa etməməyə heç bir əsası yoxdur.  Məğrur Bədəlsoy

Buraxılış imtahanı ilə bağlı qalmaqal - Müəllim DİM-ə etiraz etdi

Laçın rayonu, 46 saylı orta məktəbin müəllimi Səbinə Əsədova bu il martın 12-də keçirilən buraxılış imtahanı ilə bağlı Dövlət İmtahan Mərkəzi (DİM) narazılıq edib . Bakupost.az xəbər verir ki, bu barədə müəllim öz sosial media hesabında paylaşım edib. Onun sözlərinə görə, apelyasiya ilə bağlı DİM-ə müraciət edilsə də, hələ ki xəbər gəlməyib: "12 mart buraxılış imtahanından apelyasiyaya müraciət etmişik. Hələ bir xəbər gəlməyib. Amma öncədən mütəxəssislərin nəzərinə çatdırıb müzakirə etmək istədim ki, sonra mən narazılıq edəsi olsam, hamı məsələdən xəbərdar olsun. Əvvəla, marker həmkarlarım məndən inciməsin, bu nəticəni görəndə ağlıma ilk gələn o oldu ki, nəticəni ingilis dilindən xəbəri olmayan kimsə meyardakı sözlərin üst-üstə tutuşduğuna əsasən yoxlayıb". S.Əsədova imtahan verən şagirdin işini təqdim edərək, ingilis dili fənni üzrə keçirilən yoxlamaların düzgün aparılmadığını qeyd edib: "Tələb odur ki, 1) cümlə quruluşu məlum növdən məchul növə keçsin. Bəli keçirilib ( zaman və mübtəda xəbər uzlaşması doğrudur) 2) həmin dəyişmiş strukturda ən az iki söz yaxın mənası ilə əvəz edilsin . Edilib influence = attract ( Merriam Webster dictionary - orijinal mənbə) neqatively = in a bad way. Hətta yəqin həmkarlar mənimlə razılaşar ki, zərfin ismi birləşmə ilə " in + a+ adjective + manner/way " əvəzlənməsi sadə struktur deyil. Bunu çevirə bilən şagirdin ingilis dili kompetensiyası olduğu aşkardır. Bu da ikinci yaxın mənaya dəyişmə. Ödədimi meyarı?" Şikayətçi bildirib ki, tələb olunan bütün meyarlar ödənilsə də, cavab səhv kimi qeydə alınıb: “Həyəcandan “attract” (cəlb etmək) sözünün yazılışında “attack” (hücum) ilə qarışıqlıq yaradılıb. Hərf səhvi isə yeni məna yaratmadığı müddətcə səhv qəbul olunmur. Yenə də qəbul olunmursa, o zaman sual edirəm: Niyə dinləmənin 5-ci sualında "sehlter" əvəzinə "sherter" yazan meyara tam bal vermisiniz? Bütün bu yazdıqlarıma əsasən, siz deyin, şagirdə sıfır bal verən doğrudanmı, ingilis dili müəllimi olub?”

İyunun 3-4-də I və IV ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək

Dövlət İmtahan Mərkəzi iyunun 3-də IV ixtisas qrupu, iyunun 4-də isə I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək. Bu barədə  mərkəzdən məlumat verilib. İyunun 3-də I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə də imtahan keçiriləcək. Abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər. “İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub. Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: - İmtahana buraxılış vərəqəsi; - Şəxsiyyəti təsdiq edən sənədin əsli: a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; - Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Bütün müavinətlər bu tarixdə ÖDƏNİLƏCƏK

Mayın 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Sozcu.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Metronun bu stansiyalarında işıqlar söndü

Bir qədər əvvəl Bakı Metropoliteni QSC-nin "Avtovağzal" və "Xocəsən" stansiyalarında gərginlik düşməsi nəticəsində işıqlar müvəqqəti sönüb. Bu barədə Sozcu.az-a qurumdan bildirilib. Məlumata görə, problem qısa müddətdə aradan qaldırılıb. Sərnişinlərlə və qatarların hərəkəti bağlı hər hansı problem yaşanmayıb.

Vilyam Hacıyevin ailəsi müsadirə olunmuş 6 milyonluq əmlakı geri istəyir

İmişlinin həbsdə olan sabiq icra başçısı məhkum Vilyam Hacıyev və ailə üzvlərinin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub. Şikayətə Ali Məhkəmədə mayın 24-də baxılacaq. Kassasiya şikayəti hakim Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq. Məlumata görə, Vilyam Hacıyevin həyat yoldaşı Cülyetta İbrahimova və oğlu Məhəmməd Hacıyev müsadirə olunmuş əmlaklarının geri qaytarılmasını istəyirlər. Məhkum icra başçısının ailə üzvləri həmin əmlakların cinayət yolu ilə əldə olunmadığını iddia edirlər. Ali Məhkəməyə daxil olan şikayətdə Cülyetta İbrahimova 5 milyon 218 min manatlıq mənzilləri və 2 minik avtomobilinin, Məhəmməd Hacıyev isə 126 000 manatlıq "Land Rover" markalı avtomobilin müsadirədən azad olunmasını istəyirlər. Qeyd edək ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı həbs olunub. Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israfetmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvətalma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilinib. Vilyam Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, sabiq icra başçısının ailə üzvlərinin adına rəsmiləşdirilmiş 5 344 000 manatlıq əmlakı da dövlət nəfinə müsadirə olunub. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb.(oxu.az)

“Kupça”sız evlərdə yaşayanlara mühüm xəbər - “Portal olacaq və bu portal sayəsində...”

Azərbaycanda daşınmaz əmlakın sığortalanması üçün qurulan yeni elektron sistem yaxın gələcəkdə işə düşəcək. Artıq daşınmaz əmlakın icbari sığortası ilə bağlı vətəndaşlara xəbərdarlıq edilməyə başlanılıb. Bu məqsədlə mənzillərə bildirişlər göndərilir. Evini sığorta etdirməyən vətəndaşların isə cərimələnəcəyi bildirilir. Yeni elektron sistemin işə düşməsindən sonra sığortasız evlər avtomatik cərimələnəcək. Bəs çıxarışı olmayan mənzillərin aqibəti necə olacaq və ümumiyyətlə bu sahədə hər hansı işlər görülür? Sozcu.az xəbər verir ki, bu barədə əmlak məsələləri üzrə ekspert Elnur Azadov Referans.az-a açıqlamasında bildirib ki, Həmin evlər qeydiyyatda olmadığına görə, qanunsuz tikili hesab olunur və sığortalanması mümkün deyil: "Bilidiyimiz kimi hazırda sığortaya cəlb olunan yalnız çıxarışı olan mənzil və əmlaklardır. Əmlakın çıxarışı olmadığı halda təbii ki, bunun mülkiyyətinin kimin üzərində olduğu bilinmir. Bu məsələ də mübahisə predmeti olduğu üçün sığorta şirkətləri bu riskə girmək istəmir, özlərini bu məsələlərdən qoruyurlar. Buna görə də sığorta şirkətləri sadəcə çıxarışla təmin olunmuş əmlakların məsuliyyətini götürmək istəyir". Ekspertin sözlərinə görə, sığorta mövzusunun ciddi problem yaradacağı üçün artıq qanunsuz tikililərin bir portaldan qeydiyyatdan keçə biləcəyi bir layihə hazırlanır: "Əslində sığorta məsləsinin qaldırılması çıxarışı, yəni sənədi olmayan evlərə qarşı tədbirlərin artmasına yaxşı təsir etdi. Bu məsələ geniş müzakirə mövzusuna çevriləcəyinə görə, artıq Ədliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidmətinin birgə idea layihəsi hazırlanır. Bu, qanunsuz tikililərin bir portaldan qeydiyyatdan keçməsi və qanuna uyğunlaşdırılması ilə bağlı bir prosesdir. Artıq bu barədə tədbirlər görülməyə başlayıb. Layihə reallaşdırıldıqdan sonra 500 mindən çox müxtəlif təyinatlı yaşayış obyektləri və fərdi evlər bu yenilikdən yararlanacaq. Bundan sonra artıq qanunsuz tikililər sənədləşdiriləcək və onların sığortaya cəlb olunmasına başlanılacaq. Birgə proyekt yekunlaşdıqdan sonra bir portal olacaq və bu portal sayəsində bütün əmlakları qeydiyyatdan keçirmək mümkün olacaq. Bu da sığorta sektorunun inkişafına çox ciddi təkan verəcək. Bununla bağlı əslində 2019-cu ildə proses başlamışdı, lakin pandemiya məsələsinin aktuallaşması ilə proses dayandırıldı. Artıq yenidən bu sahədə ciddi tədbirlər görülməyə başlayıb. Portal hazırlandığıdan sonra yerli icra hakimiyyətlərinə bildiriləcək, onlar da sənədi olmayan evdə yaşayanlara məlumat verəcək. Prosesin bu ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur".